Bir mərama xidmət edən iki proqram və ya Bakının yumşaq təzyiqi - AKTUAL

Bir mərama xidmət edən iki proqram və ya Bakının yumşaq təzyiqi - AKTUAL


Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Şuşa yolunda aksiyanı davam etdirir. Sayı günbəgün artan etirazların bu gün birinci həftəsi tamam olur. Etirazçılar tələb irəli sürərək bildirirlər ki, təbii sərvətlərin qanunsuz istismarı və daşınmasına son qoyulmalı, Rusiya sülhməramlıları buna nəzarət etmədiyi üçün onların olduğu bütün postlarda xidmət Azərbaycanın aidiyyəti dövlət qurumları ilə birgə təşkil edilməlidir.

Aksiya iştirakçıları “Ekoloji terrora son!”, “Mina terroruna son!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!” şüarlarını həm Azərbaycan, həm rus, həm də ingilis dillərində səsləndirir. Bununla yanaşı, Rusiya sülhməramlılarının komandanı, general Andrey Volkovla görüş tələb edilir.

Baş verən proseslərlə bağlı fikirlərini AYNA ilə bölüşən “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib ki, burada Azərbaycanın iki cəhdi, iki proqramı görünür: “Bunlardan birincisi, maksimum proqram ondan ibarətdir ki, Rusiyanın dırnaqarası sülhməramlıları yaxın müddətdə ölkədən çıxarılsın, Qarabağın dağlıq hissəsində Azərbaycanın suverenliyi təmin olunsun. Minumum proqram isə ondan ibarətdir ki, beş illik müddət bitdikdən sonra “sülhməramlılar”ın Qarabağda qalma müddəti uzadılmasın”.

“Təbii ki, bu aksiyalar Qarabağdakı erməni separatçılarına və Rusiyaya təzyiq məqsədidir. Söhbət yumşaq təzyiqdən gedir”, - analitik əlavə edib.

Ə.Oruclunun qənaətincə, aksiyalarda bir qədər sistemsizlik, naşılıq var, bəzən düzgün olmayan hərəkətlər edilir, addımlar atılır: “Məsələn, qazın kəsilməsi ilə bağlı addımlar düzgün deyildi. Bu, Azərbaycanı humanitar fəlakət yaratmaqda ittiham etməyə səbəb oldu. Özümüzü aldatmayaq, Ermənistanın Rusiyada da, Qərbdə də dəstəkçiləri çoxdur. Amma yenə də yumşaq təzyiq vasitəsindən istifadə, müqavimət vacibdir, təqdir ediləsidir. Azərbaycan göstərir ki, sülhməramlıların fəaliyyətindən narazıdır”.

“Düşünürəm ki, yumşaq gücdən istifadə ilə Rusiya “sülhməramlı” qüvvələrinin bölgədən çıxarılması siyasəti davam etməlidir. Amma bu, metodik, ardıcıl və sistemli şəkildə olmalıdır. Spontan aksiyalar olmamalıdır. Çünki orada təxribatlar ola bilər və hərbi gücdən istifadəyə rəvac verən addımlar atıla bilər. Bu baxımdan, ehtiyyatlı olmaq lazımdır. Belə aksiyalar səmərə verəcəkmi?! Məncə, cüzi də olsa, səmərəsi olacaq”, - politoloq qeyd edib.

Mərkəz rəhbəri vurğulayıb ki, bu gün Rusiyanın müəmmalı şəkildə susması onu göstərir ki, Moskva dünyada Azərbaycanın gözdən düşməsinə çalışır: “Rusiya Azərbaycanın erməniləri təcrid edən dövlət kimi imic qazanmasını istəyir, təklənməsinə çalışır. Bu məqsədə nail olduqdan sonra Rusiya hərəkətə keçmək istəyəcək. Buna qətiyyən yol vermək olmaz”.

Siyasi elmlər doktoru Cümşüd Nuriyev isə AYNA-ya bildirib ki, belə aksiyalar danışıqları sürətləndirəcək, sülh prosesini məcburi müstəviyə keçirəcək: “İndiyə qədər rus sülhməramlıları ermənilərin dediyi ilə oturub-durur, Rusiya özünün siyasətini həyata keçirməyə çalışır, Ruben Vardanyanı Ermənistanda hakimiyyətə gətirmək üçün təxribatlar yaradılırdı. Son iki il ərzində sülhdən başqa hər şeylə məşğul olurdular. Amma azərbaycanlılar cəmi bir həftədə əsl sülhyaratma ilə bağlı önəmli addım atdılar. Buna məcbur edən amillər: Volkovun həyasızlığı, tələblərin yerinə yetirməməsi və Azərbaycanı Rusiya vətəndaşı olan Vardanyanla danışıqlara getməsini gündəmə gətirməsi”.

“Aksiyalar düşünülmüş və nəticələrə hesablanan gedişdir. Bu, məhz erməniləri və onun tərəfdarlarını məcbur edəcək ki, Ermənistan tezliklə sülh müqaviləsini bağlasın”, - politoloq qeyd edib.

Rusiyanın yanaşmasına gəlincə, C.Nuriyev qeyd edib ki, Moskvadan sətiraltı hədələr gəlir: “Mariya Zaxarova deyir ki, narahatdırlar. Konstantin Zatulin adlı ünsür Azərbaycanı hədələyir. Biz bilirik ki, bu adam ermənipərəstdir. Amma həm də Rusiya vətəndaşıdır, deputatdır və Putinin yanındakı şuranın üzvüdür. Bir sözlə, Zatulin Kremlin adamdır. Demək ki, Rusiya da ikili standart siyasəti yürüdür. Bütün hallarda isə Azərbaycan fəallarının etiraz aksiyası haqlıdır. Güman edirəm ki, bunun nəticələri Azərbaycana bəhrə verəcək”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər