Paşinyan Rusiya ilə yanaşı, İrana da xəyanət etdi: ABŞ Ermənistanı platsdarma çevirməyə çalışır

Paşinyan Rusiya ilə yanaşı, İrana da xəyanət etdi: ABŞ Ermənistanı platsdarma çevirməyə çalışır


Paşinyan hakimiyyəti rəsmi Tehranın “qirmızı cizgilər”inin daxilində İranın deyil, məhz onun əsas düşməni olan ABŞ-ın yerləşdirilməsinə cəhd göstərir... Erməni politoloqlar belə, Nensi Pelosinin İrəvana Ermənistanı İran əleyhinə düşərgəyə çəkmək üçün gəldiyini açıq şəkildə etiraf edirlər...

ABŞ Konqresinin Nümayədələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərindən sonra Cənubi Qafqaz ətrafında cərəyan edən geopolitik proseslərin fərqli istiqmətlər ala biləcəyi qətiyyən istisna deyil. Belə ki, bu qalmaqallı səfər bəzi müəmmalı məqamların aydınlaşmasına səbəb oldu. Və bu, həm ABŞ-ın, həm də İranın regional maraqları baxımından, yeni situasiyanın yarana biləcəyini göstərir.

Əslində, N.Pelosinin səfəri ərəfəsində ABŞ və İranın Cənubi Qafqaz siyasətləri təxminən üst-üstə düşürdü. Əsas ortaq məqamlardan biri isə ondan ibarət idi ki, həm ABŞ, həm də İran Ermənistanı açıq və ya dolayısı olaraq, dəstəkləməyə çalışırdı. İndi amerikalı “küpəgirən qarı” ABŞ-ın əsl niyyətini ortaya çıxarıb və bu, rəsmi Tehranın qətiyyən xoşuna gəlməyə də bilər.

Məsələ ondadır ki, Nensi Pelosi İrəvana səfəri çərçivəsində “Qəfəsçiyan İncəsənət Mərkəzi”nə də baş çəkib. Elə həmin “muzey”də Ağ Evin İranla bağlı planları barədə müəyyən “ipucları” verib. Ermənilərin “amerikalı nənə”sinin “xristian ermənilər farslara qarşı igidliklə vuruşublar” deməsi qətiyyən təsadüfi deyil.

Maraqlıdır ki, bəzi erməni politoloqlar N.Pelosinin bu davranışına diqqət etməklə yanaşı, narahat olduqlarını da qətiyyən gizlətməyirlər. Erməni polittexnoloq Karen Koçaryan hesab edir ki, bu, ABŞ-ın İrana yönəlik hədəflərinə üstüörtülü bir eyhamdır. Siyasi analitik Argişti Kiviryan isə vurğulayıb ki, N.Pelosinin İrəvana niyə gəldiyini anlamaq artıq o qədər də çətin deyil.

Erməni analitik hesab edir ki, N.Pelosinin bu davranışı ABŞ-ın Ermənistanı İrana qarşı başladılmaqda olan kampaniyaya cəlb etmək niyyətini biruzə verir. Onun fikrincə, Nensi Pelosinin “Qəfəsçiyan İncəsənət Mərkəzi”ndə Avarayr döyüşünü (451-ci ildə Sasani imperiyası ilə ermənilər arasında baş verdiyi iddia edilən döyüş) əks etdirən rəsmin qarşısında dayanaraq, ermənilərin farslara qarşı müharibəsindən danışması təhlükəli planlardan xəbər verir: “Bu beyinsizlərdən soruşmaq lazımdır ki, N.Pelosi, əslində, Ermənistana niyə gəlib və səfərinin məqsədləri nədir? Əsl hədəf İrandır, İranın tam blokadaya alınması və ermənilərin anti-İran cəbhəsinə cəlb olunmasıdır".

Argişti Kiviryan xatırladıb ki, İran öz ordusunu Ermənistan sərhəddinə yığıb, ancaq İrəvandakı siyasi axmaqlar “Bizim misilsiz xilaskarımız” deyərək, Nensi Pelosinin ayaqlarına döşəniblər: “Halbuki, Azərbaycanın dövlətçiliyinə, ərazi bütövlüyünə tarixən və faktiki təhlükə yaradan cəmi iki dövlət var. Onlardan biri Rusiya, digəri isə məhz İrandır".

Erməni politoloqun fikrincə, Qərb heç vaxt Azərbaycana qarşı ciddi addımlar atmayacaq: “İndi Rusiya-Ukrayna müharibəsi nəticəsində Qərbin alternativ enerji mənbələrinə ciddi ehtiyacı olduğundan ABŞ Azərbaycanı təhdid etməyə qadirdirmi? Nə edəcəklər və niyə? Ermənilər naminə öz maraqlarına zidd gedəcəklər? Sonra İranın niyə daha aktiv olmadığına təəccüblənəcəksiniz. İndi ermənilər İranın ən qatı düşməni olan ABŞ-a ümid bağlayıblarsa, bu ölkə necə fəal ola bilər? Qlobal nöqteyi-nəzərdən, İranın Ermənistanda hətta kəskin addımlar atacağı təqdirdə belə, əməkdaşlıq edə biləcəyi tərəfdaşı yoxdur”.

Göründüyü kimi, Paşinyan hakimiyyəti nə qədər məmnun olsa da, N.Pelosinin İrəvana səfərinin əsl məqsədləri və Ermənistana vəd etdiyi real təhlükələr də elə erməni politoloqların özləri tərəfindən açıq mətnlə gündəmə gətirilir. İran hər xirda imkanda Ermənistanın yanında olduğunu, bu ölkəni müdafiə etməyə çalışdığını biruzə verir. Rəsmi İrəvan isə İranın bu dəstəyinə Ermənistanın ABŞ-a xidmət üçün hazır olmasını qabartmaqla cavab verir.

Məsələ ondadır ki, rəsmi Tehran Ermənistan sərhədlərinin İran üçün “qirmızı cizgi” olduğunu vurğulayır. Rəsmi İrəvan isə həmin “qirmızı cizgi”nin daxilində İranın deyil, məhz onun əsas düşməni olan ABŞ-ın yerləşdirilməsinə cəhd göstərir. Paşinyan hakimiyyəti İranın regional maraqlarını ABŞ-a satmağa tamamilə hazırdır. Və ABŞ-ın Ermənistanla hərbi əməkdaşlığı gücləndirmək niyyətini biruzə verməsindən sonra İranın mövqeyi böyük maraq doğurur.

Çünki, rəsmi İrəvan əvvəlcə Rusiyanı ABŞ-a satdı, indi də İrana qarşı eyni xəyanətin içərisinə girib. Bəzi məlumatlara görə, ABŞ yaxın gələcəkdə Ermənistan ərazisini məhz İrana qarşı platsdarma çevirmək planları üzərində işləyir. Əgər, ABŞ rəsmi İrəvanı Rusiyanın nəzarətindən çıxarıb, Ermənistana yerləşərsə, bu ölkənin sərhədləri İranın üzünə bağlanmış olacaq. Və belə olacağı təqdirdə, rəsmi Tehran İranın “qırmızı cizgiləri” barədə yenidən, həm də bu dəfə daha ciddi düşünmək məcburiyyətində qalacaq.

Əslində, rəsmi Tehran bu barədə elə indidən düşünsə, daha doğru addım atmış olar. Hər halda, artıq Ermənistan sərhədləri İranın “qirmızı cizgi”si olmaqdan çıxıb. Çünki, Paşinyan hakimiyyəti İranın “qirmızı cizgilər”ini artıq N.Pelosiyə “hədiyyə” etdi. Ona görə də, indi rəsmi Tehran Ermənistanın İrana həqiqətən dost olub-olmadığını tam dəqiqliyi ilə müəyyən etməlidir.

Təbii ki, rəsmi Tehran Ermənistanın Rusiyanın ardınca, İrana qarşı da xəyanət içində olduğunu anlamağa başlamış olmalıdır. Çünki, erməni politoloqların belə, Paşinyan hakimiyyətinin İrana xəyanət etdiyini vurğuladığı bir situasiyada, rəsmi Tehranın bunu görə bilməyəcəyi o qədər də inandırıcı deyil. Bu baxımdan, İran XİN-in rəsmisi Nasir Kənaninin N.Pelosinin İrəvana səfərinə eyhamla Cənubi Qafqaz regionunda gərginliyin və qeyri-sabitliyin artmasının heç bir region dövlətinin maraqlarına cavab vermədiyini vurğulaması qətiyyən təsadüfi deyil.

İran rəsmisi vurğulayıb ki, Tehran gərginliyin qızışdırılmasının region ölkələrinin maraqlarına ziddi olduğunu düşünür: “Çünki regionda sülh və sabitlik iqtisadi inkişafın, ticarət əlaqələrinin, əməkdaşlığın genişləndirilməsi üçün zəruridir. Bu, İslam Respublikasının prinsipial siyasətidir. Bundan kənar hər hansı yanaşmanı təxribat hesab edirik və regionda qeyri-sabitliyi qızışdırmaq cəhdlərini qəbul etmirik”.

Göründüyü kimi, Cənubi Qafqazda bir çox önəmli məqamlar artıq tədricən aydınlaşmağa başlayıb. Ermənistan əvvəlcə Rusiyanı ABŞ-a satdı. İndisə, Paşinyan hakimiyyəti ABŞ-a xoş görünmək üçün açıq-aşkar İrana xəyanət etməyə başlayıb. Bu baxımdan, həm Rusiyanın, həm də İranın Ermənistana nə qədər güvəndiyi böyük ehtimalla yaxın vaxtlarda aydınlaşmağa başlayacaq.(Yeni Müsavat)Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər