Ağdam Musiqi Kolleci “Heydər Əliyev ili” elan olunmuş 2023-cü ildə keçiriləcək tədbirlərə, ifa müsabiqələrinə ciddi hazırlıq görüb

Ağdam Musiqi Kolleci “Heydər Əliyev ili” elan olunmuş 2023-cü ildə keçiriləcək tədbirlərə, ifa müsabiqələrinə ciddi hazırlıq görüb


“Azərbaycan milli musiqi irsinin böyük bir hissəsi məhz Qarabağın payına düşür – desək, yanılmarıq. Bunu hamımızın sevə-sevə dinlədiyimiz musiqi folklor nümunələrinin – el havalarının adları da deyir: “Qarabağı”, “Uzundərə”, “Güllücə”, “Qaradağı”, “Arazbarı”, “Gülüstanı”, “Əsgəranı”, “Tərəkəmə”, “Çanaqqala”, və bu kimi bir çox oyun havaları Qarabağın dağlı-yamaclı, güllü-çiçəkli, gözəl təbiətə malik, igid oğul və qızlarının yaşadığı kənd və obalarının adı ilə bağlıdır. Xalq mahnıları içərisində Qarabağla bağlı olan adlar, eyni zamanda poetik mətnində bu diyarın səfalı yerlərinin adlarını daşıyan havalar da kifayət qədərdir. Hər bir musiqiçi öz ifası, ustad dərsləri ilə yeni nəslə, həm də, Qarabağın sanki bir hissəciyini də ötürmüşdür. Qarabağ musiqi mühitinə xas olan obrazlılıq – təbiətə vurğunluq, füsunkar dağların-çeşmələrin, gözəllərin poetik təsviri, hadisələrə dərin emosional münasibət, saf, içdən gələn musiqi intonasiyaları, əsil milli ruh, səs tembrinin özünəməxsusluğu, şaqraq zəngulələr, zəngin melodik, metr-ritmik müxtəliflik, zil səsli xanəndələrin, xüsusilə, sevilməsi, ifa zamanı dərin hisslərin çatdırılması, və ya coşqun emosionallıq və bu kimi özəlliklər Qarabağdan Azərbaycanın bütün bölgələrinə daşınmış və yeni nəsil xanəndələri tərəfindən inkişaf etdirilmişdir. Bu baxımdan, demək mümkündür ki, Qarabağ məktəbi musiqi mədəniyyətimizin böyük bir mərhələsini təşkil edir. Ona görə də Vətən müharibəsində əldə olunan Qələbə nəticəsində Qarabağın işğaldan azad edilməsi mədəniyyət, incəsənət ictimaiyyəti üçün ikiqat əhəmiyyət daşıyır”.

Bu sözləri qəzetimizin əməkdaşı ilə söhbətində Ağdam Musiqi Kollecinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rəfael Musayev demişdir. Onun sözlərinə görə, Şuşa – Azərbaycanın musiqi beşiyi, dahi bəstəkar Üzeyir bəyin ana yurdu olduğu kimi, musiqi xəzinəmizin, zəngin sənət örnəklərinin əksər çoxluğu həm də Ağdamdan olan xanəndə və sazəndələrinin, eləcə də, ustad aşıqlarının adı ilə bağlıdır: “Qarabağ musiqi məktəbinin, ifaçılıq ənənələrinin, zəngin musiqi mədəniyyətinin yayılmasında bu diyarın musiqiçilərinin böyük rolu olmuşdur. Şuşada, Ağdamda, o cümlədən, Qarabağın ayrı-ayrı bölgələrində doğulub, boya-başa çatmış, xanəndə, sazəndə, aşıq kimi formalaşmış musiqiçilər Azərbaycanın əksər şəhər və kəndlərində, Qafqazın və yaxın ölkələrin bir çox şəhərlərində konsertlər vermiş, oxuyub-çaldıqları şaqraq havalar ilə doğma vətənin sədasını hər tərəfə yaymışlar. Ağdamda doğulub boya-başa çatmış xanəndə və sazəndələrin çox hissəsi, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan əvvəl və sonra, bu və ya digər səbəblərdən, Bakıya, Gəncəyə və başqa şəhərlərə köçmüş və burada fəaliyyətlərini davam etdirmiş, musiqi məktəblərində dərslər vermiş və gələcək nəsillərin yetişməsində müstəsna rol oynamışlar”.

Xatlrladaq ki, Ağdam Musiqi Kolleci (əvvəlki adı: Ağdam Musiqi Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsidir. 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı adı ilə adlandırılmış, keçən ildən təşkilati-hüquqi forması dəyişdirilərək, publik hüquqi şəxsə çevrilmişdir. Kollecdə İnstrumental ifaçılıq (alətlər üzrə); Xanəndəlik; Vokal sənəti, Aşıq sənəti, Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə) ixtisaslar üzrə mütəxəssislər hazırlanır. Kollecin Qədir Rüstəmov, Ramiz Quliyev, Rafiq Hüseynov, Rafael Musayev və s. kimi məşhur məzunları olmuşdur. Tələbələri rayon tədbirlərində, musiqili yarışmalarda, o cümlədən, müsabiqələrdə iştirak edərək hər zaman yaxşı nəticələr göstərmiş və göstərməkdədirlər.

R.Musayev deyib ki, 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar Ağdam Musiqi Kollecinin kollektivi, tələbə kontingenti Ümummilli liderin anadan olmasının 100-cu ildönümünə həsr ediləcək respublika və rayon miqyaslı tədbirlərə, ifa müsabiqələrinə ciddi hazırlıq görüb.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər