Tramp komandasındakı “yarpaq tökümü”nün ilginc səbəbləri

Tramp komandasındakı “yarpaq tökümü”nün ilginc səbəbləri














“Ağ Ev sahibi komandasının üzvlərini əlcək kimi dəyişir”

Amerika prezidenti Donald Tramp vəzifəyə gələn gündən etibarən onun komandasında istefalar dalğası baş verir. Son olaraq Donald Trampın strateji məsələlər üzrə müşaviri Stiven Bennona da Trampın komandasından ayrılıb.


“Yeni Müsavat” strateq.az-a istinadən qısa müddət ərzində Trampı kimlərin tərk etdiyinin siyahısını təqdim edir. Öncə başlayaq Trampın seçki qərargahının rəhbəri Pol Manafortdan. Pol Manafort bir vaxtlar müşaviri olduğu keçmiş Ukrayna prezidenti Viktor Yanukoviçdən rüşvət almaqda ittiham etdilər.


Ukrayna Milli Antikorrupsiya Bürosu üzə çıxarmışdı ki, Manafortun hesabına 12,7 milyon dollar pul köçürülüb. Manafort özü isə ittihamları rədd etmişdi.


Bu ilin fevral ayının 14-də milli təhlükəsizlik məsələləri üzrə müşavir Maykl Flin vəzifədən getdi. Flinin vəzifədən getməyini Tramp özü istəmişdi. Buna müşavirin Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla danışıqlar aparması və bu barədə rəhbərliyi məlumatlandırmaması səbəb olmuşdu.


Flin rus səfirlə danışıqları barədə tam məlumat vermədiyi üçün Trampdan və vitse-prezident Mayk Pensdən üzr istəsə də, postunda qala bilmədi. O, Tramp prezident olandan sonra komandadan gedən ilk məmur oldu.


Bu il mayın 10-da Tramp Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Ceyms Komini istefaya göndərdi. Kominin vəzifədən çıxarılması ötən il ölkədə prezident seçkiləri ərəfəsində Trampın seçkiqabağı kampaniyası üzrə köməkçiləri ilə rusiyalı rəsmi şəxslər arasında əlaqələri araşdırmaq üçün FTB tərəfindən aparılan təhqiqat fonunda baş verdi.


Komi bu vəzifəyə 2013-cü ildə prezident Barak Obama tərəfindən 10 il müddətinə təyin edilmişdi. Onun vəzifədən çıxarılmasının dəqiq səbəbi açıqlanmasa da, Tramp bildirdi ki, Federal Təhqiqatlar Bürosuna inamı bərpa etmək üçün yeni lider lazımdır.


Mayın 30-da daha bir istefa xəbəri yayıldı. Bu dəfə postundan uzaqlaşdırılan Ağ Ev Aparatının kommunikasiya direktoru Mayk Dubke oldu. Dubke istefa ərizəsini hələ mayın 18-də təqdim etmişdi.
“Politico”nun yazdığına görə, Dubke də postunu Rusiya ilə şübhəli əlaqələrinə görə itirib. Hazırda Ağ Evdə Dubkeni Sara Sanders əvəz edir.


İyunun 6-a ABŞ-ın Çindəki müvəqqəti işlər vəkili Devid Renk istefa verdi. Renk bu qərarını Trampın iqlim sazişindən çıxması ilə əlaqələndirdi.


İyulun 22-də Ağ Evin sözçüsü Şon Spayser istefa verdi. “The New York Times” qəzeti yazdı ki, istefaya səbəb Donald Trampın maliyyətçi Entoni Skamaruççini Ağ Evin kommunikasiya üzrə direktoru vəzifəsinə təyin etməsi olub. Spayser bildirmişdi ki, Tramp bu qərarı ilə ciddi səhvə yol verir.


Və nəhayət, bir neçə gün əvvəl Donald Trampın qanunvericiliyin tənzimlənməsi üzrə xüsusi müşaviri Karl Aykin də istefa verdi. Aykin bildirdi ki, istefa verməyinə səbəb vəzifəsi ilə bağlı yaranan partiyadaxili mübahisələrdir.


Ağ Evdən qaçış bununla başa çatmadı. Şarlotvillada irqçilərlə bağlı son olaylardan sonra Ağ Evin nəzdindəki Sənaye Şurasını bir neçə nüfuzlu və nəhəng şirkət də tərk etdi. Postlarını təhvil verənlər arasında “Intel” şirkətinin baş direktoru Brayan Krjaniç, əczaçılıq şirkəti “Merck & Co”nun rəhbəri Kennet Frezier və “Under Armour Inc.” idman geyimləri və aksesuarları şirkətinin rəhbəri Kevin Plank da vardı.


Ekspertlər iddia edirlər ki, daha öncəki prezident Barak Obamanın dönəmində ümumən bu qədər məmur istefa verməmişdi.


Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bu mənzərənin səbəbləri barədə danışdı. Müsahibimiz öncə xatırlatdı ki, Amerikanın uzaq və yaxın siyasi tarixini pis bilmir və son 100 ildə bu ölkənin dövlət başçılarının siyasi karyeralarına az-çox bələddir. O, bu biliklərindən çıxış edərək, prezident Donald Trampın sözün həqiqi mənasında fenomen olduğu qənaətinə gəldiyini vurğuladı: “Amerikanın ikinci belə prezidentini xatırlamıram. Trampla heç kim işləmək istəmir, Ağ Ev sahibi komandasının üzvlərini əlcək kimi dəyişir. Onsuz da Ağ Evdə peşəkar qıtlığı var idi, olanlar da ya şefləri ilə yola getmirlər, ya da öz aralarında didişir, mətbuat səhifələrində bir-birilərinə atmaca atırlar. Trampın səhvləri də çoxdur. Məsələn, Amerikanın şəhərlərinin birində ağ rasistlərlə antifaşistlər arasında toqquşma oldu, bir nəfər həlak oldu. Tramp irqi millətçiliyi tənqid etmək əvəzinə hər iki qüvvə arasında faktiki bərabərlik işarəsi qoydu. Onun sosial şəbəkədə yazdığı bir neçə cümlə iş adamlarının ondan uzaqlaşmasına səbəb oldu. Tramp məcbur qalıb Ağ Ev yanında iqtisadi şuranı buraxdı”.


E.Şahinoğlu Trampın yol verdiyi daha bir yanlışa da toxundu. Dedi ki, Rusiya amerikalı diplomatları deport qərarı verdikdən sonra Tramp sosial şəbəkədə Putinə minnətdarlıq məktubu yazıb. Həmin məktubda Amerika prezidenti “yaxşı ki, onları siz çıxartdınız, yoxsa büdcəyə qənaət məqsədilə mən onları işdən çıxarmaq məcburiyyətində qalacaqdım” yazmışdı: “Bu bir cümlə ilə Tramp yüzlərlə amerikalı diplomatı və konqresmeni özünə qarşı çevirdi. Ümumiyyətlə, çox açıqlama vermək, dəqiqədə sosial şəbəkədə fikir bildirmək Trampa baha başa gəlir. Siyasi naşılıq özünü göstərir. Vəziyyət dəyişməsə, Tramp prezidentliyinin 4 ilini çox çətinliklə başa çatdıracaq, əgər başa çatdıracaqsa... Üzvü olduğu Respublikaçılar Partiyası da ondan üz döndərməyə yaxındır. Trampı dünyanın hansısa nöqtəsində yalnız uğurlu hərbi kampaniya xilas edə bilər. Ancaq Amerikanın son illər hansı hərbi kampaniyası uğurlu olub ki? İraqda və Liviyada diktatorları devirsələr də, bu ölkələr terrorizmin və məzhəb savaşlarının yuvalarına çevrildi, Əfqanıstana daxil oldular ki, ”Taliban"ı zərərsizləşdirsinlər, təşkilat bu günə qədər ölkənin əksər hissəsinə nəzarət edir".
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər