Amerika Suriyadan çıxırmı – kürdlər çətin durumda

Amerika Suriyadan çıxırmı – kürdlər çətin durumda














Vaşinqtonun addımı kürdləri çətin vəziyyətə salıb, Suriya kürdləri Dəməşq və Ankara arasında seçim etməli olacaq
ABŞ müdafiə naziri Ceyms Mettis Suriyadan ABŞ hərbçilərinin çıxarılmasına dair əmri imzalayıb. ABŞ ordusunun Suriyadan çıxarılması ilə bağlı qərarı prezident Donald Tramp ötən həftə, dekabrın 19-da elan edib. Qərara əsasən Suriyadakı mövcud 2 min nəfərlik ABŞ hərbi kontingenti və Dövlət Departamentinin işçiləri 60-100 gün ərzində mərhələli şəkildə Suriyanı tərk edəcək. Artıq Dövlət Departamentinin işçiləri Suriyadan çıxarılıb.

Ancaq Trampın bu qərarı Vaşinqtonda və dünyanın başqa yerlərində narazılıqla qarşılanıb. Nüfuzlu senatorlar, bir sıra media orqanları qərarı tənqid edərək ABŞ-ın Yaxın Şərqdəki nüfuzunun zəifləyəcəyi, bunun əvəzində İran, Rusiya kimi ölkələrin mövqelərinin güclənəcəyini bildiriblər. ABŞ prezident aparatının rəhbəri vəzifəsini icra edən Mik Mulvani bazar günü ABC televiziyasına bildirib ki, prezident Donald Tramp Suriyadan Amerika hərbi qüvvələrini çıxarmaqla bağlı fikrini dəyişmək niyyətində deyil.

Sitat: “Məncə, prezident elə lap əvvəldən bildirmişdi ki, o bizim Suriyada daimi qalmağımızı istəmir. Siz indi iki ildəki işin nəticəsini görürsünüz”.

Qeyd edək ki, Trampın Suriya qərarı komandada artıq iki istefaya səbəb olub. Əvvəlcə müdafiə naziri Cim Mattis istefaya gedəcəyini bəyan edib. Artıq müdafiə nazirinin istefasını prezident də qəbul edib. Daha sonra isə ABŞ prezidentinin İŞİD-ə qarşı mübarizə koalisiyasındakı xüsusi nümayəndəsi Brett MakGörk istefasını elan edib. Ancaq Trampın komandası bu istefalardan narahat deyil.

Bu arada Fransa prezidenti Emmanuel Makron bazar günü Trampın hərbi qüvvələrin Suriyadan çıxarılması qərarına görə “dərin təəssüf hissi” keçirdiyini bildirib. Məsələ ondadır ki, ABŞ və Fransa ordusu Suriyanın şimalında birgə fəaliyyət göstərir və fransızların Suriyanın şimalında 5 hərbi bazası var. İndi isə ABŞ ordusu, deyildiyi kimi, Suriyanı tərk etdikdən sonra Fransanın da seçimi qalmır. Fransızlar ehtimal ki, amerikalıların ardınca Suriyanı tərk etməyə məcbur olacaqlar. Çünki Fransanın Suriyada müstəqil fəaliyyət göstərəcək və mümkün hərbi müdaxilələrə cavab verəcək səviyyədə hərbi gücü yoxdur. Ancaq fransızlar Suriyanı tərk edərsə Parisin regiondakı nüfuzu xeyli zəifləyəcək. Məsələ ondadır ki, Suriya ötən əsrin əvvəlində 25 ildən çox müddətdə Fransanın mandatlıq ərazisi olub və bu regionda, xüsusən də Suriya və Livanda Fransanın ciddi təsiri olub. Ancaq Suriyada inqilab baş verdikdən sonra Paris açıq şəkildə Əsəd əleyhdarlarını dəstəkləyib və rəsmi Dəməşqə qarşı cəbhədə yer alıb. Fransanın Suriyada hazırda əsas təsir gücü kürdlərdir. Fransa Suriyanın şimalını tərk edərsə, bu təsirini də itirəcək. Bu səbəbdən də Makron ABŞ ordusunun çıxmasından amerikalı siyasətçilərdən daha çox narahatdır.

Tramp isə qərarından məmnundur. ABŞ prezidenti deyib ki, ABŞ Yaxın Şərqdə polis olmaq istəmir. O əlavə edib ki, ABŞ-ın Suriyadakı mövcudluğu dəyərli həyatlar və trilyonlarla dollar itkisindən başqa bir şey deyil. Prezident Rusiya, İran və Suriyanın İŞİD-in yerli düşmənləri adlandıraraq, onların işini ABŞ-ın gördüyünü qeyd edib.

Yeri gəlmişkən, ötən həftə sonu ABŞ və Türkiyə prezidentləri arasında medianın yazdığına görə “uzun uzadı” telefon danışığı olub. Tramp twitterdə yazıb ki, Ərdoğanla Suriyadakı ortaq maraqları, eləcə də Amerika əsgərlərinin bölgədən çıxarılması mövzusunu müzakirə edib. Tramp yazıb ki, Türkiyə prezidenti Ərdoğan ona Suriyada qalan İŞİD qalıqlarının Türkiyə tərəfindən yox ediləcəyini söz verib. Sitat: “O, bunu edə biləcək biri. Üstəlik, Suriyanın qapı qonşusu. Hərbçilərimiz evlərinə qayıdır”.



Bununla belə, Vaşinqtonda və dünyanın başqa ölkələrində Trampın məlum Suriya qərarı kürdlərin köməksiz buraxılması kimi qiymətləndirilib. Kürd silahlıları da ABŞ prezidentinin qərarını uğursuzluq kimi qiymətləndiriblər.

Ancaq ABŞ ordusu Suriyadan çıxmasına baxmayaraq hələ də Suriyanın şimalında, o cümlədən Menbic rayonunda patrul fəaliyyətini davam etdirir. Bu barədə Rusiyanın “Sputnik” agentliyinə yerli əhalidən olan şahidlər məlumat verib. Şahidlər bildirib ki, ABŞ ordusu patrulları Suriyanın şimalında hazırda Azad Suriya Ordusu qüvvələrinin nəzarətində olan Əl-Aun bölgəsindən gəldiyi və kürdlərin də daxil olduğu Suriya Demokratik Qüvvələri adlı koalisiyanın döyüşçüləri ilə birlikdə patrul həyata keçiriblər. Yayılan videoda amerikalı hərbçilərin Menbicin Cisr əs-Sarb küçəsi ilə hərəkət etdiyi görünür.

Türkiyə hökuməti isə ötən həftə Menbic əməliyyatının dayandırıldığını bəyan etsə də, Qərb mediası Türkiyə silahlı qüvvələrinin Menbic yaxınlığına qüvvə göndərdiyini yazıb. Əlbəttə, indi Vaşinqton anlaşmasının necə işləyəcəyi maraq doğurur. Tramp-Ərdoğan danışıqlarından belə anlaşılır ki, Tramp Menbici Türkiyəyə təslim etməkdə qərarlıdır. Ancaq bütövlükdə kürdlərin taleyi ABŞ ordusu çıxdıqdan sonra müəyyən olunacaq. Kürdlər ya Türkiyə ilə anlaşmalı, ya da Suriya hökumət qüvvələrini, yəni Bəşər Əsədin hakimiyyətini qəbul etməli olacaq. Birinci variant, yəni kürdlərin Türkiyə ilə anlaşması daha az ehtimaldır, çünki Ankara PYD və onun hərbi qanadı YPG-ni terrorçu elan edib. Bu mənada kürdlərin daha çox Bəşər Əsədlə anlaşmağa çalışacağı ehtimal oluna bilər. Ancaq bu halda böyük ehtimalla kürdlər muxtariyyət arzularından əl çəkməli olacaq. 3-cü variant isə Vaşinqtonun təklif edəcəyi hansısa variant ola bilər. Ancaq istənilən halda hazırkı situasiyada kürd siyasətçiləri Türkiyə və Suriya hakimiyyəti arasında seçim etməli olacaqlar. Təbii ki, bu zaman Rusiyanın da mövqeyi təsirli olacaq.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər