Cənub Qaz Dəhlizinin uğurla başa çatdırılması Azərbaycan üçün əhəmiyyətli və tarixi hadisədir

Cənub Qaz Dəhlizinin uğurla başa çatdırılması Azərbaycan üçün əhəmiyyətli və tarixi hadisədir


2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində qələbə qazanan Azərbaycan dövləti Cənubi Qafqaz regionunun yeni iqtisadi güc mərkəzi statusunu qazanıb. Bu gün bölgədə reallaşan qlobal miqyaslı layihələr dünyanın gələcək iqtisadi xəritəsinin mühüm komponentlərini özündə birləşdirməkdədir. Ümumiyyətlə, son dövrlərdə Azərbaycanın dünyanın iqtisadi münasibətlərinin tənzimlənməsində oynadığı rol artmaqda davam edir. Belə ki, Ulu Öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə etmək məqsədilə 1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi"nin uğurları buğünkü reallıqlarda özünün aydın ifadəsini tapıb. Regonal çərçivədə qurulan əməkdaşlığın coğrafiyası məhz bu unikal layihənin reallaşması sayəsində genişlənərək Azərbaycanın dünyanın enerji xəritəsini dəyişməsi ilə nəticələnməkdədir. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələrinin uğurlu sonluqla başa çatmasından sonra “Əsrin müqaviləsi”nin 20 illiyində çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin təməli qoyuldu. Yeri gəlmişkən, ötən ilin 15 noyabrında Cənub Qaz Dəhlizinin əsas komponentlərindən biri olan, Azərbaycan qazını Avropaya nəql edəcək 878 km-lik Trans-Adriatik qaz boru kəmərinin (TAP) tikintisi tamamlanıb və TAP kommersiya əməliyyatlarına başlayıb. Ötən ilin dekabrın 31-də isə TAP vasitəsilə Azərbaycandan kommersiya məqsədli təbii qaz Avropa bazarına - İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılıb. Beləliklə, ölkəmizin iqtisadi-maliyyə gücünün artmasına, Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə xidmət edən Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentləri artıq fəaliyyətdədir. Azərbaycan dünya bazarının böyük qaz ixracatçısına çevrilib.

Vurğulamaq lazımdır ki, mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilmiş "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı videoformatda müzakirələr zamanı çıxışında Prezident İlham Əliyev bildirib ki, tarixi layihə olan Cənub Qaz Dəhlizinin tamamlanması nöqteyi-nəzərindən ötən ilin sonuncu günü əlamətdar bir gün olmuşdur. Sərbəst inteqrasiya olunmuş 3,5 min kilometr uzunluğunda qaz boru xətləri birləşdirilmiş və bir layihə kimi bir-birinə bağlanmışdır. İlk dəfə Azərbaycan qazı Avropaya çatdırılmışdır. Bu, həqiqətən də tarixi hadisə idi. Çünki layihə bütün nöqteyi-nəzərdən –maliyyə, siyasi və texniki baxımdan böyük bir çağırış idi.

Qeyd edildiyi kimi, Cənub Qaz Dəhlizinin uğurla başa çatdırılması Azərbaycan üçün əhəmiyyətli və tarixi hadisədir. TAP-ın istifadəyə verilməsi ilə Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını Avropa bazarına birbaşa boru xətləri vasitəsilə çıxarmağa nail olub. Bu, ölkə iqtisadiyyatına əlavə dəyər qazandırmaqla yanaşı, həm də Azərbaycanın iqtisadi müstəqilliyinin güclənməsi deməkdir. Bununla yanaşı, dünyada təbii qazın ən çox idxal edildiyi Avropa qaz bazarına birbaşa çıxış əldə edən Azərbaycan öz ixrac imkanlarını şaxələndirmiş oldu.


Qadir Əzizov,

4 nömrəli Yol Yaşıllaşdırma MMC-nin direktoru
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər