Rəsmi Bakı Niderland parlamentini tənqid etdi

Rəsmi Bakı Niderland parlamentini tənqid etdi


Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bəzi Avropa ölkələrinin parlamentlərinin qəbul etdiyi sənədlərə münasibət bildirib.
Bu barədə "Ölkə.Az"a XİN-dən məlumat verilib.

O bildirib ki, Vətən müharibəsindən sonra bölgədə yaranan yeni vəziyyət və 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası sadəcə bölgə ölkələrinin deyil, beynəlxalq ictimaiyyətin diqqət mərkəzində saxladığı məsələlərdəndir.

“Azərbaycan tərəfi hər zaman bəyan edib və bir daha vurğulayırıq ki, bölgədə dayanıqlı sülh və təhlükəsizliyin, inkişafın təmin olunması üçün imzalanmış üçtərəfli bəyanatların yerinə yetirilməsi vacib şərtdir. Son günlərdə bəzi Avropa ölkələrinin qanunverici qurumları bölgədəki vəziyyət və razılaşmaların icrası ilə bağlı sənədlərlə çıxış edirlər”, - deyə L.Abdullayeva bildirib.

O xatırladıb ki, bu ilin 2 mart tarixində İtaliya parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasında “Ermənistan və Azərbaycan arasında razılaşmanın yerinə yetirilməsi vəziyyəti haqqında” qətnamə qəbul olunub:

“Qətnamədə hər iki tərəfə müraciət edilərək, tərəflər konstruktiv fəaliyyətə dəvət olunurlar. Balanslaşdırılmış mövqe nümayiş etdirən İtaliya parlamenti İtaliya hökumətinə Ermənistan və Azərbaycan arasında gələcək barışıq şəraitinin yaranması üçün etimad quruculuq tədbirlərini təşviq etmək istiqamətində hər iki dövlətlə ikitərəfli səviyyədə iş aparmağı tapşırıb”.

XİN rəsmisi deyib ki, İtaliya parlamenti ərazilərin minalardan təmizlənməsi məsələsinə diqqət ayırıb və bu xüsusda minalanmış ərazilərin xəritələrinin verilməsini qeyd edib.

“Ümumiyyətlə, bildiyiniz kimi, artıq ikinci dəfədir ki, İtaliya parlamenti üçtərəfli bəyanatın icrası ilə bağlı məsələyə diqqət ayırır. Bir müddət öncə 18 noyabr 2020-ci il tarixində qəbul olunmuş qətnamədə də sözügedən birgə bəyanatın imzalanması alqışlanıb. Tərəflər, bu bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirməyə dəvət olunublar”.

Bu ilin 25 fevral tarixində Niderland parlamentinin Xarici əlaqələr komitəsi tərəfindən “Azərbaycan tərəfindən həbs edilmiş hərbi əsirlərin azad edilməsi ilə bağlı” Niderland hökumətinə çağırış edən qətnamə qəbul olunmuşdu.

L.Abdullayeva söyləyib ki, Niderland parlamentinin növbəti əsassız və tamamilə birtərəfli xarakter daşıyan bu sənədi Komitənin hər zaman qərəzli mövqeyi ilə tanınan üzvlərinin canfəşanlığı nəticəsində qəbul olunub.

“Qeyd etmək istərdim ki, qətnamənin müzakirəsi zamanı iclasda çıxış edən Niderland xarici işlər naziri Stef Blok qətnamənin əleyhinə çıxış edib, həm Ermənistan, həm də Azərbaycanın hərbi əsirlərlə bağlı qarşılıqlı iddialarının olduğunu söyləmiş və qətnamədə hər iki tərəfə çağırışın edilməsi düzəlişini təklif edib. Buna rəğmən qətnaməyə düzəliş edilməyib. Bu, bir daha bəzi ölkələrin parlamentarlarının öz qərəzli mövqelərini hər şeydən, hətta bölgədə sülhün təmin olunması səylərindən üstün tutduqlarını göstərir.

Bir daha vurğulamaq istərdik ki, hərbi əməliyyatların dayandırılmasına dair razılığın əldə olunması ilə bölgədə yaranmış yeni vəziyyətdə, dayanıqlı sülhün əsas təminatçısı qismində çıxış edən üçtərəfli bəyanatların həyata keçirilməsi olduqca vacibdir. Bölgəmizdə sülhü arzulayan hər hansı tərəf məhz bu razılaşmaların icrasına istər bəyanatları, istərsə də fəaliyyəti ilə töhfə verməlidir”, - deyə L.Abdullayeva fikrini yekunlaşdırıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər