Nurlana Əliyeva: Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanat qınandı

Nurlana Əliyeva: Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanat qınandı



ABŞ Prezidenti Co Baydenin aprelin 24-də “erməni soyqırımı” kəlməsini dilə gətirməklə yol verdiyi tarixi səhv Türkiyədə də, Azərbaycanda da böyük narazılıqlar yaradıb. Bu narazılığa səbəb guya demokratiyanın beşiyi adlanan, özünü bütün dünyada haqq-ədalətin mühafizi qismində təqdim etmək istəyən bir dövlətin rəhbəri səviyyəsində nümayiş etdirilən haqsızlıq, ikili standartlardır.

ABŞ-ın demokratiya, insan haqları kimi dəyərlərə hansı səviyyədə sadiqliyi Baydenin bu məsuliyyətsiz davranışı zamanı bir daha göründü. “Okeanın o tayında” bu prinsiplərin yerini çoxdan saxta dəyərlərin tutduğu növbəti dəfə təsdiqləndi.

Tarix geriyə dönüşü mümkün olmayan keçmişdir. Tarixi öyrənmək, onun dərslərindən bu gün və gələcək üçün müəyyən nəticələr çıxarmaq hər zaman fayda verə bilər. Amma tarixi bugünkü reallıqların alətinə çevirmək ziyanlı yanaşmadır. Çünki istənilən tarix artıq reallıq deyil. O öz dövrünü başa vurub. Keçmişi sənədli faktlar əsasında hər nə qədər dəqiqliklə öyrənməyə çalışsan da, onun ümumi mənzərəsi yenə də natamam qalacaq. Ona görə ki, keçmiş haqqında fikir yürüdən insanlar artıq o reallıqların içərisində deyil. Bu da illər əvvəl baş vermiş hadisə və proseslər haqqında tam obyektiv qənaətə gəlməyə tamamilə nail ola bilməyəcək. Ona görə də tarixə hər kəsin fərdi münasibəti ola bilər və bu da təbiidir. Dünya, tarixi xalqların bir-biri ilə qarşıdurmaları, müxtəlif səbəblərdən kütləvi insan ölümləri, işğallar, xalqların böyük köçləri, əhali yerdəyişməsi faktları ilə zəngindir. Bəşəriyyət inkişaf etdikcə, sənaye inqilabları, iqtisadi tərəqqi, elmin-təhsilin öz hüdudlarını genişləndirməsi nəticəsində insanlar artıq onilliklərdir anlamaqdadırlar ki, xoşbəxtliyin yolu əsla münaqişələrdə deyil. Bütün olub-keçənləri bir kənara qoyub, keçmişi sadəcə elmin maraq dairəsi kimi tarixşünasların öhdəsinə buraxıb, gələcək naminə əl-ələ verməkdədir. Xalqların növbəti faciələri üçün deyil, rifahı üçün çalışmaqdadır. Toplumlar arasında uçurum yarada biləcək münaqişə nöqtələrini tapıb alovlandırmaqda yox, onları ortaq məxrəcə gətirəcək, ümumi hədəflərə doğru birləşdirəcək mənəvi bağları, maraqları tapıb üzə çıxarmaqdadır.

Belə bir yanaşmanın get-gedə hakim olduğu müasir dünyamızda tarix xüsusunda hansısa qeyri-dəqiq mülahizələrə əsaslanaraq Türkiyə kimi nüfuzlu, planetimiz üçün siyasi, iqtisadi, mədəni baxımdan son dərəcə yüksək əhəmiyyət kəsb edən böyük bir dövləti günahlandırmaq üçün zəmin hazırlamaqdan ziyanlı davranış ola bilməz.

Bildiyimiz qədər, Avropa institutularının tarixşünaslıqla bağlı üzv ölkələrə təklif etdiyi konsepsiyalar, vahid prinsiplər var. Ölkələrin keçmişi, ərazi hüdudları, xalqlar arasında baş vermiş münaqişələr bu prinsiplər çərçivəsində tədqiq edilməli, bu şəkildə öyrənilməli və insanlara da bu cür çatdırılmalıdır. Bunun əksi xalqlar arasında mənasız ərazi iddialarına, yeni insan faciələri doğuran münaqişələrə, qarşılıqlı ədavətə, bəşəriyyətin inkişafı istiqamətində birgə əldə edilmiş nailiyyətlərin itirilməsinə gətirib çıxara bilər. Bu gün Avropa ölkələri arasında hər birimizin heyranlıqla müşahidə etdiyimiz sərhədsiz dünyanı, qarşılıqlı hörmət ruhunu yaradan və qoruyub saxlayan da elə bu cür mövqelərdir.

ABŞ-ın belə ədalətsiz və məsuliyyətsiz davranışları isə dünyada sülhün, sabitliyin pozulmasına xidmət edir və ziyanlı məqsədlərə yol açır. Bayden “erməni soyqırımı” ifadəsini guya kimisə “günahlandırmaq üçün deyil, belə hadisələrin təkrarlanmaması” niyyətilə dilə gətirdiyini bəyan etsə də, əsl niyyət təbii ki, anlaşılandır. Son dövrlər qondarma “erməni soyqırımı” iddialarının dünya gündəmində yer almasının səbəbkarı təkcə Ermənistan və erməni lobbisi deyil.Əsas səbəbkarlar regionla bağlı imperialist maraqlar güdən qlobal güclərdir. Qondarma “erməni soyqırımı” anlayışı hazırda siyasi təzyiq alətidir və ikili standartlar siyasətinin təzahürüdür.

Ağ Ev uzun illərdir ki, bu ifadədən Türkiyəyə qarşı psixoloji təzyiq mexanizmi kimi istifadə edir. Hər il 24 aprel ərəfəsində ABŞ prezidentinin 1915-ci ildə Osmanlı Türkiyəsində baş vermiş hadisələri hansı ifadə ilə adlandırması söhbəti ortaya çıxır. Amma 1978-ci ildə ilk dəfə bu hadisələrlə bağlı çıxış edən ABŞ Prezidenti Cimmi Karterdən üzübəri yalnız bircə dəfə Ronald Reyqan Holokosta həsr olunmuş çıxışlarının birində “erməni soyqırımı” ifadəsini işlədib. Ondan sonrakı ABŞ prezidentləri, adətən, 24 aprel 1915-ci il hadisələrini nəzərdə tutaraq “böyük fəlakət”, yaxud “tarixin qaranlıq dövrü” ifadələrindən istifadə ediblər.Bu məsələdə mümkün qədər ehtiyatlı davranmağı üstün tutublar.

Baydenin məqsədli şəkildə dilə gətirdiyi bu yanlış ifadə isə Türkiyənin son onilliklərdə regionda getdikcə güclənən mövqeyinin doğurduğu təşvişdən irəli gəlir. Türkiyə regionda baş verən proseslərə təsir imkanları ilə, artan nüfuzu ilə, müstəqil mövqeyi ilə Amerikanın strateji planlarını pozmaqdadır. Zəmanəmizin ən parlaq liderlərindən olan Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın qətiyyəti sayəsində qardaş ölkə bu gün sarsılmaz regional gücə çevrilib. Bir zamanlar həm daxili siyasətdə, həm də hərbi, siyasi, iqtisadi baxımdan ABŞ başda olmaqla Qərbdən asılı olan Türkiyə artıq həmin Türkiyə deyil. Azərbaycan və Türkiyə liderləri cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın gələcəyə baxışı, sarsılmaz iradəsi ilə bu gün türk dünyası bu iki dövlət ətrafında bir araya gəlir. Regionda yeni siyasi-iqtisadi reallıqlar formalaşır. Dövlət rəhbərimizin illər əvvəl bəyan etdiyi “Türk əsri”nə doğru tarixi addımlar atılır. Hazırda Pekin-Moskva-Ankara yaxınlaşması, Avrasiya qitəsinin orta xətt nəqliyyat qovşağının bu dövlətlərin idarəçiliyi altına keçidinə start verilməsi təbii ki, ABŞ-da narahatlıqla izlənir və Türkiyənin, ümumən Türk dünyasının böyük bir gələcəyə doğru addımlarının əngəllənməsi üçün ucuz vasitələrə əl atılır. Belə üsullar böyük ənənələri olan ABŞ dövlətçiliyi adına sadəcə utancdır. Bu dövlətin mütəfəkkir qurucularının irsinə, formalaşdırdıqları ənənələrə hörməti olan heç bir dövlət rəhbəri uydurulmuş erməni nağıllarından siyasi məqsədlər naminə istifadəni özünə rəva görməməli idi.

Erməni dövlətçiliyi kimi erməni soyqırımı mifinin də tarixi saxtakarlıqlar üzərində qurulduğu hər kəsə bəllidir. Onilliklər ərzində erməni təbliğat maşını və onun havadarları bütün dünyanı guya Osmanlı imperiyasında ermənilərə qarşı “soyqırımı” törədilməsi yalanına inandırmağa çalışıb. Birinci Dünya müharibəsi zamanı çətin döyüş şəraiti, daxili münaqişələr, aclıq və xəstəliklər üzündən həyatını itirmiş erməniləri“soyqırım qurbanları” kimi qələmə verib. Bu zaman eyni vaxtda, eyni səbəblərdən ermənilərdən də çox türkün həlak olması faktı isə nədənsə təhrif edilib, danılıb. Əgər bu iş siyasətçilərə deyil, bu sahədə ixtisaslaşmış beynəlxalq tədqiqat institutlarına, peşəkar tarixçilərə həvalə edilsə, onlar 1915-ci ildə əslində nələr baş verdiyini asanlıqla müəyyən edə bilərlər. Arxivlər erməni yalanlarını ifşa edən sənədlər, sübutlarla zəngindir. Türkiyə öz arxivlərini tarixçilərə açmağa hazır olduğunu dəfələrlə bəyan edib. Həqiqəti üzə çıxarmaq naminə birgə komissiyanın yaradılması təklifini irəli sürüb. Amma ermənilər və onların havadarları bu təklifləri eşitmək istəmir. Çünki məqsəd həqiqətləri öyrənmək və dünyaya nümayiş etdirmək deyil. Əsas niyyət bu cür saxtakar vasitələrlə Türkiyə qarşısında təzminat tələbləri qaldırmaq, hətta Türkiyə kimi güclü bir dövlətə qarşı ərazi iddiaları irəli sürməkdir. Erməni ədəbiyyatında Türkiyənin şərq əyalətlərinin “Qərbi Ermənistan” adlandırılması da eyni cəfəng niyyətlərə xidmət edir. Əlbəttə, Türkiyə kimi güclü bir dövlətlə münaqişəyə girməyin tarixi Azərbaycan torpaqlarında özlərinə saxta dövlət qurmuş ermənilər üçün intihar demək olduğunu aydın düşüncə qabiliyyətinə malik hər kəs yaxşı dərk edir. Amma işğalçı qonşularımızın belə bir düşüncədən məhrum olduqlarını uzun illərdən bəri onların bədnam əməllərindən əziyyət çəkən xalq, cəmiyyət olaraq biz yaxşı bilirik.

Görəsən uzaq 1915-ci ildə hansısa soyqırım izləri axtararkən Baydenin erməni daşnaklarının bundan cəmi üç il sonra bolşeviklərlə birləşərək on minlərlə Azərbaycan türkünü qətlə yetirməsindən xəbəri varmı?! İndi məzlum cildinə girmiş ermənilərin yaxın tariximizdə - 1992-ci ilin 26 fevralında Xocalıda azərbaycanlılara qarşı törətdikləri soyqırım aktını, bəşəriyyətə qarşı bu dəhşətli cinayəti təsəvvür edərkən heç vicdanı sızlayırmı?!

Əfsuslar olsun ki, yenə də böyük dövlətlərin əlində maşaya çevrilmiş ermənilərin, onların bu cür saxta tarixinin üzərində qurulmuş siyasətin ən böyük ziyanı, nə qədər qəribə olsa da, yenə Ermənistana dəyir. ABŞ və başqa-başqa ölkələrdə erməni lobbisi altında dəllallıq fəaliyyəti göstərənlər ola bilsin ki, Baydenin bu açıqlamasından da “diaspor biznesində” nəsə qazansınlar. Amma Ermənistanın bu cür siyasi yanlışlıqlardan çox böyük itkilərə məruz qalacağı şübhəsizdir.

Azərbaycanın 44 günlük Vətən savaşındakı Qələbəsi, ölkəmizin qardaş Türkiyə ilə birgə yaratdığı yeni reallıqlar bölgədə sülh, sabitlik, davamlı inkişaf, rifah üçün geniş üfüqlər açıb. Ermənistan səfalət içərisində bu inkişaf yollarına baxıb özünün çıxış yolunu ondan alət kimi istifadə edənlərin qoltuğuna sığınmaqda görür. Anlamır ki, böyük güclər işğalçı qonşumuzu regionun başağırısı kimi saxlamaqda maraqlıdırlar.

Azərbaycan və Türkiyə münasibətləri isə hər zaman olduğu kimi yenə də stabildir. Azərbaycan sözügedən məsələdə də qardaş Türkiyənin yanındadır. Təsadüfi deyil ki, Azərbaycan Baydenin bəyanatından sonra Türkiyəyə dəstək verən ilk ölkə oldu. Baydenin açıqlamasından bir qədər sonra Azərbaycan və Türkiyə Prezidentləri telefon danışığı apardılar. Telefon danışığı əsnasında Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanat qınandı. Azərbaycan Prezidenti bu qərarın yanlış olduğunu qeyd edib, onu tarixi səhv adlandırdı. Dövlət başçısı İlham Əliyev Azərbaycanın bu bəyanatını qəbuledilməz hesab etdiyini vurğuladı, Baydenin açıqlamasının regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bildirdi və Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu bəyan etdi.

Öz növbəsində, Azərbaycanın Xarici İşlər Nazirliyi də Baydenin açıqlaması haqqında ədalətli bəyanat yaydı. Azərbaycan və Türkiyə qardaşlığı bu birliyi sarsıtmağa yönəlmiş bütün fitnəkar əməllərdən daha güclüdür. Heç bir xəbis niyyət bizim gələcəyə doğru qətiyyətli addımlarımıza mane ola bilməz. XXI əsr insanlarının düşüncə tərzini , siyasi baxışlarını, ədalətli mövqelərini dəyişdirmək mümkün deyil. Tarixi saxtalaşdırmaqla keçmiş haqqında nağıllar üzərində oyun quranlar öz nüfuzlarını baltalamaqdan başqa heç nəyə nail olmurlar.


Nurlana Əliyeva,

Bakı Slavyan Universitetinin rektoru,

YAP Veteranlar Şurasının üzvü, professor

*********

Bakı Slavyan Universitetində “Azərbaycanşünaslıgın aktual problemləri” XII beynəlxalq elmi-praktik konfransı keçirilib

Nurlana Əliyeva: Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanat qınandı


Aprelin 30-da Bakı Slavyan Universitetində (BSU) bu ali təhsil müəssisəsi rəhbərliyinin dəstəyi və Elmi-Tədqiqat Layihələri Laboratoriyasının Azərbaycanşünaslıq və slavistika bölməsinin təşkilatçılığı ilə onlayn formada xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan "Azərbaycanşünaslıgın aktual problemləri" XII beynəlxalq elmi-praktik konfransı keçirilib. Məlumat üçün bildiririk ki, BSU-nun rektoru, professor Nurlana Əliyeva bu beynəlxalq elmi-praktik konfransın yüksək səviyyədə təşkil edilməsi məqsədilə 11 yanvar 2021-ci il tarixdə 2 nömrəli əmr imzalayıb. Həmin əmrə əsasən,konfransa hazırlıq işlərinin əlaqələndirilməsi və konfransın işinin təşkili üçün sədri universitetin rektoru, professor Nurlana Əliyeva olmaqla, tərkibinə universitetin prorektorları, fakültə dekanları, kafedra müdirləri, şöbə müdirləri və digər müvafiq struktur bölmələrin məsul şəxsləri və professor-müəllim heyətinin nümayəndələri daxil edilən 24 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb. Qeyd edək ki, "Microsoft Teams" platforması vasitəsilə keçirilən beynəlxalq elmi-praktik konfransda Rusiya Federasiyasının, Qazaxıstan Respublikasının, Özbəkistan Respublikasının, Qaraqalpaq Muxtar Respublikasının tanınmış universitetlərinin, həmçinin respublikamızın ali təhsil müəssisələrinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq elmi-tədqiqat institutlarının, elmi müəssisə və təşkilatların alim-mütəxəssisləri iştirak ediblər.

Konfransın plenar iclasında BSU-nun rektoru, professor Nurlana Əliyeva giriş sözü və "Ümummilli lider Heydər Əliyev və müasir Azərbaycan" mövzusunda məruzə ilə çıxış edib. Professor Nurlana Əliyeva iştirakçıları salamlayıb və konfransın işinə uğurlar arzulayıb. Rektor Nurlana Əliyeva bildirib ki, bu gün BSU-da keçirilən beynəlxalq elmi-praktik konfrans xalqımız qarşısında böyük tarixi xidmətlər göstərmiş, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilib. "Azərbaycanşünaslıgın aktual problemləri" beynəlxalq elmi-praktik konfransı müasir dövrümüz üçün mühüm əhəmiyyət kəsb edən bir mövzuya həsr edilib. Ulu öndər Heydər Əliyevin xalqımızın rəsmi milli ideologiyası kimi müəyyən etdiyi Azərbaycançılıq ideologiyası bir çox istiqamətləri əhatə edir. BSU-nun gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olan bir ali təhsil müəssisəsi kimi bu beynəlxalq elmi-praktik konfransı keçirməsi olduqca təqdirəlayiqdir. Biz tələbə-gənclərimizi bilikli, bacarıqlı, müasir düyagörüşünə malik, peşəkar və yüksəkixtisaslı kadrlar kimi, eyni zamanda xalqını, millətini ürəkdən sevən vətənpərvər, yüksək milli-mənəvi dəyərlərimizə, Azərbaycançılıq ideologiyasına, dövlət və dövlətçiliyə sədaqət ruhunda tərbiyə edib formalaşdırmalıyıq.

Rektor Nurlana Əliyeva çıxışında qeyd edib ki, bugünkü beynəlxalq elmi-praktik konfrans həm də əlamətdar bir dövrə təsadüf edir. Xalqımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyevin müdrik siyasəti, yenilməz iradəsi, hərbi məharəti, möhtəşəm diplomatiyası, hünəri, rəşadəti və şanlı Azərbaycan Ordusunun igid əsgər və zabitlərinin qəhrəmanlığı nəticəsində Qarabağ uğrunda apardığı ədalətli, müqəddəs və şərəfli Vətən müharibəsində tarixi Qələbə qazandı. Bu Qələbə nəticəsində xalqımızın 30 illik torpaq, yurd həsrətinə son qoyuldu. Xalqımız bu möhtəşəm Qələbənin sevincini, qürurunu yaşayır. Qeyd etmək lazımdır ki, tarixi ədalətin, beynəlxalq hüququn norma və prinsiplərinin bərqərar olmasında və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində ulu öndər Heydər Əliyevin müəyyən etdiyi müdrik siyasi kurs və strateji dövlətçilik konsepsiyası mühüm rol oynadı. Böyük qürur hissi ilə deyə bilərik ki, bügünkü müstəqil, hüquqi, demokratik, dünyəvi və hərtərəfli inkişaf edən, yüksək beynəlxalq siyasi nüfuza malik olan Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin şah əsəridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dünya miqyasında sayılıb-seçilən, nüfuzlu siyasi lider, mahir diplomat, Qalib Ordunun Müzəffər Ali Baş Komandanıdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sülhsevər missiyası, onun Azərbaycanın dünyada tanıdılması sahəsində həyata keçirdiyi genişmiqyaslı fəaliyyət çox təqdirəlayiqdir. Rektor Nurlana Əliyeva çıxışının sonunda beynəlxalq elmi-praktik konfransın təskilatçılarına təşəkkür edib və onlara uğurlar arzulayıb.

Konfransın plenar iclasında BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İşmayıl Hacıyev,Qərbi Qazaxıstan Universitetinin professoru Tuyakbay Rısbekov, Cənubi Qazaxıstan Universitetinin professoru Aliya Kulumbetova, Qaraqalpaq Dövlət Universitetinin professoru Məleykə Djumamuratova, BSU-nun Azərbaycanşünaslıq və slavistika bölməsinin müdiri, dosent Sadir Məmmədov məruzələrlə çıxış ediblər.

Sonra konfans öz işini 7 bölmədə: “Ümummilli lider Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi", " Vətən müharibəsi- Qarabağ Azərbaycandır!", "Nizami Gəncəvi və Azərbaycanşünaslıq", "Azərbaycanşünaslıq və filologiya məsələləri", “Azərbaycan tarixi və mədəniyyətinin aktual problemləri", “Azərbaycan iqtisadiyyatı və qloballaşma", "Hüquq və siyasi elmlərin aktual problemləri" adlı bölmələrdə davam etdirib. Bölmə iclaslarında ümumilikdə 127 məruzə dinlənilib, maraqlı və səmərəli müzakirələr aparılıb.

Konfransın yekun iclasında bölmə rəhbərlərinin hesabatları dinlənilib, konfransın yüksək səviyyədə təşkil edildiyi xüsusi vurğulanıb, həmçinin qərar və tövsiyələr qəbul edilib.

Məlumat üçün onu da qeyd edək ki, işçi dilləri Azərbaycan, rus və ingilis dilləri olan "Azərbaycanşünaslıgın aktual problemləri" XII beynəlxalq elmi-praktik konfransın materialları ayrıca toplu şəklində çap edilib. "Mütərcim" Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzi tərəfindən yüksək poliqrafik keyfiyyətlə çap edilən toplu sertifikatla birlikdə konfrans iştirakçılarına təqdim edilib, xarici ölkələrdən olan iştirakçılara isə onlayn formada göndərilib.

*********

Bakı Slavyan Universitetində Nizami Gəncəviyə həsr olunmuş şeir müsabiqəsi keçirilib

Nurlana Əliyeva: Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanat qınandı


Bakı Slavyan Universitetinin (BSU) Tərcümə fakültəsinin Avropa dilləri kafedrasının təşkilatçılığı ilə Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş “Sözün qanadları var, quş kimi incə-incə, Dünyada söz olmasa nəyə gərək düşüncə" adlı şeir müsabiqəsi keçirilib. Müsabiqə Azərbaycan Respublikasının Preizdenti cənab İlham Əliyevin “Nizami Gəncəvi İli” ilə bağlı çıxışından videofraqmentlə başlayıb.

Sonra BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov və Tərcümə fakültəsinin dekanı vəzifəsini icra edən, dosent Kamran Hacıyev çıxış edərək müsabiqə iştirakçılarına uğurlar arzulayıblar.

Daha sonra müsabiqə Tərcümə fakültəsi tələbələrinin rəngarəng çıxışları ilə davam etdirilib. Tələbələr Nizami Gəncəvinin şeirlərini səsləndiriblər. Onların çıxışları Münsiflər Heyəti tərəfindən qiymətləndirilib. Müsabiqənin qalibi Timur Fətəliyev seçilib.

Avropa dilləri kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Nigar Babayeva tədbirin sonunda çıxış edərək universitet rəhbərliyinə, müəllimlərə və tələbələrə təşəkkür edib.

Müsabiqənin sonunda BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova çıxış edərək müsabiqə təşkilatçılarına və iştirakçılarına öz dərin minnətdarlığını bildirib.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər