Rekord canlı itki, diplomatik fiaskolar, Strasburq şilləsi... - İrəvan üçün “qara yanvar”

 Rekord canlı itki, diplomatik fiaskolar, Strasburq şilləsi... - İrəvan üçün “qara yanvar”










Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağla bağlı məlum açıqlaması nəzərə alınmazsa, 2017-ci ilin yanvarı Ermənistan üçün yetərincə uğursuz sayıla bilər. Söhbət təkcə siyasi-diplomatik meydanda düşmən tərəfin fiasko olan cəhdlərindən getmir. Məsələ həm də ondadır ki, hələ başa çatmamış yanvar ayında işğalçı tərəf rekorda sayda (7) hərbçi itirib.

Əslində Rusiya baş diplomatının məlum fikirləri arasında “işğal altındakı ərazilər qaytarılmalıdır” ifadəsi də yer alıb ki, bunu da artıq erməni təhlilçilərin özləri Rusiyanın Ermənistanı işğalçı qismində tanıması kimi təqdim edir. Bu xüsusda siyasi şərhçi Tevos Arşakyanın imzası ilə yayımlanan məqalə diqqət çəkir.

Məqalədə rəsmi Bakının diplomatiyası Ermənistan hakimiyyətinə nümunə göstərilir (publik.az). Müəllif yazır ki, 2017-ci ilin başlanğıcında Ermənistan diplomatiyası iki ağır məğlubiyyətlə üzləşib: “Birinci məğlubiyyət Sergey Lavrovun mətbuat konfransında səsləndirdiyi fikirlər idi. Çoxları Lavrovun Bakıya qarşı çıxış etdiyini deyir və bunu İrəvanın qələbəsi kimi təqdim edir. Halbuki, Lavrov ”işğal edilmiş ərazilər qaytarılmalıdır" deməklə Ermənistanın işğalçı olduğunu elan etdi. Yəni strateji müttəfiqimiz Rusiya bizi işğalçı hesab edir".

Erməni siyasi icmalçı İrəvanın diplomatiyasının ikinci məğlubiyyəti kimi Qarabağa qanunsuz səfər etmiş blogger Aleksandr Lapişinin həbsini göstərib. Yeri gəlmişkən, Belarus Baş Prokurorluğu onun ekstradisiyası haqda qərarı yanvarın 19-da çıxarıb. Bu gün - yanvarın 26-da isə Minsk Şəhər Məhkəməsi bloggerin həmin qərardan verdiyi apelyasiya şikayətinə baxacaq.

“Bakının tələbi ilə o, Belarusda həbs olundu, sonra Azərbaycan prezidentinə üzrxahlıq məktubu yazdı. Məktubda Lapşin məsuliyyətsiz hərəkətlərinə görə üzr istəyirdi. Ermənistan isə bu məsələdə heç nə edə bilmədi və susdu”, - deyə məqalə müəllifi qeyd edir.
Ancaq Lapşin Azərbaycan prezidenti tərəfindən əfv olunsa belə, artıq məsələdə Azərbaycan diplomatik-təbliğati qələbəsini qazanıb. “Lapşin insidenti” ilə işğalçıya, separatçılara, onların Qarabağ təbliğatına ciddi zərbə vurulub...

*****

“Qara yanvar”ın İrəvan üçün bəd sürprizləri bununla da bitmir. Ermənistana növbəti diplomatik sillə Fransanın Strasbur şəhərindən - Avropa Şurası Parlament Assambleyasından (AŞ PA) gəlib. Artıq məlumdur ki, erməni deputatların və lobbiçilərin dəridən-qabıqdan çıxmasına rəğmən, qurumun qış sessiyasında Ukraynanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, AŞ PA-nın Mədəniyyət, Elm, Təhsil və KİV Komitəsinin sədri Volodimir Aryevin hazırladığı “Avropada jurnalistlərə və mətbuat azadlığına qarşı hücumlar” adlı hesabatı təsdiqlənib.

Hesabatda Gürcüstan və Moldovanın separatçı əraziləri ilə yanaşı, Azərbaycanın Dağlıq Qarabağ ərazisi separatçı qüvvələrin nəzarətində olduğundan burada mətbuatın vəziyyətinin qiymətləndirilməsinin mümkünsüzlüyünə dair qeyd edilən 9-cu müddəa da erməni nümayəndə heyətinin etirazlarına rəğmən, təsdiqlənib. AŞ PA üzvləri hesabatın 9-cu bəndini olduğu kimi - yəni Dağlıq Qarabağın Azərbaycanın ərazisi və bu bölgənin erməni separatçıların nəzarətində olduğunu qəbul ediblər. Beləliklə, qurum bir daha özünün əvvəlki qətnamələrinə sadiq qalaraq, Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi təsbit edib.

*****

Nəhayət, erməni təbliğat maşınına başqa bir zərbə Avropa Şurasının baş katibi Tyorbörn Yaqlanddan gəlib. Yaqland plenar iclasda Xankəndi həbsxanasında üç ildir qanunsuz şəkildə saxlanılan azərbaycanlı girovlar - Dilgəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasını tələb edib. O, eyni zamanda onların Azərbaycana qaytarılmasının əlamətdar bir jest ola biləcəyini söyləyib. Bundan əlavə, Yaqland 29 dekabrda tərəflər arasında baş vermiş silahlı insident zamanı qətlə yetirilən azərbaycanlı əsgərin meyitinin qaytarılması məsələsini bir daha qaldırıb.

“Qara yanvar”ın İrəvan üçün digər bir neqativ sürprizi isə Bakı Sülh Platformasına qoşulan ermənilərin sayının yanvar ayında daha sürətlə artması hesab oluna bilər. Beləcə, Ermənistan təzə ilin ilk ayındaca Qarabağ cəbhəsinin bütün istiqamətlərində (təmas xəttində, təbliğat meydanlarında) Azərbaycanın “yaylım atəşləri”nə tuş gəlib.

Ən prinsipial məqam odur ki, illərdir beynəlxalq hüquq normalarını ayaqaltı edən, Dağlıq Qarabağdakı separatçı qurumu beynəlxalq hüququn subyekti qismində dünya birliyinə sırımağa çalışan düşmən ölkəyə bu ayda AŞ PA timsalında bir daha yeri göstərilib, beynəlxalq hüquqa sayğıya dəvət edilib, Azərbaycanın ərazi bütövlüyünün təsbit edildiyi və hüquqi qüvvəyə malik daha bir mötəbər sənəd ortaya çıxıb. Bu, o deməkdir ki, Ermənistana işğalçı imicindən qurtulub status-kvonu rəsmiləşdirmək ona heç cür müyəssər olmur. Olmayacaq da... \\musavat.com\\
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər