ŞİR PƏNCƏLİ

ŞİR PƏNCƏLİ


(Aprel döyüşlərində qəhramancasına Şəhid olmuş Gizir Pəncəli Teymurovun xatirəsinə həsr olunur)

Novruz bayramının xoş əhval-ruhiyyəsi kənd həyatına canlanma gətirmişdi. Kənddə yaz- tarla işlərinə hazırlıq gedirdi; bağbanlar bağlarına əl gəzdirməkdə idi.
Hər yaz Nurməmməd kişinin eyvanında yuva quran qaranquşlar bu yaz da qayıtmışdılar və özləri ilə Nurməmməd kişinin evinə böyük bir sevinc gətirmişdilər. Ailənin üçüncü oğlan uşağı dünyaya gəlmişdi. Bacıxanım nənənin sevincindən ayaqları yerə dəymirdi. Gah körpənin bələyini sinəsinə basır, gah da bələyi açıb balacanın əl- ayağını idman etdirirmiş kimi oynadırdı. Bələk hər açılanda körpənin əlləri ölçüsünə görə Bacıxanım nənənin diqqətini çəkirdi. Yalan olmasın, usağın ovcuna bir quşcuğaz sığardı. Körpə bir həftə idi ki, dünyaya gəlmişdi. Nə Nurməmməd kişi, nə də Vahimə ana ad sarıdan narahat deyidilər. Çünki Bacıxanım nənə var idi. Nəsildə adət idi, körpənin adını ağsaqqal, ağbirçək qoyardı. Şam yeməyindən sonra söhbəti oğlu Şirməmməd açdı:
– Ana, balacanın adını gözləyirik. Səhər Nurməmməd "Kənd Soveti"nə gedib uşağa "metrka" yazdırsın. Bacıxanım nənə dizlərinə qoyduğu bələyi yanındakı yastığa qoyub asta-asta açmağa başladı:
–Şirməmməd, Nurməmməd, yaxın gəlin, körpənin şir pəncələrini görürsünüzmü?
Heyrətlənmiş qardaşlar baxışdılar. Şirməmməd:
− Sükür böyüklüyünə, İlahi! − deyə pıçıldadı. Bacıxanım ana:
− Uşaqlar, əgər məsləhətdirsə, uşağın adını Pəncəli yazdırın. Qoy bu oğul nəslimizin şir pəncəlisi olsun...

*
Pəncəlinin orta məktəbdə oxuduğu dövr 1-ci Qarabağ müharibəsi ərəfəsinə düşdü. O, orta məktəbi əla qiymətlərlə oxuyurdu. Ən çox da idman və hərbi hazırlıq dərslərində fəallıq göstərirdi. Arzusu hərbçi olmaq, işğal olunmuş torpaqların geri qaytarılmasında istirakçı olmaq idi. Cəmi doqquz aylıq həqiqi hərbi xidməti zamanı o, komandirlərin sevimlisinə çevrildi. Onların əmrlərinə tabe olur, verilmiş tapşırıqları vaxtında yerinə yetirirdi. Doqquz aydan sonra könüllü olaraq təzə yaradılan Xüsusi Təyinatlı Orduya yazıldı. Türkiyədə oxudu. Peşəkar kəşfiyyatçı kimi yetişdi. Müddətli hərbi xidməti bitirdikdən sonra ata- anasının xeyir-duası ilə yenidən ön cəbhəyə-ordu sıralarına qayıtdı. O, komandiri olduğu əsgərlərin qayğısına qalır, hər birini kiçik qardaşları qədər sevirdi. İllər keçdikcə Pəncəlinin vətənə məhəbbəti birə-on artır. Atəşkəs dövrü olduğuna baxmayaraq düşmən tez-tez sərhədləri pozmağa cəhd edir. Onun komandiri olduğu bölük düsmənin bu həmlələrini vaxtinda dəf edir, düşmənə layiqli cavab verirdi. Elə bir dövr gəlib çatdı ki, artıq Pəncəli və bir neçə komandir yoldaşları kəşfiyyatçı kimi tanınmağa başladı. Belə ki, o, yoldaşları ilə birgə düşmənin arxasına keçir, ordu üçün vacib olan məlumatları toplayırdı. Pəncəlinin şücaəti tez bir zamanda bütün korpusa yayıldı. Hamı onu tanıyır, "Şir pəncəli" ləqəbi ilə çağırırdı.

*

Bir səhər gecə keşfiyyatdan qayıdan "Şir pəncəli" əsgərlərin qarşısına pəncəsi qanlı çıxdı. Doğrusu, nə baş verdiyini anlamaq olmurdu. Hamı boylanıb Pəncəlinin əlinə baxmaq istəyirdi. O, əlini açanda əsgərlərin üzündəki ifadə tamam dəyişdi. "Şir pəncəli" pəncəsində erməninin kəsilmiş qulağını gətirmişdi. Sonralar bu adi hala çevrildi. Pəncəlinin kəsib gətirdiyi qulaqların sayı artdıqca sədası ermənilərin sərhədboyu hərbi hissələrinə yayıldı. Onun bu cəsarəti düşmən tərəfi vahiməyə salmışdı. Qulağının qorxusundan dili, ayağı tutulan erməni əsgərlərinin sayı gündən-günə artmaqda idi...

*
Pəncəli 32 yaşında evləndi. Kənddə yaşıdlarından subay olan yox idi. Toy təmtəraqlı keçdi. Bütün komandir yoldaşları gəlmişdi. Uşaqlar ayrı bir dəsgah qurmuşdular. Bir sözlə, dostlar toyu necə şən əhval-ruhiyyə ilə keçirdilərsə, nağıllarda deyildiyi kimi, sədası yeddi kəndə çatdı. Toyun "meydan" vaxtinda Pəncəli söz istədi. Əvvəlcə böyüklərdən üzr istədi, sonra isə dostlarına təşəkkür edib mətləbə keçdi:
–Hər zaman xalqım, vətənim, torpağım üçün canımdan, qanımdan keçməyə hazıram və həmişə özümə arzu eləmişəm ki, vətənim üçün şəhid olum, Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağı ilə bükülü tabutum dəfn olunmağa getsin! Dostlar... O, üzünü sinif yoldaşlarına, uşaqlıq dostlarına tutub sözünə davam etdi:
– Ata- anam, kiçik qardaşlarım sizə əmanət... Bu sözlərdən sonra Pəncəli vüqarla üzünü çalğıçılara tutdu:"Qoçəli!"
Bayaqdan fəxrlə oğlunun əzələləri titrəyən qollarına baxan Vahimə ananın üzü tutuldu, sanki içində nəyinsə qırıldığını hiss etdi...

*
Hərbi xidmətinin 17-ci ili Pəncəlinin həyat səhifəsinə qızıl hərflərlə yazıldı. O, 24 iyun 2015- ci il tarixində Azərbaycan Respublikası Prezidentinin 1294 nömrəli sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olundu.

*
2 aprel 2016-cı il... Düşmən iri çaplı silahlardan amansızcasına atəş açmış, zirehli texnikalarla hücuma keçmişdi. Rəşadətli ordumuz "Lələtəpə" yüksəkliyini düşməndən azad etməyə çalışır, hücumları dəf edir, düşmənə sarsıdıcı zərbələr endirirdi. Pəncəligilin bölüyü addım-addım irəliləyirdi... Budur! Möhtəşəm qələbə! "Lələ təpə" düşmən tapdağından azad olundu!...
Səhəri gün hərbi hissənin sayseçmə 10 oğlu silahlanıb düşmən arxasına keçməyin planını cızdı. Gecə əməliyyat başladı... Pəncəli və 9 yoldaşı Sərsəng su anbarı yaxınlığında düşmənin üstünə şahin kimi şığıdı. Qeyri-bərabər döyüşdə düşmənin xeyli texnikasını məhv etdilər. İgidlərin özü ilə götürdükləri qumbara və güllələr tükənmişdi. Ermənilər əvvəlcə onları tanklarla mühasirəyə aldılar. Düsmənin niyyəti Pəncəligili əsir almaq idi. Pəncəli tanklardan birini heyəti ilə birgə məhv etdi, ikinci tank səngərdə gizlənmişdi. İgidlərin altısı tank mərmisi ilə yaralandı. Pəncəli isə başından mərmi qəlpəsi ilə ağır yaralandı. Bu dəfə şir pəncələri işə yaramadı. Hər iki əli ilə başından axan qanın qarşısını almağa çalışsa da, artıq gec idi... "Şir pəncəli"nin son nərəsinə komandir dostları Samid və Murad özlərini yetirdilər... Təssüf... O, çoxlu qan itirdikdən sonra huşunu itirdi və az sonra keçindi... Düsmən əlinə keçməsinlər deyə komandir Murad və Samid özlərini güllələdilər. Cəmi bir nəfər sifətindən güllə yarası alıb və mühasirədən çıxa bildi. Digər 6 nəfər cəsur döyüşçü isə 120 erməni əsgərini gəbərdib şəhid oldu...

*
O, otuz beş yaşında vətən uğrunda şəhid olmaq arzusuna çatdı... Pəncəlini haqq evinə yola salmağa təkcə Astara camaatı deyil, Azərbaycanın dörd bir yanından adamlar axışıb gəlmişdi... Azərbaycan bayrağını bağrına basan şəhid atası dərd belini büksə də, vüqarını sındırmadı, "Vətən sağ olsun!" – dedi...

O vaxtdan Əzərüd kəndini sanki ana nəvazişi ilə qucaqlayan dağlar oğlu Pəncəli ilə fəxr edirmiş kimi bir az da qamətini dik tutub...

Zakir Həsənov

15 may 2016-cı il
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər