Müasir tələblər səviyyəsində yenidən qurulan Tovuz Peşə Liseyi uğurla fəaliyyət göstərir

Müasir tələblər səviyyəsində yenidən qurulan Tovuz Peşə Liseyi uğurla fəaliyyət göstərir












Bir ildi liseyə direktor təyin olunan aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Tanrıverdi Tanrıverdiyev işə başladığı ilk gündən tədris müəssisəsində abadlıq- quruculuq işləri geniş vüsət alıb. Liseyin su təminatı ilə bağlı problem aradan qaldırılıb. Bufet və yeməkxana binası yenidən qurulub. Yeni sanitar qovşağı istifadəyə verilib. Liseyin ərazisi hasarlanıb. Sadalanan bu işlərin görülməsində liseyin qaynaqçı və dülgər qruplarında oxuyan şagirdləri də yaxından iştirak ediblər ki, bu da onların seçdikləri peşələrə daha dərindən yiyələnmələrinə öz müsbət təsirini göstərib.

T. Tanrıverdiyev bizimlə söhbətində bildirdi ki, rayonda aqrar sahə üzrə kadrlara olan tələbat ilbəil artır. Tovuzda bu peşə liseyinin fəaliyyətinə mühüm önəm verilməsi də məhz bununla bağlıdır. Ona görə də burada pedaqoji kollektiv üçün lazımi tədris şəraitinin yaradılması, dərslərin yüksək səviyyədə tədris olunması, nəzəriyyə ilə yanaşı, praktikanın da dərindən öyrədilməsi, bir sözlə, mütəxəssis hazırlığına ciddi diqqət yetirilməsi mühüm önəm daşıyır. Yeri gəlmişkən, liseydə təhsil alan gənclər aqrar sahə üzrə kadrlara olan tələbatı ödəməklə yanaşı, həm də gələcəkdə öz ixtisaslarına uyğun olaraq ali məktəblərdə təhsillərini davam etdirməyi düşünürlər.

Direktor söhbət əsnasında onu da xatırlatdı ki, liseydə 2017-2018-ci tədris ili üçün şagird qəbulu Təhsil Nazirliyinin təsdiq etdiyi müvafiq qaydalara uyğun olaraq, müsabiqə yolu ilə aparılıb.

Liseyin direktoru Tanrıverdi Tanrıverdiyev daha sonra dedi: - İyirmi birinci əsr texnologiya əsridir. Texniki yeniliklər olmadan hər hansı bir sahənin inkişafını təsəvvür etmək mümkün deyil. Bu da özlüyündə texniki sahələr üzrə ixtisaslı kadrların hazırlanmasını zərurətə çevirir. Təcrübə göstərir ki, texniki təhsil bütövlükdə təhsil sisteminin aparıcı istiqaməti olmaqla yanaşı, həm də iqtisadi inkişafın reallaşmasında mühüm əhəmiyyətə malikdir. Bu gün Tovuzun sosial-iqtisadi inkişafı və bunun nəticəsi olaraq açılan yeni iş yerləri ixtisaslı kadrlara olan tələbatı artırıb. Elə buna görə də hazırda sözügedən liseyin qarşısında mühüm vəzifələr durur. Həmin vəzifələrə əsasən, pedaqoji kollektiv texniki təhsilin məzmununu müasir tələblər baxımından yeniləşdirmək, ixtisaslaşmanı uğurla reallaşdırmaq, kadr hazırlığını əmək bazarının tələblərinə uyğun qurmaq üçün bütün imkanlardan lazımi səviyyədə yararlanır.

Tovuz Peşə Liseyi 1996-cı ildə lisey statusu alıb. Bu təhsil müəssisəsində indiyədək aqrar sahə üçün minlərlə gənc fəhlə kadrı hazırlanıb.

Hazırda liseydə 8 ixtisas üzrə 235 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 52 mühəndis və müəllim məşğul olur. Pedaqoji kollektiv şagirdlərə bilik, peşə və bacarıqlar aşılamaqla yanaşı, onların hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasını da diqqət mərkəzində saxlayır.

Onu da qeyd edim ki, ehtiyatda olan kapitan Nizami Cəfərovun gərgin əməyi hesabına liseydə estetik cəhətdən yüksək səviyyədə tərtib edilən, əyani vasitələrlə təchiz olunan hərbi kabinet fəaliyyət göstərir. Yeri gəlmişkən, liseyin rəhbərliyi vaxtaşırı şagirdlərin rayondakı “N” saylı hərbi hissəyə ekskursiyalarını, burada zabitlərlə görüşlərini təşkil edir ki, bu da onlarda Azərbaycana, Orduya məhəbbət hissini daha da gücləndirir.

Liseyin direktoru Tanrıverdi Tanrıverdiyev söhbətinin sonunda dedi ki, təhsilə qayğı ölkənin gələcəyinə qayğıdır. Ona görə də bu gün respublikaməzda gələcəyimiz olan gənc nəslin yetişdirilməsinə böyük qayğı göstərilir, təhsil sistemi tamamilə müasirləşdirilir. Tovuz Peşə Liseyi üçün yaradılan şərait də təhsilə qayğının daha bir ifadəsidir. Belə diqqət isə pedaqoji kollektivi gənclərin yaxşı təhsil almaları və mütəxəssis kimi yetişmələri üçün səylə çalışmağa sövq edir.


Müasir tələblər səviyyəsində yenidən qurulan Tovuz Peşə Liseyi uğurla fəaliyyət göstərirБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər