"Aprelin 2-də danışanda dedi ki, ana, iki kəndi ermənilərdən aldıq" - Şəhid anası

"Aprelin 2-də danışanda dedi ki, ana, iki kəndi ermənilərdən aldıq" - Şəhid anası
















Aprel döyüşlərində qəhrəmancasına həlak olan hərbçilərimizdən biri də müddətdən artıq hərbi qulluqçumuz Hüseyn Zeynal oğlu Dəmirlidir

Şəhid hərbçimizin ailəsi ilə görüşmək üçün Biləsuvar rayonuna yola düşdük. Biləsuvar rayonu dedikdə yada ilk olaraq Milli Qəhrəmanımız Mübariz İbrahimov düşür. Həmişə qəhrəman oğulları ilə tanınan Biləsuvar rayonu aprel döyüşlərində üç Şəhid verib. Müddətdən artıq hərbi qulluqçu Murad Məmmədov, əsgər Fərahim Novruzov də Hüseyn Dəmirli aprel döyüşlərində qəhrəmancasına Şəhid oldular.

Şəhid əsgərimizin ata evi Biləsuvar rayonu Səməd Vurğun küçəsində yerləşir. Şəhidimizin ata evinə çatırıq və bizi Şəhidimizin qardaşı Rəsul qarşıladı. Evə daxil oluruq, Şəhidimizin anası Təranə xanım bizi qarşılayıb evə dəvət edir. Elə söhbətimizə ilk olaraq Şəhidimizin qardaşı Rəsulla başlayırıq. Rəsul deyir ki, aprel döyüşləri zamanı özü də Tovuzda hərbi xidmətdə olub:

“Hüseyn və Kamran mənim əkiz qardaşlarımdı...”

“Ailədə dörd qardaş və bir bacıyıq. Hüseyn və Kamran mənim əkiz qardaşlarımdı. Onlardan sonra bacım Türkan mən və kiçik qardaşım Rəhman dünyaya gəlib. Hüseyn və Kamran 2010-ci ildə Biləsuvar rayon 4 saylı orta məktəbini bitirblər. Sonra ali məktəbə sənəd verdilər. Kamran Azərbaycan Neft Akademiyasına qəbul olsa da, Hüseyn qəbul ola bilmədi. Sonra Hüseyn hərbi xidmətə yollandı. Cəbhə bölgəsində xidmətə başladı. Əsgəri xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başladı. Aprel döyüşləri zamanı mən də əsgərlikdəydim. Tovuz rayonunun ermənilərlə təmas xəttində xidmət edirdim. Xidmətimi başa vurmuşdum, amma aprel döyüşlərinə görə bizi tərxis etmədilər. Aprelin 4-də Hüseyn Şəhid olan kimi məni qardaşıma görə məzuniyyətə buraxdılar. Yas mərasimindən sonra hərbi hissəyə qaydıb ordu sıralarından tərxis olundum”.

Söhbətimizin bu yerində bizə çay gətirən Şəhidimizin anası Təranə xanım söhbətimizə qoşulur:

“Allah o əkiz uşaqları mənə pay vermişdi...”

“Oğul, gecəm-gündüzüm yoxdu. Hüseyn məni tək qoymalı deyildi. Allah o əkiz uşaqlrı mənə pay vermişdi. Amma niyə Hüseyni məndən aldı bilmədim. Hüseyn fevralın 13-də məzuniyyətə gəlmişdi. 15 gün onu doyunca gördüm. Martın 30-da yenə xidmət etdiyi hərbi hissəyə qayıtdı. Aprel döyüşləri zamanı televiziyadan xəbər tutdum ki, müharibə başladı. Bu haqda Hüseyn mənə heç nə deməmişdi. Həmin vaxtı Hüseynə nə qədər zəng vursam da zəng çatmadı. Aprelin 2-də bizimlə danışdı. Ürəyim partlayırdı. Təsəvvür edin ki, Hüseyn müharibədə, o biri oğlum Rəsul Tovuzda hərbi hissədə və silahlı qüvvələrimizin zabiti olan kürəkənim də müharibədə döyüşürdü. Üç balamın müharibədə olması məni çox nigaran qoymuşdu.

“Dedim ki, ay vətən oğlu Hüseyn...”

Axırıncı dəfə Hüseynlə danışanda dedi ki, ana, iki kəndi ermənilərdən aldıq. Dedim ki, ay vətən oğlu Hüseyn, halaldı sənə. Elə bil bu sözləri mənə Allah dedizdirirdi. (Ağlayır) Aprelin 4-də axşamüstü gördüm ki, qohumlarım həyətə gəlir. Onda yaxın qohumlarımdan biri mənə dedi ki, Hüseyn Şəhid olub. Gecəni səhərə kimi ağladım. Özümə yer tapmırdım. Aprelin 5-də səhər tezdən Hüseynin cənazəsini həyətə gətirdilər və ordan da Biləsuvarda böyük izdihamla dəfn olundu. İndi başımı itirimişəm oğul. Hüseyn bizi yarımçıq etdi. Hüseyn əvvəl günündən zirək uşaq idi. Həmişə çalışırdı ki, işləsin pul qazansın. Amma indi onsuz çətindi”.

Hüseyn Dəmirli ölümündən sonra ölkə başçısı tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib. Şəhidimizin atası Zeynal kişi işdə olduğuna görə onunla görüşə bilmədik. Əkiz qardaşı Kamran da Bakıda tələbədir. Sonda Şəhidimizin ailəsinə başsağlığı verib oradan ayrılırıq. Allah bütün Şəhidlərimizə rəhmət eləsin.(Moderator.az)
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər