Azərbaycanda minlərlə ailə cərimə ödəməli olacaq - Budəfəki səbəb

Azərbaycanda minlərlə ailə cərimə ödəməli olacaq - Budəfəki səbəb

















Milli Məclisdə “Telekommunikasiya haqqında” Qanuna əlavə və dəyişikliklər təklif edilib

Belə ki, yeni dəyişikliyə görə, SİM kartların başqa şəxslərə daimi istifadə, habelə mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədilə kirayəyə verilməsinə qadağa qoyulacaq.

Məsələ ilə bağlı Azərbaycan İnternet Formumun prezidenti Osman Gündüz Cebhe.info-ya açıqlamasında bildirib ki, bu dəyişikliklər müəyyən problemlər yaradacaq:

“SİM kartın daimi istifadə üçün başqasına verilməsi qadağan olunacaq. Bu, ciddi məsələdir. Amma Milli Məclis yenə də maraqlı tərəflərin iştirakı ilə heç bir ictimai müzakirə təşkil etmir. Artıq adi hala çevrilib ki, ciddi ictimai əhəmiyyət kəsb edən, vətəndaşların hüquq və azadlıqları ilə əlaqəli məsələlər bir anda dəyişikliyə məruz qalır. Düşünürəm ki, bu dəyişiklik də müəyyən problemlər yaradacaq”.

Osman Gündüz bu dəyişikliklərin xeyli ailə üçün problem yaradacağını qeyd edib. “Gizli deyil ki, əksər ailələrdə uşaqlarda, ailənin hansısa üzvündə olan mobil telefon nömrələri, həmçinin də yaşlı sakinlərin əksərinin nömrələri ailənin başqa bir üzvünün və ya tamamilə başqa bir şəxsin adına sənədləşdirilib. Yəni, valideyn uşağına telefon alanda təbii ki, nömrəni- SİM kartı öz adına sənədləşdirib. İndi sual olunur ki, bu qanun qəbul olunandan sonra valideynlər məsuliyyətmi cəlb olunmalıdır? Təbii ki, əgər qanun bunu qadağan edəcəksə, onda yeni cərimələr də müəyyən olunacaq. Belə çıxır ki, əksəriyyət ailələr yeni cərimələr ödəməyə hazırlaşmalıdır”.

Ekspertin sözlərinə görə, bir müddət bundan öncə nömrə satışı ilə bağlı hökumətin yeni qaydaları müəyyən olunub. Həmin qaydalarda nömrə alanla bağlı məlumatların elektron bazaya daxil edilməsindən və e-Gov Portalına inteqrasiyasından söhbət gedirdi. Ekspert qeyd edib ki, təklif olunan dəyişikliklərlə hökumət bunu daha da sərtləşdirmək xətti götürüb: "Əlbəttə, SİM kartların əldə edilməsinin bəlli bir mexanizminin olması, bəlli yerlərdə satılması cəmiyyətin təhlükəsizliyi və cinayətlərin qarşısnın alınması, həmçinin də konkret abonentə bağlanan nömrə ilə müxtəlif xidmətlərin daha effektiv formada əldə edilməsi baxımından anlaşılandır. Digər tərəfdən isə sirr deyil ki, cinayət, terror etmək istəyən elə internetin imkanlarından da istifadə edərək bunu reallaşdıra biləcəksə və ya hansısa cərimələrlə bu tip addımların qarşısını almaq mümkün deyilsə, onda bu dəyişikliklərin o qədər də effektiv olacağı şübhə doğurur”.

Osman Gündüz hesab edir ki, mobil nömrənin deyil, mobil avadanlığın İMEİ nömrəsinin qeydiyyatı ilə bağlı mövcud sistemdən istifadə edilməsi və abonentin identikləşdirməsinin də mobil operatorlar vasitəsilə gerçəkləşdirilməsi daha effektiv olardı. O.Gündüzün sözlərinə görə, avadanlıqlara qoyulan qadağalarla bu məsələni nəzarətdə saxlamaq olar: “İMEİ məsələləri var, yəni nömrə deyil, avadanlıqlara qoyulan qadağaya nəzarət etməklə müəyyən nəticələrə nail olmaq olar. Çünki hansısa bir istifadəçinin tanınması lazım olarsa, hüquq-mühafizə orqanları bu məsələni mobil operatorların özü ilə həll edə bilər. Bu cür addımın atılması əlavə xərclər tələb edəcək”.

O.Gündüz hesab edir ki, bu dəyişikliklərə müvafiq olaraq nömrələrin alış-satışı ilə əlaqədar yəqin ki, mobil operatorlara müəyyən göstərişlər veriləcək: “Bu gündən sonra nömrələrin sənədləşməsi üçün daha sərt mexanizm yaradılacaq. O ki qaldı öncəki illərdə alınan nömrələrə nəzarət mexanizmi, bu, kifayət qədər çətin məsələdir. Qanun qəbul olunduqdan sonra yəqin ki, onun icrası ilə bağlı da hansısa proseslər nizamlanacaq”. Ekspertin fikrincə, yeni dəyişikliklər kifayət qədər ciddi problemlərə yol açacaq: “Bu dəyişklik anlaşılmazdır. Sadəcə olaraq bir müddəa əlavə ediblər ki, cəmiyyət bu məsələni diqqətdə saxlasın, ictimai nəzarət olsun. İndiyədək şəxs aldığı nömrəni ailə üzvlərindən başqa birisinə verə bilirdi. Təbii ki istisna deyil ki cinayət məqsədi ilə SİM nömrələrdən istifadə edənlər var. Lakin bu prosesin qarşısını almaq üçün irəli sürülən təşəbbüsləri effektiv hesab etmirəm”.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər