ABŞ-ı Naxçıvan sərhədinə gətirən ilginc səbəblər - Bakı ilə Moskvaya mesaj...

ABŞ-ı Naxçıvan sərhədinə gətirən ilginc səbəblər - Bakı ilə Moskvaya mesaj...


Ermənistanın Arazdəyəndə inşa etdiyi ekoloji cəhətdən zərərli metallurgiya zavodunda ABŞ və Ermənistan bayraqlarını birgə qaldırılması bəzi iddialara səbəb olub.

“Yeni Müsavat” bildirir ki, İrəvan bununla Rusiyadan incikliyini bir daha bəyan edərək, özünə daha etibarlı müttəfiq tapmasının mesajını vermiş olur. Ermənilər düşünürlər ki, Kərki də daxil, Azərbaycan kəndlərinin təhvil verilməsi ilə bağlı öhdəlikdən ABŞ bayrağı ilə yayına bilərlər.

Özünü ədalət çarçısı kimi təqdim edən ABŞ-ın hələ sərhədlər müəyyənləşməmiş gəlib Naxçıvanda şübhəli zavod tikintisinə başlaması özü də ciddi suallar doğurur. Belə qənaətə gəlmək olar ki, Ermənistanın Zəngəzur dəhlizindən keçəcək dəmir yolu xəttinin bir hissəsinin məhz düşdüyü Arazdəyəndə belə bir zavodu inşa etməsi Azərbaycanla gərginliyə başqa dövlətləri də qatmaq məqsədi daşıyır.

Zavodun tikintisində hindlilərin çalışdırılmasından tutmuş, bu zavodun investorlarının ABŞ-dan olması və həmin ərazidə Amerika bayrağının qaldırılmasına kimi bütün bu detallar ondan xəbər verir. Ekspertlərə görə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətnindəki detallar razılaşdırma mərhələsinə yaxınlaşdıqca kənar aktorların geosiyasi ambisiyaları da artmaqdadır. Nəzərə alsaq ki, rəsmi İrəvan son açıqlamalarında açıq şəkildə Overçukun Zəngəzur dəhlizi ilə bağlı Bakı və İrəvan arasında əldə edilən müsbət irəliləyişləri təkzib etməklə məşğuldur. O deməkdir ki, Arazdəyəndə ABŞ bayrağı qaldıran Ermənistan bu məsələdə Kremlə də növbəti mesajını göndərmiş olur. Moskva İrəvanın bu “acıqvermə” hərəkətlərini izləyir və hələ ki sərt reaksiya vermir. Amerika ilə Rusiya arasında yaxın illərdə heç bir mülayimləşmə gözlənilmir, əksinə, gərginlik pik həddə arta bilər. İrəvan yaxşı bilir ki, indiki məqamda Ermənistan sərhədində Amerika bayrağı qaldırmasını Rusiya, sadəcə, bir zavod tikintisi kimi qəbullanmayacaq.

Rusiya dəhliz üzrə nəzarət mexanizmi yaratmaqda, nəqliyyat-kommunikasiya yolu boyunca öz qoşun birləşmələrini yerləşdirməkdə maraqlı tərəf kimi görünsə də Ermənistan ABŞ-ın maraqları çərçivəsində hərəkət etməyi daha məqsədəuyğun hesab edir. Təsadüfi deyil ki, ötən həftə Rusiyanın dövlət agentliyi Birləşmiş Ştatların Qarabağın erməni nümayəndələrini Azərbaycanla görüşməyə məcbur etdiyini, imtina etdikdə antiterror əməliyyatı ilə hədələdiyini yazmışdı. Rusiya Xarici İşlər Nazirliyi isə bəyan edib ki, ABŞ-ın Bakı və Xankəndi arasındakı dialoqda “hədə-qorxu” tonunda vasitəçilik xidmətləri ilə bağlı məlumatlardan narahatdır, bu, amerikalı vasitəçilərin “adekvatlığına dair suallar yaradır”.

“Vaşinqtonda Qərbi Zəngəzur bölgəsində Amerika bayrağının dalğalanmasına iki yanaşma ola bilər. Birinci yanaşma Amerika bayrağının Rusiyanın Ermənistandakı hərbi bazasına və İranla sərhədə yaxın ərazidə dalğalanmasına müsbətdir, düşünürlər ki, bununla həm Ermənistanı Rusiya və İranın təsirindən uzaqlaşdırırlar, həm də Moskva və Tehrana Amerikanın bölgədə varlığını nümayiş etdirirlər”, - deyə politoloq Elxan Şahinoğlu bildirib. İkinci yanaşma isə Amerika bayrağının təhlükəli zonada dalğalanmasının ümumi işə faydası olmadığı və Azərbaycan-ABŞ münasibətlərinə mənfi təsir edə biləcəyindən ibarətdir: “ABŞ bayrağının Qərbi Zəngəzurda dalğalanması Rusiyanın və İranın maraqlarına zidd olmalıdır, hər ikisi həssas ərazidə bayraq vasitəsilə Amerikanın varlığına mənfi yanaşmalıdırlar, ancaq nə hikmətdirsə hələ ki Moskva və Tehrandan reaksiya yoxdur. O ki qaldı Azərbaycana, Ermənistan BMT-yə üzv olan bütün ölkələrin bayraqlarını Qərbi Zəngəzurda dağlandırsa belə, bu onun problemlərini həll etməyəcək. Bunu elə Amerika bayrağını həmin ərazidə qaldıran şirkətin erməni təmsilçisi də bu sözlərlə etiraf edib: "İnanmıram ki, Amerika bayrağı Azərbaycanı dayandırsın".

Mütəxəssislər necə qiymətləndirirlər, Qərbi Zəngəzurda Amerika bayrağı Rusiyaya gözdağı, Bakıya isə Kərki və 7 kəndi geri almaq üçün əngəl olmaq məqsədi daşıyırmı? Bu sualı cavablandıran politoloq Tofiq Abbasov “Yeni Müsavat”a açıqlamasında Amerika bayrağını hara baxsaq görmək mümkün olduğunu qeyd etdi. Onun sözlərinə görə, bu detal Ermənistanın ABŞ-a yaxşı münasibəti olduğunu göstərmək üçündür. T.Abbasov hesab edir ki, bizim üçün bu məsələdə əsas narahatedici faktor zavodun ekoloji baxımdan təhlükə saçmasıdır: “Bir tərəfdən Arazın suyunu zəhərləyəcəklər, bir yandan suyun azalmasına səbəb olacaqlar. ABŞ bu proseslərdən xəbərdardır. Bilirlər ki, ekoloji cəhətdən bu layihə təhlükəlidir. Amma əsas odur ki, ABŞ-ın öz hüdudlarından uzaqdadır. Onlar həmişə üçüncü qüvvələri özündən kənarda vuruşdurur və sonda bayrağını ucaldır. Vaşinqton baxmayaraq ki, Bakı ilə iqtisadi əlaqələri genişləndirir, amma bu gün ikili yanaşma ortaya qoyur. Ermənistanla bu əlaqələri ola bilər, amma bizi maraqlandıran ekoloji zərəri olmasıdır”.

Ekspert razılaşır ki, burada digər niyyət Rusiya və İrana gözdağı verilməsidir: “Lavrov dedi ki, Avropa Birliyi və ABŞ Rusiyanı Cənubi Qafqazdan çıxarmaq üçün birləşiblər. Sadəcə, əgər Rusiya narahatdırsa, niyə ikibaşlı oynayır? Bir tərəfdən Azərbaycanla müttəfiqlikdən danışır, gah Qarabağ erməniləri üçün statusu gələcək nəsillərə saxlayır, gah da Vardanyan kimi Xankəndinə aidiyyəti olmayan birini göndərib. Hazırda bu adam qondarma qurumun sabiq "dövlət naziri" kimi açıqlamalar verir. Yəni Amerika, İran, Rusiya və Avropa Birliyi ikibaşlı oyun oynayırlar. Biz bu detalları diqqətlə izləyirik, Azərbaycan dövləti prinsipial mövqeyini bildirməlidir. Necə ki Vaşinqton görüşündən imtina edildi. Çünki Avropa Birliyinin ATƏT-dəki nümayəndəsi ağzına gələni danışmışdı. Biz də imtina etdik ki, sizin saxta moderatorluğunuz lazım deyil. Amma gərək Rusiya da vasitəçilik fəaliyyətini durultsun, şəffaflaşdırsın, olduqca bulanıq siyasət aparır. Kəsəsi, bəzi məqamlarda daha sərt olmalıyıq. Elə bilməsinlər ki, bu güclərin ikibaşlı oyunlarını görmürük".

Siyasi şərhçi Asif Nərimanlının fikrincə, İrəvanda hesab edirlər ki, zavodda ABŞ bayrağı asılarsa, “Azərbaycan atəş açmaqdan çəkinəcək”. Onun sözlərinə görə, bununla bağlı ABŞ-ın Ermənistandakı səfirliyi ilə müzakirələr aparılıb, razılıq əldə olunub: “Əvvəl də qeyd etmişdik - Ermənistan ABŞ-dan olan investisiya ilə metallurgiya zavodunu Arazdəyəndə inşa etməklə Kərki kəndinin hərbi yolla azad edilməsi perspektivi önündə ”qalxan" qazanmağı planlaşdırır. ABŞ bayrağını zavoda gətirmək istəkləri bu niyyətlərinin isbatı hesab edilə bilər. Lakin Bakıda bu ərazilərin azad olunması qərarı veriləcəksə, bunu ABŞ bayrağı, yaxud investisiyası dayandıra bilməz".

Siyasi təhlilçi Yeganə Hacıyevanın sözlərinə görə, bu, Ermənistanın ABŞ-ı regionda müharibəyə cəlb etmək cəhdidir: “Digər bir məqam həmin şirkətlərin həqiqətən ABŞ şirkətləri olub-olmadığını dəqiqləşdirməkdir. Çünki həmin şirkətlər ABŞ vətəndaşı olan etnik ermənilərin də ola bilər və ya hər hansı ofşor şirkət ola bilər. Bu, ümumilikdə heç nəyi dəyişmir, amma bu çox ermənicə, hiyləgər cəhddir. Məsələnin bir tərəfi də Ermənistanın məhz münaqişəni genişləndirmək və yeni tərəfdaşlar axtarmaq istiqamətində primitiv səylərindən biridir”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər