Allahverdi Əliyev: Ulu öndər Heydər Əliyevin respublikada meliorasiya və su təsərrüfatının inkişafında misilsiz xidmətləri var

Allahverdi  Əliyev:  Ulu öndər Heydər Əliyevin respublikada meliorasiya və su təsərrüfatının inkişafında misilsiz xidmətləri var










Mərkəzi Muğan Qış Otlaqlarının Su Təminatı Sistemləri İstismarı İdarəsinin rəisi Allahverdi Əliyev Ulu Öndər, müasir müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyevin vətənimiz və xalqımız qarşısında misilsiz tarixi xidmətlərindən danışaraq bildirib ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev bəşəriyyətin yetirdiyi dahi, bənzərsiz şəxsiyyətlərdəndir. Müasir Azərbaycan dövlətinin bütöv bir qərinəsini əhatə edən tarixi taleyi, bu illər ərzində ictimai-siyasi, sosial-iqtisadi, eləcə də mədəni həyatımızın bütün sahə və istiqamətlər üzrə dirçəlişi ulu öndər Heydər Əliyevin adi ilə bağlıdır. Məhz bu illərdə Heydər Əliyev rəhbəri olduğu Azərbaycanın bütün məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət, xalqımızı isə bir millət kimi tarixin ağır və sərt sınaqlarından uğurla çıxarmış, müasir Azərbaycanın etibarlı bünövrəsini yaratmışdır.

Mərkəzi Muğan Qış Otlaqlarının Su Təminatı Sistemləri İstismarı İdarəsinin rəisi Allahverdi Əliyev respublikada meliorasiya və su təsərrüfatının inkişafında ulu öndər Heydər Əliyevin böyük və misilsiz xidmətlərini qeyd edərək deyib ki, ölkəmizdə meliorasiya və irriqasiya işlərinin təməlinin XX əsrin əvvəllərində qoyulmasına baxmayaraq, onun əsas inkişafına ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə nail olunub. Həmin illərdə geniş quruculuq işləri aparılıb, iri su anbarları, hidroqovşaqlar, nasos stansiyaları, texniki cəhətdən müasir meliorasiya və irriqasiya sistemləri tikilib istifadəyə verilib, suvarılan torpaqların ümumi sahəsi 1,5 dəfədən çox artıb. Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə meliorasiya və su təsərrüfatı kompleksinə 2,5 milyard manatdan artıq vəsait yönəldilib ki, bu da sovet hakimiyyəti dövrünün 50 ili ərzində bu sahəyə qoyulan vəsaitdən 2 dəfədən də çoxdur. Bu illərdə 200 min hektara yaxın yeni suvarılan torpaqlar kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib, 400 min hektara yaxın suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılıb, 825 min hektar sahədə suvarma sistemləri yenidən qurularaq onların su təminatı artırılıb, 460 min hektar sahədə əsaslı hamarlama və 150 min hektara yaxın sahədə əsaslı yuma işləri aparılıb, texniki cəhətdən mükəmməl irriqasiya və meliorasiya sistemləri yaradılıb. Həmin müddətdə uzunluğu 20 min kilometrə yaxın olan suvarma kanalları, 15 min kilometrdən çox kollektor-drenaj şəbəkəsi, 350 nasos stansiyası, 4 min subartezian quyusu tikilib istifadəyə verilib, ümumi həcmi 3 milyard kubmetr olan su anbarları inşa edilib.

Bu illərdə Azərbaycanda xalq təsərrüfatının yeni ixtisaslaşmış sahəsi - meliorasiya və su təsərrüfatı kompleksi yaradılıb. Bu kompleks ölkə iqtisadiyyatının güclü istehsal bazasına, respublikanın, demək olar ki, bütün bölgələrində iri tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat və layihə-axtarış institutlarına malik olan müstəqil sahələrindən birinə çevrilib.

Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə meliorasiya və su təsərrüfatı öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Bu sahəyə diqqət və dövlət qayğısı bərpa olundu, mövcud meliorasiya potensialının dağıdılmasının qarşısı alındı, ondan daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Ulu Öndərin siyasi xətti və ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə və böyük uğurla davam etdirilir. Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlət quruculuğu sahəsində, iqtisadiyyatımızın yenidən qurulmasında, sürətli inkişaf yoluna çıxmasında, milli adət və ənənələrimizin qorunub saxlanılmasında və digər istiqamətlərdə böyük nailiyyətlər əldə olunur.

Ölkə rəhbərliyinin meliorasiya və su təsərrüfatı sahəsinə göstərdiyi daimi diqqət və qayğıya cavab olaraq cəmiyyətin kollektivinin həmişə olduğu kimi, bundan sonra da qarşılarında duran vəzifələrin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün bütün imkan və bacarıqlarından istifadə edəcəyini, ölkəmizin iqtisadiyyatının daha da inkişaf edərək qabaqcıl dünya ölkələri sırasına çıxması yolunda əllərindən gələni əsirgəməyəcəklərini bildirib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər