RƏŞAD DAĞLI, YOXSA JAN-BATİST QRENUY?

RƏŞAD DAĞLI, YOXSA JAN-BATİST QRENUY?


Meyxanaçı Rəşad Dağlının törətdiyi qətl hadisəsi Azərbaycan cəmiyyətinin dilindən düşmür, nə az, nə çox, düz noyabrın 9-dan gündəmi zəbt edib. Ümumiyyətlə, Rəşaddan iradəli, mənən güclü, əyilməz, saf qəhrəman obrazı yaratmaqla ondan örnək götürüləsi məqamlar varmı, yoxmu, bilmirəm, çünki bu məsələdə hamı şübhəlidir.
Fəlsəfənin əbədi mövzusu olan “Həqiqət nədir?” sualına qısa cavab verəcəm. Məncə, həqiqət istinad edə biləcəyin, arxasında gizlənməsi mümkün olan bütün anlayışların toplusudur. Amma həmişə hökmü kim verəcək məsələsi problemli olaraq qalacaqdır.   
Yaxşı, indi Rəşadla bağlı bu məsələdə bir tərəfdə qanunlar toplusu, digər tərəfdə isə cəmiyyətin rəyi qarşı-qarşıya dayanıb. Sözsüz, hər iki halda qanun öz işini ya yüngülləşdirib, ya da ağırlaşdırıb görəcəkdir, çax-çax baş ağrıdar.
 Sokrat deyirdi ki, möcüzə filosofun hissiyyatıdır və fəlsəfə heyrətdən  başlayır. Birdən-birə cəmiyyətin əksər hissəsinin Rəşad Dağlını müdafiə eləməsi, əlbəttə, bir çoxları üçün hissiyyat, emosiyadırsa, bir çoxları üçün də möcüzədir, demək, daha çox fəlsəfədir.
Yəqin ki çoxları alman yazıçısı Patrik Züskindin "Parfümer" romanını oxuyub. Mən Rəşad Dağlını həmin romanın baş qəhrəmanı Jan-Batist Qrenuyun prototipi hesab eləyirəm, bunda da təəccüblü nəsə yoxdur. 
 Qrenuy maniakal obrazıdır. O, Qras şəhərinin 25 ən gözəl, yeniyetmə, bakirə qızını öldürüb bədənlərindəki xüsusi qoxunu alaraq ətir düzəldir. Sonuncu qız Lauranı öldürüb ətrini hazırlayıb tamamladığı gün tutularaq edam hökmünə məruz qalır. Amma yaratdığı həmin qoxunun sayəsində edamdan möcüzəvi formada xilas olur. Qoxunun təsirindən edama tamaşaya gəlmiş on minlərlə kütlədə qatil Qrenuyə dəli uşaq sevgisi yaranır, onların ağlı, qəlbi əriyir. Hətta cəlladları belə diz üstdə çökür, qatili mələk donunda görür, zənginlər, hakimiyyət sahibləri, təkəbbürlü xanımlar və cənablar heyranlıqlarını gizlətmir, o xilas olur.
Məhz Rəşad Dağlı da Qrenuy kimi sözdən özünə "ətir" yaradıb və həmin "söz ətiri"nin cazibəsinə, sehrinə saldığı cəmiyyət də uşaq sevgisi ilə onu müdafiə eləyir, ümumiyyətlə, Rəşad Dağlını qatil və ya cinayətkar kimi qəbul etməyi ağıllarına sığışdıra bilmirlər.
İndi məsələnin həlli maraq doğurur. Belə ki, “Parfümer”in baş qəhrəmanı Qrenuyun cinayətini bir ətriyyatçı ustası Dominik Drüonun boynuna qoyub işi də bağlayaraq arxivə verirlər. Amma Rəşad Dağlının cinayətini isə hələ ki cəmiyyət kiminsə boynuna qoya bilmir…   

Elmar VÜQARLI

AYB-nin üzvü
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər