İşgəncə verən ermənilər məhkəmədə Azərbaycan xalqından üzr istəyib - YENİLƏNİB

İşgəncə verən ermənilər məhkəmədə Azərbaycan xalqından üzr istəyib - YENİLƏNİB


Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Proses Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Lüdvik Mkrtiçyan suallara cavab verib.

O bildirib ki, 1993-cü ildə Qarabağda Ağdərənin kəndində olub, amma həmin vaxt müharibə olmayıb:

"Bir ay həmin ərazidə olmuşam. Sonra Hadrutda olmuşam. Həmin vaxt müalicə olunmuşam. 1994-cü ildə Suqoşuşanda gəlmişəm. Səngər qazarkən mərmi yanımıza düşdü və kontuziya aldım. Mən o vaxt erməni silahlı birləşməsinin tərkibində olmuşam. Silahlı birləşmə Ermənistan yaratmışdı. Mən də həmin dəstə ilə Qarabağa gəlmişəm Müharibə idi, nə deyirdilər onu da edirdik. Döyüşlərdən sonra mən Ermənistanı tərk edib xaricə getmişəm".

Lüdvik Mktiçyan qeyd edib ki, aprel döyüşlərinə təşkilat vasitəsilə könüllü gəlib:

"Həmin təşkilat xaricdə yaşayan ermənilər tərəfindən maliyyələşir. Onlar da aprel döyüşlərində məni ora cəlb etdilər. Məcburiyyətdən qoşulmuşam döyüşlərə. Bilirdim ki, Qarabağı ermənilər işğal edib. 2020-ci il oktyabrında tanımadığım adamlarla birlikdə Hadruta gəldim və müdafiəyə qoşuldum. Bilirdim ki, həqiqətən Hadrut Azərbaycan ərazisidir. Amma orda ermənilər yaşayırdı".

Təqsirləndirilən şəxs oktyabrın 20-də Hadrutun adını bilmədiyi kəndində saxlandığını deyib:

"O zaman biz hərbiçilər geri çəkilirdik, meşələrdə gizlənirdik. Komandirimiz yoxa çıxdı, onun hara getdiyini bilmədim. Orada 120 nəfər əsgər var idi. Biz meşəlik ərazidə gizləndik. Bu zaman iki tərəfli istiqamətdən atışma başladı. Biz quyu kimi yerdə dayandıq. Hava qaralandan sonra dağa istiqamətdə getməyə başladıq. Səhəri Azərbaycan ordusu tərəfindən əsir götürüldüm. Azərbaycanlı hərbi qulluqçuları özümə düşmən bilmirəm. Kaş belə bir müharibə olmayardı".

Hakimin sualına cavan olaraq bildirib ki, döyüşlərdə iştirakına görə 5 medalla təltif edilib: "Hamısı yubiley medallarıdır. Lakin onlar qiymətli medallar deyil".

Lüdvik Mkrtiçyan sonda Azərbaycandan, Azərbaycan xalqından elədiklərinə görə üzr istəyib:

"İnsanıq, hər birimiz səhv edə bilərik".

Prosesdə Alyoşa Xosrovyanda prokurorun suallarına cavan olaraq bildirib ki, Birinci Qarabağ müharibəsində iki ölkə arasında sərhəddə olub:

"Həmin vaxt mən mülki şəxs kimi orda iştirak etmişəm. Səmimiyyətlə demək istəyirəm ki, mən müharibədə könüllü olmamışam. Azyaşlı uşağım var idi, pul qazanmaq məqsədilə döyüşlərə getmişəm. Özümü yalnız Azərbaycan sərhədlərini pozduğum üçün özümü günahkar bilirəm. Mən də sizdən, xalqdan, hamıdan üzr istəyirəm".

Prosesdə təqsirləndirilən şəxslərin yalan danışdığını deyən zərərçəkmiş Famil Əliyev isə bildirib ki, Lüdvik Mkrtçyan və Alyoşa Xosrovyan müharibə bitəndən sonra da erməni hərbi birləşməsinin tərkibində olub və azərbaycanlı əsirlərə işgəncələr verib:

"1995-ci ilin may ayında ermənilər döyüşdə çox itki vermişdi, onların meyitlərini Şuşa həbsxanasında gətirdilər. Mkrtçyan da orda idi. Onda bizi amansızlıqla döydülər. İyun ayında Şuşada erməni zabitin toyu idi, bu da hərbçi kimi orda iştirak edirdi. Bunlara ermənilərin "ASALA"sı deyirdilər. Bunlar azərbaycanlılara xüsusi işgəncə verən kimi hörmətli hərbçilər idi".

Zərərəçəkmiş Cavid Hüseyn isə deyib ki, 1995-ci ilin mart ayının 21-də Şuşa türməsində onun gözünün çıxarılması prosesində Lüdvik Mkrtçyan və Alyoşa Xosrovyan iştirak ediblər:

"Qarik mənim gözümü çıxaranda əllərimi divara Mkrtçyan və Xosrovyan bağlayıb. Həmin vaxt bunlar ikisi də türmədə bizə işgəncə verirdilər".

Prosesdə sənədlərin tədqiqi mərhələsinə keçid edilib.

***

Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası başlayıb.

"Ölkə.Az"ın Report-a istinadən məlumatına görə, proses Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilir.

Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılan silahlı qrupların fəaliyyətində iştirak edib onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 1991-ci ilin iyul ayında Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürüb qanunsuz olaraq azadlığı məhdudlaşdırılmış Azərbaycan vətəndaşına, habelə 13 sentyabr 1999-cu il tarixdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək Ermənistan Respublikasının İrəvan şəhərinə gətirilib və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilən zaman tərcüməçi kimi iştirak edərkən işgəncə verib.

İstintaqla Lüdvik Mkrtiçyan tərəfindən daha 11 nəfər əsir götürülmüş Azərbaycan vətəndaşının müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın İrəvan şəhərində qanunsuz saxlanıldığı yerlərdə döyülərək müxtəlif xarakterli işgəncələrə məruz qaldığı və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun avtomat silahdan atəş açılaraq öldürüldüyü müəyyən edilib.

Lüdvik Mkrtiçyan 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq ələ keçirilib.

Aparılan istintaq tədbirləri nəticəsində Lüdvik Mkrtiçyanla birlikdə azərbaycanlılara qarşı amansız rəftar edərək onlara işgəncələr verən Ermənistan Respublikasının vətəndaşı 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin də cinayətkar əməlləri ifşa olunub.

İstintaqla Alyoşa Xosrovyanın 5 nəfər azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi müəyyən edilib.

Belə ki, Alyoşa Xosrovyan 1994-cü ilin aprel ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri Babayan Samvel Andranikoviç üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Bundan başqa, Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illər ərzində əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz olaraq saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlq nümayiş etdirərək onlara mütəmadi olaraq döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib.

Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazilərində kəşfiyyat xarakterli hərəkətlər apararkən 3 oktyabr 2020-ci il tarixdə Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən ələ keçirilib.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələrinin üzvləri, Ermənistan Respublikasının vətəndaşları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətməsi və digər faktlara görə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

Belə ki, Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113-cü (işgəncə), 115.2-ci (müharibə qanunlarını və adətlərini pozma), 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mayın 20-də iş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər