Heydər Əliyev ucalığının parlaq təcəssümü

Heydər Əliyev ucalığının parlaq təcəssümü


Hər bir qələbəni, hər bir uğuru tarix və şərait yetişdirir. Bu baxımdan İkinci Qarabağ savaşında istər hərbi, istər diplomatik cəbhələrdə qələbəyə gedən yolun təməli hələ Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə qoyulmuşdu. Fəxrlə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkəmizdə başlanan dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün gücü ilə qürurlandığımız, suverenliyimizin və ərazi bütövlüyümüzün yeganə təminatçısı olan Azərbaycan Ordusudur.
Ulu öndərin 1993-cü ilin iyun ayının 15-də hakimiyyətə qayıdandan sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir. Ümummilli lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.
Heydər Əliyev respublikanı nəhəng tikinti meydançasına çevirmək, irimiqyaslı obyektlərin, strateji əhəmiyyətli sənaye müəssisələrinin inşasına xüsusi əhəmiyyət verməklə yanaşı, bir sıra yeni təhsil ocaqları, o cümlədən Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmışdı. Bu hadisə azərbaycanlıların döyüş ruhunun inkişaf etdirilməsində mühüm rol oynamışdır. Ordu quruculuğunda bu məktəbin rolu böyükdür. Respublikamız müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordumuzun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. Qələbəmizlə nəticələnən Vətən müharibəsində vuruşan Azərbaycan zabitlərinin 70%-dən çoxu hərbi liseyin yetirmələridir.
Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşanın azad olunması xəbərini verdiyi gün xalqa müraciətində demişdir: “Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada - Şəhidlər Xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm... Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Bununla da sübuta yetdi ki, Ulu Öndərimizin layiqli davamçısı Prezident İlham Əliyev həm ata vəsiyyətini yerinə yetirən övlad, həm də onun memarı olduğu dövlətin rəhbəri, qurduğu qüdrətli ordunun Ali Baş Komandanı kimi Heydər Əliyev ucalığının parlaq təcəssümüdür.
Ulu Öndər Heydər Əliyevin həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil bir dövlət qurmaq idi. Tarixə müasir Azərbaycanın memarı olaraq düşən Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycanı özünə güvənən qüdrətli bir ölkəyə çevirmək istəyirdi. Bu yolda qəti addımlar atır, əməli işlər görür, özünün iqtisadi inkişaf yolunda olan Azərbaycanın etibarlı, sağlam gələcəyini qururdu. 2003-cü ildən bəri müstəqil dövlətimizin qurucusu və xalqımızın xilaskarı, dahi şəxsiyyət Heydər Əliyev cismən yanımızda olmasa da, onun ideyaları və böyük dühası əbədiyaşardır. Bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır - xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bərpa edilmiş, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşmuşdir.

İqbal Məmmədov
Milli Məclisin deputatıБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər