Mübariz Əhmədzadə: Növbəti tarixi bir gün

Mübariz Əhmədzadə: Növbəti tarixi bir gün


Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə - Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında həmrəylik yüksək səviyyəyə qalxmaqdadır. Bunun əsas səbəbi son 250 ildə ilk dəfə olaraq erməni millətçiləri üzərində möhtəşəm qələbə qazanaraq işğal altında olan tarixi torpaqlarımızı işğaldan azad etməyimizdir. Xalqları və millətləri birləşdirən əsas amillərdən biri də ümumi düşmənə qarşı birləşməklə birgə qələbə çalmaqdan yaranan milli qürur və iftixar hissidir. Artıq Azərbaycan xalqı 2020-ci il sentyabrın 27-dən başlanan və 44 gün davam edən İkinci Qarabağ Vətən Müharibəsində əldə edilmiş Böyük Qələbənin 3 ildir ki, qürurunu və sevincini yaşayır.
Mübariz Əhmədzadə: Növbəti tarixi bir gün


Prezident İlham Əliyev 2020-ci il sentyabr ayından başlayaraq 30 il işğal altında olan Qarabağ və Şərqi Zəngəzurun şəhər və kəndlərinin ordumuz tərəfindən azad edilməsi barədə hər gün şad xəbərlər verməklə xalqımızı sevindirirdi. O vaxtdan demək olar ki, hər gün cənab İlham Əliyev Azərbaycan xalqına Zəfərlə dolu günlər yaşadır. Soydaşlarımız öz doğma yurdlarına dönürlər. Bu ilin oktyabr ayının 15-də ölkə başçımızın Xankəndində Azərbaycan bayrağını ucaltması Azərbaycan dövlətinin güdrətinin nümayişi, Prezident İlham Əliyevin qətiyyətinin, siyasi iradəsinin, güclü siyasətçi və diplomat olmasının göstəricisi idi. Xankəndində futbol meydançasında keçirilən yarışı Prezident, Ali Baş Komandan İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva stadiona gəlmiş minlərlə azərbaycanlılarla bir yerdə izlədi. Futbol matçını izləyənlər arasında uşaqlar, yaşlı insanlar da var idi. Həmin gün Azərbaycanın növbəti şanlı bir tarixi günü oldu. Həmişəki kimi uşaqdan böyədək hər kəs öz Prezidentilə qürur duyduğunu, onunla fəxr etdiyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev öz xalqı ilə qədim Azərbaycan torpağı olan Xankəndində bir yerdə olması, Ermənistandaki revanşist qüvvələrə və onların havadarlarına bir mesaj idi ki, bu torpaqların əsil sahibləri azərbaycanlılardır. Biz öz torpaqlarımıza qayıtmışıq və əbədi burda yaşayacayıq. Prezidentimizin futbol matçını rəsmi şəxslərlə deyil, şəhid ailələri və onların övladları ilə bir yerdə izləməsi onlara böyük hörmət bəsləməsinin göstəricisi idi. Ölkə başçımız hər zaman şəhidlərimizin xatirəsini uca tutub və gələbəmizi onların sayəsində qazandığımızı vurğulayıb. Uşaqların Mehriban xanıma yaxınlaşan zaman onun bu uşaqları ana qayğısı ilə bağrına basması bir daha Mehriban xanımın xalqının övladlarını öz övladları qədər sevdiyinin şahidi olursan. Bu tarixi günləri, anları xalqımıza bəxş etmək üçün Prezidentimiz 20 il istirahət etmədən gecə - gündüz çalışdı.

Cənab İlham Əliyev Ermənistanla yanaşı onlara havadarlıq edən böyük dövlətlərə qalib gəldi. Çox təəssüf ki, daxildə dövlətə, xalqa qarşı çıxanlar da var. Həmişəki kimi bu dəfə də radikal müxalifət ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərində ölkədəki siyasi sabitliyi pozmağa can atır və əsasız bəyanatlar səsləndirirlər. Bu onların acizliyinin nümunəsidir. Xalqımız onları çoxdan Azərbaycanın siyasi həyatından silib.

Bu Böyük Qələbəyə doğru xalqımız otuz ildən çox yol gedib və bu Qələbənin əldə edilməsində 1991-ci il dekabrın 16-da əsası qoyulan Dünya Azərbaycanlılarının Həmrəylik Günü mühüm rol oynayıb.
Mübariz Əhmədzadə: Növbəti tarixi bir gün

Ümummilli lider Heydər Əliyev Azərbaycan respublikasının xarici siyasətinin əsas vəzifəsini belə müyyən etmişdir: ”Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yürüdülməsidir. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir. Bunun üçün dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələr yaratmalı və inkişaf etdirməliyik, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməliyik”.

Ulu öndər tərəfindən müəyyən edilmiş bu vəzifələrin və xarici siyasətimizin həyata keçirilməsində və milli maraqlarımızın dünya miqyasında təmin olnmasında xaricdə yaşayan azərbaycanlıların və diasporumuzun üzərinə də mühüm vəzifələr düşmüşdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dövlətçilik fəaliyyətində diaspor işinə böyük diqqət yetirmiş, harada və hansı vəzifədə çalışmasından asılı olmayaraq daim Azərbaycan dövlətinin nüfuzunu yüksəltmiş, Azərbaycan xalqının şərəf və ləyaqətini qorumuş, azərbaycanlıları uca tutmağa, onların mənəvi və fiziki qabiliyyətlərini aşkara çıxarmağa, onlara inam və etimad göstərməyə çalışmış, başqalarını da buna təşviq etmişdir. O, hakimiyyətdə olduğu dövrlərdə çox cəsarətlə və qorxmadan “Azərbaycan dövləti”, “Azərbaycan xalqı”, ”Azərbaycan milləti”, “Azərbaycan dili”, ”Türk dünyasının birliyi”, “Bir millət-iki dövlət”,”İslam həmrəyliyi” və s. kimi fikir, ideya, söz və ifadələrini uca kürsülərdən söyləmişdir. Heydər Əliyev Azərbaycan xalqının qədim və qəhrəmanlıqlarla dolu tarixini, zəngin mədəniyyətini, ecazkar təbiətini, çox rəngarənk və ləzzətli mətbəxini, həzin,ürəkləri lərzəyə gətirən musiqisini, ədəbi-fəlsəfi fikirlərlə dolu olan ədəbiyyatını və.s dünyaya nümayiş etdirməyə çalışmışdır. Ulu öndər Dünya azərbaycanlılarının I qurultayında demişdir: ” Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.

2001-ci il noyabrın 9-10-da müstəqil Azərbaygan Respublikasının paytaxtı Bakı şəhərində Dünya azərbaycanlılarının I qurultayı keçirildi. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlıların bir çoxu uzun illərdən bəri Sovet İttifaqının tərkibində olan Azərbaycanı görməmiş və onların bəziləri Vətən, xalq, millət anlayışlarına yadırğamaqda idi. Soydaşlarımızın bir qismi yaşadıqları ölkədə kosmopolit insanın, yerli mədəniyyətin, dinin və dilin daşıyıcısına çevrilirdi və onlardan bəziləri öz ana dilində danışmağı belə unutmaqda idilər. Belə bir zamanda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında Sərəncam imzaladı. Ulu öndər azərbaycanlıların milli şüuruna yenidən işıq saçmaqla onların milli kimliyini, milli mənsubiyyətini, milli tarixi kökünü bir daha müzakirə mövzusu edərək və bu məsələlərdə diaspor işinə xüsusi önəm verərək, dünyanın müxtəlif qitələrində yaşayan azərbaycanlıları doğma Vətənə - Azərbaycana topladı. Ulu öndər Heydər Əliyevin qurultaydakı çıxışında söylədiyi fikirlər soydaşlarımızın milli şüurunu və tarixi yaddaşını yenidən silkələdi, onların milli hisslərini coşdurdu və işıqlandırdı. Dünya azərbaycanlılarının birinci qurultayının belə geniş tərkibdə və miqyasda Bakıda keçirilməsi, orada möhtəşəm qərarların qəbul edilməsi yalnız və yalnız ümummilli lider Heydər Əliyev kimi bir tarixi şəxsiyyətin sayəsində mümkün ola və belə təntənəli və tarixi əhəmiyyət daşıya bilərdi. Yalnız və yalnız ulu öndər Heydər Əliyevin dünya şöhrəti, müdrikliyi, bacarığı, səriştəsi, dəmir məntiqli nitqi sayəsində müxtəlif ölkələrdə yaşayan və müxtəlif dünyagörüşə malik olan dünya azərbaycanlıları bir araya gəldilər və milli məqsədlər naminə yumruq kimi birləşmək qərana gəldilər. Dünya azərbaycanlılarının möhkəm milli birliyinin yaranması istiqamətində atılan addım kimi bu tarixi qurultayın çağırılması ümummilli lidir Heydər Əliyevin Azərbaycan dövlətçiliyi, tarixi, xalqı və dünya azərbaycanlıları qarşısında ən böyük xidmətlərindən biri idi.

Ulu öndər Heydər Əliyev bu və digər məsələlərin mahiyyəti ilə bağlı o qədər məzmunlu, elmi-fəlsəfi və siyasi cəhətdən dolğun və əsaslandırılmış tarixi tezislərlə çıxış etdi ki, qurultay iştirakçıları onun çıxışını dəfələrlə ayaq üstündə alqışlarla qarşıladılar. O, 1991-ci ildə Sovetlər İttifaqının dağılmasını,15 müttəfiq respublikanın öz müstəqilliyini yenidən bəyan etməsini və 1920-ci ildən sonra itirilmiş müstəqilliyin bərpasını dünyada gedən obyektiv tarixi proseslərin məntiqi nəticəsi kimi xarakterizə etdi və bu proseslərin nəticəsində dünya azərbaycanlılarının həmrəyliyinin yaranması ücün əlverişli şəraitin yarandığını bildirdi. Heydər Əliyev öz nitqində bu məsələlərə toxunaraq dedi: “...biz hələ müstəqilliyimizin ilk aylarında,1991-ci il dekabrın 16-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında qərar qəbul etdik. Biz o vaxtdan bu günü böyük bayram kimi qeyd edirik və o vaxtdan da dünyada yaşayan azərbaycanlılarla əlaqələrimiz tədricən inkişaf etməyə başladı. Bunlar hamısı Azərbaycanın müstəqilliyinin və Azərbaycan xalqının milli azadlığının nəticəsidir”. Ümummilli lider öz nitqində qeyd etdi ki, bütün dünyaya səpələnmiş azərbaycanlıların birliyi, həmrəyliyi indi həm bizim üçün, müstəqil Azərbaycan dövləti üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir.

Ümummilli lider qurultay nümayəndələrinə muraciət edərək dedi:” Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı olaraq istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı, azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli - mənəvi dəyərlərimizdir, mlli mədəniyyətimizdir, ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, şeirlərimiz, mahnılarımızdır, xalqımıza məxsus olan adət-ənənələrdir”. Ümummilli lider öz nitqində xüsusi vurğuladı:” insan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın. Dünyada eyni zamanda assimilyasiya prosesi də var. İnsanlar-mən azərbaycanlılar haqqında danışıram- gərək, yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək, orda özləri üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim öz milli – mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır”.

Dünya azərbaycanlılarının Bakıda I qurultayının keçirilməsinin əsas əhəmiyyətindən biri də bundan ibarət olmuşdur ki, qurultayda iştirak edən insanlar, dünyanın bir-çox üzaq ölkələrindən gəlmiş soydaşlarımız Azərbaycanda qurultay ərəfəsində bir-biri ilə daha da ünsiyyətdə olmuş, bir-birini anlamağa çalışmış, müxtəlif ölkələrdə fəaliyyət göstərən icmaların vahid diaspor halında birləşməsində böyük rol oynamışlar.

I Qurultayda ümummilli lider Heydər Əliyev azərbaycançılıq ideologiyasının Azərbaycan dövlət müstəqilliyi əldə edəndən sonra aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olduğunu bəyan etdi. Ümummilli lider dedi: ”Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.

Dünya azərbaycanlılarının I qurultayında ulu öndər yüksək tribunadan bir daha bəyan etdi: ”Müstəqil dövlət kimi Azərbaycan öz milli mənafelərinə uyğun olan müstəqil xarici siyasət aparır. Müstəqil xarici siyasət aparmaq müstəqilliyi daha da möhkəmləndirmək deməkdir. Biz həm xarici əlaqələrdə, həm də Azərbaycanın daxilində bir çox çətinliklərlə rastlaşmağımıza baxmayaraq , öz müstəqilliyimizi qoruyaraq dünyada müstəqil siyasət aparırıq”. Daha sonra milli lider vurğuladı ki, Azərbaycan sülhsevər dövlətdir. Biz dünyanın bütün ölkələri ilə lazım olan səviyyədə iqtisadi, siyasi, ictimai, elmi, humanitar əlaqələr yaratmışıq, yaradırıq və bu əlaqələri inkişaf etdiririk və etdirəcəyik. Ancaq Azərbaycan heç vaxt öz müstəqil siyasətindən geri çəkilməyəcəkdir. Onun müstəqil xarici siyasəti Azərbaycanın müstəqilliyinin əsas rəmzidir, əsas göstəricisidir”.

Azərbaycan dövlətinin dünyəvi, hüquqi və demokratik dövlət olduğunu, bu yolla getdiyini və bundan sonra da bu yol ilə gedəcəyini bəyan edən milli lider qurultay iştirakçılarını əmin etdi: “Azərbaycanın böyük təbii sərvətləri, əlverişli coğrafi-strateji mövqeyi, güclü iqtisadi, intellektual potensialı və azərbaycanlıların yüksək mədəni səviyyəsi müstəqil ölkəmizin gələcəyinin çox xöşbəxt və firavan olmasını təmin edəcəkdir. Əmin ola bilərsiniz ki, bu yol, qarşıda duran üfüqlər, perspektiv tam realdır. Apardığı iqtisadi siyasət sayəsində bir neçə ildən sonra Azərbaycan zəngin ölkələrdən biri olacaqdır. Azərbaycan xalqının rifah halı çox yaxşılaşacaqdır. Azərbaycanda hər kəs sərbəst, azad yaşayacaqdır. Azərbaycanda demokratik quruculuq işləri, söz azadlığı, insan azadlığı, mətbuat azadlığı- bütün azadlıqlar təmin olunub və bundan sonra da təmin olunacaqdır.Yəni siyasi dünyagörüşündən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı burada, doğma vətənində rahat, özü istədiyi kimi yaşayacaqdır”.

Azərbaycanın ən böyük problemi olan Azərbaycan - Ermənistan Dağlıq Qarabağ probleminə toxunan Heydər Əliyev münaqişənin həlli ilə bağlı görülən işlərdən danışdı və əmin olduğunu bildirdi ki, bu münaqişə də aradan götürüləcək, işğal olunmuş torpaqlar azad ediləcək, yerindən-yurdundan didərgin düşmüş qaçqın və köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar. “Təbiidir ki, bu məsələdə beynəlxalq təşkilatlarla yanaşı, Azərbaycan diasporuna da böyük ehtiyacımız var.”-deyə o bildirib. Hamımız - siz də, biz də çox iş görməliyik ki, Azərbaycanın güclü diasporu yaransın.

Ulu öndər çıxışını belə arzularla başa vurdu: Qoy, çaylarımız qurumasın! Qoy, ağaclarımız kəsilməsin! Qoy, çırağımız sönməsin! Azərbaycan xalqına eşq olsun! Yaşasın müstəqil Azərbaycan, Azərbaycan, Azərbaycan!

Ümummilli lider Heydər Əliyev Azərbaycan diasporunu gücləndirmək məqsədi ilə türk və islam dünyasının birlik və həmrəyliyinin də vacib olduğunu bəyan etmiş və bu istiqamətdə də zəruri addımlar atmışdır.

Ulu öndərimizin ideyalarının və siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətində də diaspor işi daim diqqət mərkəzində olmuşdur. Prezident İlham Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizin dövlət quruculuğunun bir şox istiqamətləri kimi diaspor quruculuğu işində də varislik təmin edilmiş oldu. ”2003-cü ilin oktyabrın 15-də ölkədə keçirilən növbəti prezident seçkilərinin nəticələri, Heydər Əliyevin siyasi kursunun davamçısı İlham Əliyevin inamlı qələbəsi, seçkidən sonra həyata keçirilən siyasətin xalq tərəfindən qətiyyətlə dəstəklənməsi onu göstərir ki, tariximizin Heydər Əliyev mərhələsi davam edir və bundan sonra da hələ uzun müddət davam etmək resurslarına malikdir”. (Bax: Yeni Azərbaycan Partiyasının İcra Katibliyi tərəfindən hazırlanmış “Heydər Əliyev: Böyük Azərbaycanlı” kitabı, Bakı,2013,səh 15.).

Azərbaycan dövlətçiliyi üçün misilsiz əhəmiyyət daşıyan məsələlərdən biri olan dünya azərbaycanlılarının həmrəyliyi, diaspor quruculuğu,türk və müsəlman dünyasının birlik və həmrəyliyi istiqamətində ümummilli lider Heydər Əliyevin arzuları və siyasi xətti həmin siyasi kursun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Heydər Əliyev tərəfindən müəyyən edilmiş güclü dövlətçilik və müstəqillik kursunun davam etdirilməsi, ölkədə bərqərar olmuş möhkəm ictimai-siyasi sabitliyin qorunub saxlanılması,ölkənin davamlı sosial-iqtisadi inkişafəna nail olunması ilə bərabər, uğurlu xarici siyasət, diaspor işi və dünya azərbaycanlılarının həmrəyliyinə də Azərbaycan hakimiyyəti tərəfindən xüsusi diqqət ayrılır.

2016-cı il iyunun 3-4-də Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının IV Qurultayı keçirilmişdir. Həmin qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünya azərbaycanlılarının birliyi ilə bərabər türk və müsəlman dünyasının da birliyi və həmrəyliyinin vacib olmasını vurğulamışdır. 2006-cı ilin sentyabrında Türkiyənin Antaliya şəhərində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən Türkdilli dövlətlərin və toplumların X dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında Azərbaycan Prezidenti İlham Əliyev belə bir tezis irəli sürdü: ”Bir millətin iki diasporu ola bilməz”. Madam ki,Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir, deməli, biz dünyada da bir vahid diaspor kimi fəaliyyət göstərməliyik”.

Azərbaycan Prezidenti İlham Əliyevin təklifi ilə 2007-ci ilin dekabrında Bakıda keçirilən türkdilli dövlətlərin və toplumların XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı türk dünyasının bir araya gəlməsində mühüm rol oynadı.

Mübariz Əhmədzadə: Növbəti tarixi bir gün


Azərbaycan Respublikasının türk dünyasının birliyi və həmrəyliyi istiqamətində həyata keçirdiyi tədbirlər, ölkəmizin bu istiqamətdə ən fəal rol oynaması nəticəsində, mən deyərdim ki, XX əsrin əvvəllərində olduğu kimi, XXI əsrdə də türkçülük ideyalarının mərkəzi olmaq missiyası yenidən Bakıya keçdi. Daim körkəmli şərqşunas alimlər, türkoloqlar, Mirzə Kazım bəy, Əli Bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Əhməd Cavad, Hüseyn Cavid və s. kimi dahilər yetirən ölkəmizdə türkçülük ideyaları yenidən qol-qanad açmağa başladı. Uzun müddət görülən məqsədyönlü işlərin nəticəsində 2009-cu ilin oktyabr ayında Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının I sammiti keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Abdulla Gül, Qazaxstan Prezidenti Nursultan Nazarbayev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Qırğızıstan Prezidentinin səlahiyyətlərini icra edən Roza Otonbayeva həmin sammitdə iştirak və çıxış etdilər. Həmin sammitin qərarı ilə yaradılan Türkdilli Dövlətlərin Parlament Assambleyasının Baş katibliyinin baş ofisinin Bakıda yerləşməsi nəticəsində Azərbaycan yeni bir beynəlxalq təşkilatın mərkəzi olmaq statusunu qazandı. Daha sonra, 2009-cu ilin oktyabr ayında türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilmiş IX zirvə görüşü türk dövlətlərinin birliyi istiqamətində mühüm addım oldu. Həmin zirvə görüşündə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası yaradıldı və 2011-ci ildə Qazaxstanın Astana şəhərində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının I Zirvə Görüşü keçirildi. 2010-cu il sentyabrın 16-da Türkiyənin İstanbul şəhərində keçirilən Türkdilli ölkələrin dövlət başçılarının sammitində qəbul edilmiş qərara uyğun olaraq 3 oktyabr tarixi rəsmi olaraq Türkdilli Ölkələrin Əməkdaşlıq Günü kimi qeyd olunur.

Azərbaycan xalqının zəngin ədəbi-bədii, mədəni, tarixi, elmi, incəsənət, müsuqi, idman, turizm və s. sahələrdə əldə etdiyi nailiyyətlərin dünyaya çatdırılmasında Azərbaycanın Birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin birinci müavini, İSESCO-nun xoşməramlı səfiri Mehriban Arif qızı Əliyevanın böyük xidmətləri vardır. O, bir çox dövlət və ictimai vəzifələr daşımaqla uzun müddətdir ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər