“Paşinyan Rusiyanın Ukraynaya uduzmasını gözləyir” - Ekspert danışır

“Paşinyan Rusiyanın Ukraynaya uduzmasını gözləyir” - Ekspert danışır


Politoloq Elşən Manafov Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Bir aydır azərbaycanlı ekofəalların Laçın yolundakı etiraz aksiyası davam edir. Tələblər isə yerinə yetirilmir. Belə olan halda proses hansı istiqamətdə dönə və ya durum bu şəkildə nə vaxta qədər davam edə bilər?

- Təbii ki, bu, vətəndaş mövqeyidir. Hələlik azərbaycanlı fəalların Rusiya sülhməramlılarının komandiri Volkovla görüş istəyi baş tutmur. Sanki Volkov fəalların bu israrlı tələbini “eşitmir”. Düşünürəm ki, bu proses Moskvanın da diqqətindədir. Əlbəttə, Volkov birbaşa Kremlin bu məsələyə münasibətini açıqlayacaq və ya onun adından mövqe sərgiləyəcək şəxs deyil. Bəllidir ki, Volkov Kremlə tabe olan şəxsdir.

Hər halda proses nəzarət altındadır, fəalların mövqeyi və tələbləri isə aydındır. Vardanyan, ümumən separatçı rejimin Azərbaycan ərazisindəki (Qarabağın dağlıq hissəsindəki) yataqların qanunsiz istismarının dayandırılması və orada monitorinqin aparılmasını tələb edirlər. Hələlik bu tələblər yerinə yetirilmir.

Prosesin nə vaxtda qədər davam edəcəyi məsələsinə gəldikdə, bu, uzana da bilər. Vardanyan və digər separatçılar əllərindən gələni edirlər ki, tələblərimiz qəbul olunmasın. Çünki yataqlarımızın qanunsuz istismarından əldə etdikləri gəlirlərdən məhrum olmaq istəmirlər. Vardanyanı Xankəndiyə gətirən əsas səbəblərdən biri də elə bu idi.

Moskvanın bu məsələyə mövqeyindən asılı olaraq, tərəflər arasında danışıqların baş tutması da mümkündür. Bütün hallarda haqlı tərəf bizik, prosesin də bu çərçivədə həll ediləcəyi qənaətindəyəm.

- Laçın yolundakı durumla bağlı qərbli siyasətçilər və ekspertlərdən münaqişənin yenidən alovlanacağına dair iddialar gəlir. Sizcə, bölgədə yeni müharibə ehtimalı nə qədərdir: Laçın yolu mümkün hərbi toqquşmanın başlanğıc nöqtəsi ola bilərmi?

- Qənaətimə görə, bu məsələnin ətrafında təxribatın baş verə biləcəyi ehtimalı da var. Azərbaycan bu ehtimalı nəzərə alır. Ona görə də prosesin təxribat nöqtəsinə qədər irəliləməsinə imkan vermir. Hər halda mümkün təxribatın münasibətləri gərginləşdirməsi nə Bakının, nə də Moskvanın marağındadır. Ona görə də həm Rusiya, həm də Azərbaycan bütün ehtimalları nəzərə alır. Rusiya sülhməramlılarının etiraz aksiyasının əvvəlində mövqe dəyişməsi də bundan irəli gəlirdi.

İndiki məqamda yeni gərginlik heç kimin marağında deyil. Ermənistan və ya separatçılar bunu istəyə, hətta buna cəhd göstərə bilərlər, amma maraqlar onların arşınları ilə ölçülmür. Prosesin tam nəzarətdə olduğunu, öz məcrasından kənara çıxmasına imkan verilməyəcəyini düşünürəm.

- Ermənistanda isə anti-Rusiya atmosferi güclənir. Ermənilərin bu fonda Gümrüdəki Rusiya bazasının önündə etiraz aksiyası keçirmələri də əlamətdar oldu. Ermənistanda güclənən anti-Rusiya ab-havasının son nəticələri necə ola bilər?

- Ermənistanın anti-Rusiya addımları onun özü üçün baha başa gələ bilər. Hər halda Paşinyanın xarici siyasəti qərbyönlüdür, bununla belə Ermənistana zərər verə biləcək addımlardan da uzaq durmağa çalışacağını düşünürəm. Amma Paşinyanı belə addım atmağa sövq edən bəlli dairələr var. Rusiyanın isə həm Paşinyan, həm də Ermənistanın mövqeyinə təsir edə biləcək qədər rıçaqları mövcuddur. Bu, təkcə Rusiyanın Ermənistanda hərbi bazasının olması ilə əlaqəli deyil. Ermənistan iqtisadiyyatı, dəmir yolu şəbəkəsi və digər önəmli sektorları Rusiyanın ciddi nəzarəti altındadır.

Güman edirəm ki, Ermənistan hakimiyyəti davam edən Rusiya-Ukrayna müharibəsinin nəticələrini, yəni Rusiyanın uduzmasını gözləyir. Yəqin İrəvanda düşünürlər ki, Rusiya Ukraynada məqsədlərinə nail olmasa, Cənubi Qafqazda da mövqelərini itirəcək və bu halda Ermənistanın ondan uzaqlaşması üçün şansları arta bilər.

Zənnimcə, İrəvandan bundan sonra da Rusiya və Ukrayna arasında baş verənlərdən çıxış edərək qərarlar qəbul edəcəklər. Ona qədər isə Ermənistan hakimiyyətinin Rusiya ilə gərginliyi artıra biləcək addımlardan çəkinəcəyini düşünürəm. Çünki hələlik Qərbdən dəstək alan Ukrayna Rusiyaya müqavimət göstərir.

Qərb Ukraynanın Rusiyaya qarşı müqavimətini gücləndirir. Ötən il Ukrayna Qərbdən 40 milyard dollar dəstək alıb. Bu il də Avropa Birliyi Ukraynaya 18, ABŞ isə 47 milyard dollar dəstək verəcəyini açıqlayıb. Amma məsələ budur ki, Avropa Birliyinin Rusiyadan enerji asılılığı özünü göstərəcək. Qış sərtləşdikcə, Avropa Birliyi Rusiyaya münasibətdə güzəştə getməyə məcbur olacaq. Bunu Rusiya da nəzərə alır. Bu baxımdan, Rusiyadan asılılığını nəzərə aldıqda, Ermənistan ona qarşı addım ata biləcək iqtidarda olan ölkə deyil.

Ermənistan hakimiyyəti hələ ki, manevr edir. Həm Rusiyanı, həm də Qərbdəki havadarlarını narazı salmaq istəmir. Bəllidir ki, Paşinyan hökuməti Sorosla bağlı bir komandadır. Digər yandan, başa düşürlər ki, Rusiyanı narazı salsalar, bu, onlara baha başa gələ bilər. Buna görə də Ermənistan hakimiyyətinin Rusiya ilə bağlı qərarlarında çəkingən olacağını düşünürəm.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər