Yavər Vəliyev: Vətənə, Xalqa, Dövlətə xidmət nümunəsi

Yavər Vəliyev: Vətənə, Xalqa, Dövlətə xidmət nümunəsi


Sumqayıt Şəhər Bulvar idarəsinin rəisi Yavər Vəliyev - Xalqın sevgisi Mehriban xanım Əliyevanın bütün təltiflərinin önündə dayanır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti və digər titullarının hər biri özündə məsuliyyətlə yanaşı, bir-birini əvəzləyən uğurları birləşdirir

Qadınlar ülviyyətin, zərifliyin və gözəlliyin rəmzi kimi ölkəmizdə hər zaman uca tutulub. Qadınlar zərif olduqları qədər də qətiyyətli, cəsarətli və əzmkardırlar. Məhz bu kimi keyfiyyətləri özlərində birləşdirməklə istər kiçik dövlət kimi dəyərləndirilən ailədə, istərsə də ölkə həyatında əhəmiyyətli rolları ilə diqqət çəkirlər. Azərbaycançılıq məfkurəsinə, milli dövlətçilik ideallarına sədaqət, Vətənə, xalqa məhəbbət ruhunda formalaşmış gənclik qadınların ölkəmizə ən böyük töhfəsidir.

Azərbaycanda qadın hərəkatının yeni mərhələsindən bəhs edərkən ilk olaraq ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti göz önünə gəlir. Yazının əvvəlində azərbaycançılıq ideologiyasının əsas tərkib hissəsi olan milli-mənəvi dəyərlərimizin, tariximizin, mədəniyyətimizin qorunmasından səbəbsiz yerə bəhs etmədik. Hər bir dövlətin dünyaya təqdimatında milli-mənəvi dəyərlər, tarix əhəmiyyətli rol oynayır. Bu da təbii ki, harada yaşamasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşından təbliğat işinə öz töhfəsini verməyə çağırışlar edir.

Bu çağırış müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin zəngin ənənələrinin daşıyıcısı olan Heydər Əliyev Fondunun fəaliyyətinin əsasında dayanır. Heydər Əliyev Fondu genişmiqyaslı fəaliyyəti ilə məhz Azərbaycanın yüksək dəyərlərinin, humanizm prinsiplərinin beynəlxalq aləmə təqdim edilməsində əvəzsiz rol oynayır. Heydər Əliyev Fondunun fəaliyyəti yalnız dahi şəxsiyyətin irsinin təbliği ilə bitmir, Ulu Öndərin dünənimizin, bu günümüzün və gələcəyimizin əsası kimi dəyərləndirilən ideyalarının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanın qazandığı uğurlara bələdçilik edir, eyni zamanda, bu nəticələrə öz dəstəyini müxtəlif sahələri əhatə edən humanitar layihələri ilə ifadə edir. Mehriban xanım Əliyeva bildirir ki, Heydər Əliyevin həyatı böyük bir epoxanın aynası kimi ölkəmizin sevincli-kədərli günlərini və anlarını, Azərbaycanın bu tarix yollarını özündə əks etdirir. Məhz ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti sübut etdi ki, əlçatmaz xəyalların və arzuların reallaşması insan fenomeninin gücü ilə mümkündür. Heydər Əliyev qalibiyyətinin nəticəsi müasir müstəqil Azərbaycan Respublikası və onun bugünkü nailiyyətləridir.

Qeyd etdiyimiz kimi, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva böyük və çoxşaxəli fəaliyyəti ilə bir-birindən fərqli layihələrin müəllifi olaraq saysız insanların mənəvi dostuna çevrilib. Onun həyata keçirdiyi layihə və proqramların əsas istiqamətlərini təhsil, mədəniyyət, səhiyyə, idman və sosial sahələr təşkil edir. Ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” tezisinə söykənən Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi təhsilimizin inkişafına böyük dəstəkdir. Bu layihə çərçivəsində 2 mindən artıq yeni məktəb istifadəyə verilib, yaxud yenidən bərpa olunub. Hər yeni tədris ilinin başlandığı ərəfədə onlarla məktəb yenidən bərpa olunduqdan sonra şagirdlərin istifadəsinə verilir. Heydər Əliyev Fondu təhsilin inkişafında məktəblərin rolunu xüsusi qeyd edərək onların maddi-texniki bazasının möhkəmləndirilməsinə, kompüterləşdirilməsinə xüsusi diqqət göstərir. Əgər “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin icrasına başlandığı zamanlarda “hər 10 şagirdə bir kompüter” əsas prinsip kimi qəbul olunurdusa, bu gün artıq “Hər şagirdə bir kompüter” çağırışı edilir. Bu da ölkəmizdə təhsilin inkişafına, yeni texnologiyaların tətbiqinə yönələn addımların davamlılığından irəli gəlir. Məhz bütün bunların nəticəsində Azərbaycan bu gün özünü dünyaya yenilikçi, innovasiyalar ölkəsi kimi təqdim edir.

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edərkən onun uşaqlara diqqət və qayğısı, onların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində həyata keçirdiyi layihələri xüsusi vurğulanmalıdır. Bu, vacib layihələr çərçivəsində körpələr evləri, bağçalar və internat məktəbləri əsaslı təmir olunur, yeniləri inşa edilir. Fond ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud və fərqli sindromlu uşaqların cəmiyyətə inteqrasiyası üçün mühüm işlər görür. Uşaq evləri və internat məktəbləri yetirmələrinin sosial-psixoloji reabilitasiyasına imkan yaradacaq resurs mərkəzinin yaradılması, “Təhsilə dəstək” və “İnklüziv təhsil” proqramlarının həyata keçirilməsi Fondun xidmətləri sırasında xüsusi vurğulanmalıdır. “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız həyat naminə” layihələri cəmiyyətin diqqətinin uşaqların sağlamlığına yönəldilməsi baxımından müstəsna əhəmiyyət daşıyır.

Şübhəsiz, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərimizin, həqiqətlərimizin təbliği istiqamətində həyata keçirdiyi layihələri, əldə olunan nəticələri bir yazıda əhatə etmək mümkünsüzdür. Fondun muğam sənətinin qorunub saxlanılması və təbliği istiqamətində gördüyü işlər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır, dünya miqyasında yüksək dəyərləndirilir. Bu gün muğamımızın səsi Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşadan dünyaya yayılır. Belə bir sevinci yaşamağımız isə təbii ki, dövlətimizin qətiyyəti, Ordumuzun gücü, qüdrəti sayəsində imza atdığımız tarixi Zəfərimizlə bağlıdır. Bu Qələbə Azərbaycanın həm döyüş meydanında, həm də informasiya cəbhəsində üstünlüyünü dünyaya çatdırdı. İnformasiya cəbhəsində əldə olunan uğurlarda Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Mehriban xanım Əliyevanın 44 günlük Vətən müharibəsi dövründə xalqa müraciətlərini yada salaq. Bu müraciətlərdə müasir dövrün yaratdığı imkanlardan maksimum istifadə edilməklə erməni yalanlarının ifşası, həqiqətlərimizin faktlar əsasında dünya ictimaiyyətinə çatdırılması əsas hədəf kimi qarşıya qoyuldu. Vətən müharibəsinə qədər Fondun müxtəlif ölkələrdə keçirdiyi təbliğat xarakterli tədbirlər, müxtəlif dillərdə çap etdirdiyi kitablar, digər əyani vəsaitlər bu hədəflərə çatmaqda əsas rol oynadı. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, tarixi Zəfərimizi şərtləndirən amillər sırasında mühüm yer tutan diplomatik mübarizədə qazandığımız qələbədə Heydər Əliyev Fondunun xidmətləri misilsizdir.

Mehriban xanım Əliyevanın məqsədi, amalı daim Azərbaycanı beynəlxalq aləmdə zəngin mədəni irsə, mənəvi dəyərlərə malik ölkə kimi tanıtmaqdır. Təbii ki, hər bir xalqın varlığı, milli kimliyi ilk növbədə onun milli-mənəvi dəyərlərində ehtiva olunur. Heydər Əliyev Fondunun fəaliyyətində tariximizə, milli-mənəvi dəyərlərimizə, ədəbiyyatımıza, musiqimizə verilən dəyərdən qaynaqlanan addımların uğurlu nəticələrini Azərbaycanımızın bugünkü reallıqlarında görürük. Azərbaycan 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü Sessiyasına ev sahibliyi ilə həmin dövrə qədər qeyd olunan sahələrdə qazandığı uğurların dünyaya təqdimatını etdi. Bu mühüm hadisə Azərbaycanın milli-mənəvi dəyərlərimizin, tarixi-mədəni irsimizin qorunması və təbliği, eyni zamanda, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək olmaq istiqamətində atdığı addımlara, malik olduğu təcrübəyə bir daha işıq saldı. Mehriban xanım Əliyeva 2004-cü ildə UNESCO-nun xoşməramlı səfiri seçiləndən sonra onun səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri qurumun müvafiq siyahılarında yer alıb. Muğamın, aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin, tar ifaçılığı sənətinin UNESCO-nun nadir, şah əsərləri sırasına daxil edilməsi Azərbaycanla bu təşkilat arasında əməkdaşlığın davamlılığını əyani şəkildə sübut edir. Onu da qeyd edək ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi qurumun Ümumdünya İrs Siyahısına daxil edildi.

Vətənə, dövlətə, dövlətçiliyə sədaqət, milli-mənəvi dəyərlərə hörmət və uğurlu fəaliyyət Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirən əsas amillər oldu. Ölkəmizdə vitse-prezidentlik institutunun yaradılması idarəçilik sistemində təkmilləşmənin göstəricisinə çevrildi. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi sürətli inkişaf yolunda inamla addımlayan Azərbaycanın qarşısında yeni imkanlar açdı. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım Əliyevanı Birinci vitse-prezident kimi təqdim edərkən onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətlərindən geniş bəhs edərək bildirib ki, Fond tərəfindən atılan hər bir addımın təməlində dövlətə, xalqa xidmət dayanır. Fondun Azərbaycanın beynəlxalq aləmdə təqdimatında rolu da yüksək dəyərləndirildi. Məhz bunların fonunda dövlət başçısı İlham Əliyev bildirdi ki, bax, bu, çoxşaxəli fəaliyyət və eyni zamanda, uğurlu fəaliyyət onun bu qərarı qəbul etməsində əsas rol oynamışdır: “Eyni zamanda, qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır”. Dövlət başçısı İlham Əliyevin bu etimadını yüksək dəyərləndirən Mehriban xanım Əliyeva bildirdi: “Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”.

2017-ci ilin fevralından ötən 5 ildən artıq dövrə nəzər salsaq, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu məsuliyyətli və şərəfli vəzifənin də öhdəsindən yüksək səviyyədə gəldiyini böyük qürur və fəxr hissi ilə qeyd edə bilərik. Fəaliyyətində sosial məsələlərin həllini ön planda saxlayan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ilk müşavirəsini bu gün artıq tarixə qovuşmuş keçmiş Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin problemlərinə həsr etməsi də təsadüfi deyildi. Çünki dövlət başçısı İlham Əliyev tərəfindən daim bu çağırış edilir ki, qaçqın və məcburi köçkünlərə diqqət və qayğı hər kəsin vətəndaşlıq borcudur. Mehriban xanım Əliyeva bu çağırışı əsas götürərək daim əhalinin bu həssas təbəqəsinin yanında olur, onları narahat edən məsələləri birbaşa öz dillərindən dinləyir, problemlərin həlli istiqamətində mühüm addımlar atır. Artıq bu addımlar soydaşlarımızın 30 ilə yaxın davam edən işğal dövründə yerləşdikləri qaçqın şəhərçiklərində və digər məkanlarda deyil, sahibinə qovuşmuş torpaqlarımızda atılır. Ermənilər tərəfindən dağıdılmış ərazilərimizdə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə dini və tarixi abidələrimizin bərpası həyata keçirilir, yeni məscidlər tikilir. Xatırlasaq, istər dövlət başçısı İlham Əliyev, istərsə də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva qaçqın və məcburi köçkünlərlə görüşlərində bu əminliyi ifadə edirdilər ki, məskunlaşdıqları ərazilərdə yaradılan şərait müvəqqəti xarakter daşıyır. Tezliklə münaqişə öz ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar.

Qeyd etdiyimiz kimi, bu gün həmin istəyin, arzunun reallığa çevrilməsi sevincini yaşayırıq. Artıq Böyük Qayıdışın ilk addımı atıldı. Zəngilanın Ağalı kəndinin sakinləri öz doğma yurd-yuvalarına qayıdaraq bu ərazilərə yeni nəfəs verirlər. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə hər səfərləri, burada görülən bərpa və quruculuq işləri ilə yaxından tanış olmaları, yeni obyektlərin təməlqoyma mərasimlərində iştirak etmələri və sair kimi biri-birindən uğurlu addımlar tarixi hadisələr kimi yaddaşlarda qalır. Bu gün artıq soydaşlarımızın müvəqqəti məskunlaşdıqları yerlər deyil, doğma yurd-yuvaları əsl cənnətməkana çevrilir.

Ötən ilin may ayında dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada, Cıdır düzündə 28 ildən sonra yenidən “Xarıbülbül” musiqi festivalı ənənəsi bərpa edildi. Artıq iki ildir ki, “Xarıbülbül” musiqi festivalı dünyaya səs salır. Dövlət başçısı İlham Əliyev ötən il “Xarıbülbül” musiqi festivalının açılışında bildirmişdir: “Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək. Builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir. Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır... Bir daha biz bütün dünyaya buradan - Şuşadan, qədim torpağımızdan mesaj veririk. Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur”.

Şuşa artıq hər gün qonaqlarını qarşılayır, müxtəlif tədbirlərə, beynəlxalq əhəmiyyətli sənədlərin imzalanmasına şahidlik edir. Mədəniyyət paytaxtımız Şuşa illərdir həsrətində olduğu doğma musiqimizə qovuşmaqla 28 il əsarətdə qalsa da əyilmədiyini, Azərbaycan xalqının milli ruhunu qoruduğunu bir daha təsdiqlədi. “Xarıbülbül” musiqi festivalının keçirildiyi tarix “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!” söyləyən ulu öndər Heydər Əliyevin ruhunun şad olduğu, arzularının həyata keçdiyi gün oldu. Heydər Əliyev Fondu belə möhtəşəm, tarixi əhəmiyyət kəsb edən tədbirə təşkilatçılığı ilə Heydər Əliyev siyasətinin növbəti təntənəsi kimi dəyərləndirilən tarixi Zəfərimizi bir daha dünyaya təqdim etdi.

Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini bir yazı çərçivəsində əhatə etmək mümkünsüzdür. Xalqımız hər zaman bu inamı və əminliyi ifadə edir ki, Azərbaycan hər bir çətinliyi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində dəf edəcək. Mehriban xanım Əliyeva həm Heydər Əliyev irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun prezidenti, həm də dahi şəxsiyyət Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini kimi Ümummilli Liderin siyasi kursunun uğurlu davamına mühüm addımları ilə dəstək verir. Məlum olduğu kimi, Zəfərimizin yaratdığı reallıqlara uyğun olaraq Yeni Azərbaycan Partiyasının ötən il keçirilən VII qurultayında yeni qərarlar qəbul olundu, struktur dəyişikliyi aparıldı, yeni tərkib formalaşdı. Partiyanın yeni Nizamnaməsi qəbul olundu. Mehriban xanım Əliyevanın YAP Sədrinin birinci müavini vəzifəsinə təyin edilməsi hədəflərə yüksək səviyyədə nail olmağa geniş imkanlar yaradır. Bu il 30 illik yubileyini qeyd edəcək Yeni Azərbaycan Partiyası keçilən yolun hesabatını verməklə, gələcəyə hansı hədəflərlə irəlilədiyini açıqlayacaq. Bütün məqsədyönlü fəaliyyəti dövründə möhtəşəm uğurlara imza atan Mehriban xanım Əliyevanın amalı, fədakarlığı, ictimai-siyasi mövqeyi hər kəs üçün örnəkdir.

Mehriban xanım Əliyeva bu gün Azərbaycan da qadın hərəkatının lideri kimi dövlətimizin inkişafı naminə geniş və hərtərəfli fəaliyyət göstərir, humanizm ideyalarını dəstəkləyir və bunu atdığı addımları ilə nümayiş etdirir. Bu mühüm məqamı da qeyd edək ki, insan hüquqlarının yüksək səviyyədə qorunduğu, demokratik prinsiplərin inkişaf etdirildiyi Azərbaycanın bu istiqamətdə atdığı addımlar, dövlət başçısı tərəfindən imzalanan əfv sərəncamları və təsdiqlənən Amnistiya aktları beynəlxalq səviyyədə təqdir edilir. Məhz 2003-cü ildən indiyədək Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 4 Amnistiya aktının qəbul edilməsi cəmiyyətimizə xoş ovqat gətirib.

Bütövlükdə Mehriban xanım Əliyevanın fəaliyyətinin ümumiləşdirilmiş ifadəsi budur ki, xalqa xidmət missiyası hər kəs tərəfindən yüksək dəyərləndirilir. Xalqın sevgisi Mehriban xanım Əliyevanın bütün təltiflərinin önündə dayanır. Humanizmin başlıca prinsiplərindən olan mərhəmət anlayışı Azərbaycanın birinci xanımının ali həyat kredosudur. Mehriban xanım Əliyeva müsahibələrinin birində demişdir: “Zənnimcə, geniş anlamda, mərhəmət ən yaxşı və ən ülvi insani keyfiyyətlərdən biridir”. Həmçinin həmin fikirlərin davamı olaraq digər müsahibələrində bu məfhumu daha geniş anlamda təqdim etmişdir ki, həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir: “Bunlar olmamalıdır - istər ictimai xadim ol, istərsə də dövlət qulluğunda işləyən adam. İnsanlıq hissini qoruyub saxlamaq lazımdır”.

Qısa təhlil bu ümumiləşdirməyə əsas verir ki, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycanda qadın hərəkatında yeni bir mərhələ kimi qiymətləndirilir. Onun şəxsiyyətində Azərbaycan qadını üçün səciyyəvi olan yüksək humanizm və qayğıkeşlik kimi keyfiyyətlər parlaq təcəssümünü tapıb. Bir sözlə, xalqa müraciətlərinin, təbriklərinin sonunda özünün qeyd etdiyi kimi, öz millətinin MEHRİBANı olmaq səadəti ona nəsib olub. Uğurlu fəaliyyəti ilə nəinki ölkə, hətta dünya ictimaiyyətinin rəğbətini qazanan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə təkcə son bir ildə azad Qarabağımıza, azad Şuşamıza, azad Şərqi Zəngəzurumuza səfərlərinin xronologiyasına, bu bölgələrdən etdiyi paylaşımlara diqqət yetirərkən Vətən, torpaq, xalq sevgisinin nə qədər böyük olduğunu görür və bundan qürur hissi keçiririk. Bu gün Mehriban xanım Əliyeva 44 günlük İkinci Qarabağ müharibəsi dövründə ifadə etdiyi “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” arzusunun reallığa çevrilməsindən məmnundur. Hələ qarşıdakı illərdə dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın birgə səyləri nəticəsində daha yeni-yeni arzuların, istəklərin reallığa çevriləcəyinin şahidi olacağıq. Qalib Azərbaycana, Azərbaycan xalqına sevinc yaraşır!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər