Ədalət Hacıyev: 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu

Ədalət Hacıyev: 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu


Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev - 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil, eyni zamanda ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Bir sözlə, 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu.

Milli maraqlara zidd addımlar atan Azərbaycanın o zamankı rəhbərlərinin istefası tələbinin irəli sürülməsinə və xalqın qətiyyətlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların böyük bir kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilib. Tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdir. 20 Yanvar faciəsinin törədilmə səbəblərindən bəlli olur ki, bu, siyasi maraqlar naminə Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir. Belə ki, 1990-cı il yanvarın ortalarında SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdir. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi.

Yanvarın 19-dan -20-ə keçən gecə hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar. Kütləvi insan qırğını törədilərkən tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür.

Qanlı yanvar hadisələrinin coğrafiyası təkcə Bakı şəhəri ilə məhdudlaşmadı. Ölkənin digər rayonlarında yanvarın 25-də Neftçala, yanvarın 26-da isə Lənkəranda 8 nəfər qətlə yetirilmişdi. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. 1990-cı il yanvarın 20-də Azərbaycan paytaxtına və respublikanın bir sıra rayonlarına sovet ordusu hissələrinin qanunsuz yeridilməsi, dinc əhalinin qırılması totalitar rejimin törətdiyi ən qanlı aktlardan biri, bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayət oldu. Şəhərin küçələri güllələnmiş və yaralanmış günahsız adamların - qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını belə atəşə tuturdular.

Belə bir vəziyyətdə Azərbaycanın o vaxtkı siyasi rəhbərliyi nəinki istefaya getməmiş, hətta belə bir məqamda susmağı daha üstün tutmuşdur. Ölkədəki mövcud siyasi vəziyyətdən istifadə edən SSRİ Baş Prokurorluğunun istintaq qrupu isə hərbçilərin hərəkətlərində cinayət tərkibinin olmaması nəticəsinə gəlmiş və 20 iyul 1990-cı il tarixində cinayət işinin xitam olunması qərarı verilmişdi.

Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. 20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş hadisələr dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar. 20 Yanvar faciəsinin yaratdığı ictimai-siyasi reallıq süqutu yaxınlaşan SSRİ-də və soyuq müharibənin bitməsi ərəfəsində beynəlxalq arenada formalaşan geosiyasi situasiya fonunda əvvəlcə Azərbaycan SSR-də, sonra müstəqil Azərbaycanda zəncirvarı tarixi proseslərə təkan verdi.

20 Yanvar hadisələrindən sonra xalq daha bir gerçəkliyin şahidi oldu. Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç-üzü açılmağa başlamışdı. Belə ki, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədi. 1993-cü ilə qədər Azərbaycana rəhbərlik edən şəxslərin heç biri bu faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı.

Lakin Azərbaycan xalqının böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyev Bakıda törədilmiş qanlı faciənin səhəri, yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi qiymətini verdi. Qanlı Yanvar hadisələrinə ilk hüquqi qiymət də məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə verildi. Belə ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul edilmişdi.

Ölkə Prezidenti seçildikdən sonra Ulu Öndərin təşəbbüs və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider Heydər Əliyev dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı. 20 Yanvar hadisələri mövzusunda danışrakən Ulu Öndər Heydər Əliyev hər zaman qeyd edirdi: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə.”

“20 Yanvar Şəhidi” fəxri adı da məhz 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə təsis edilib. Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident cənab İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Ölkə başçısının təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb.

Bütün bunlarla yanaşı, 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün Prezident İlham Əliyev tərəfindən mühüm addımlar atılmışdır. Dövlət Başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.

Azərbaycan xalqı 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxmış, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarını unutmur. Hər il yanvarın 20 saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Ölkəmizin müstəqilliyi və azadlığı uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs xatirələri xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər