“Prezident dedi ki, ondan heç nə istəməyən ilk idmançıyam” - Fotolar+Video

“Prezident dedi ki, ondan heç nə istəməyən ilk idmançıyam” - Fotolar+Video












“Atası onları məşqə getməyə qoymurdu. Evə gəldikdən sonra isə döyürdü. İmkan vermirdim döyməyə, amma deyirdi ki, dərs oxusunlar. Mən isə ona deyirdim ki, idmançı olmaq istəyirlərsə, qoy olsunlar. Yoldaşım istəyirdi ki, uşaqlar müəllim olsunlar”.

Bu sözləri “Qafqazinfo”ya 9 idmançı qardaşın anası Bircəxanım Süleymanova deyir.

70 yaşlı qəhrəman ana oğlanları ilə fəxr edir. İdmançı kimi ölkə bayrağını dəfələrlə yüksəltmələri ona ancaq sevinc bəxş edir. Nəvələrinin də idmançı olmasını istəyən Bircəxanım xanım gəlinlərinə də məsləhətlər verir: “Mən də istəyərəm nəvələrim idmançı olsun. Amma indiki gəlinlər çox uşaq dünyaya gətirmək, onları saxlamaq gücündə deyillər. Həm dövr də həmin dövr deyil. Vəziyyət də çətindir. Nəvələrimin təhsil almağından çox idmançı olmasını istəyərəm. Amma seçim onlarındır”.

Ailənin böyük övladı Hafiz Süleymanov idmanla evdəkilərin xəbəri olmadan məşğul olmağa başlayıbmış. Digər qardaş Zülfüqar Süleymanov deyir ki, Hafiz evdən gizlincə qaçıb məşqə gedirmiş: “Atam Hafizi idmana qoymurdu. Deyirdi ki, hamınız oxuyacaqsınız. Amma o, gizli-gizli qaçıb gedirdi. Hətta zalın qapısı açıq olmayanda pəncərədən girirdi içəri. Yəni idmana o qədər sevgi var idi... Hafiz getdi SSRİ vaxtında dünya çempionu oldu və bizim də bundan sonra idmana yolumuz açıldı. Qardaşım Mübariz güləşə getdi. İki növ üzrə (güləş və ağırlıqqaldırma) ailədə idmançılar yetişdi”.



Ailənin 4-cü uşağı olan Aydın Süleymanov idmana güləşlə başlayıb. O, həm də Qarabağ döyüşlərində iştirak edib: “Böyük qardaşım Hafiz idmana başlayanda hamımıza qadağa var idi. Bayaq deyildiyi kimi, atam imkan vermirdi. Bir maraqlı hadisəni danışacam. Hafiz 1987-ci ildə SSRİ çempionatına gedirdi. Turnir Arxanqelsk şəhərində keçiriləcəkdi. Amma atamın xəbəri yox idi. Biz də atamızdan qorxurduq. Qardaşım dedi ki, atama heç nə deməyin. Hava limanına getdikdən 1-2 saat sonra deyərsiniz ki, Hafiz SSRİ çempionatına gedir. Atam yuxudan oyandı və gördü ki, Hafiz yoxdur. Soruşdu qardaşınız hardadır? Biz də yalan danışa bilmədiyimiz üçün dedi ki, o, hava limanındadır və SSRİ çempionatına gedir. Taksiyə mindi və hava limanına yollandı. Gedib onu tapmışdı. Hafizi geri qaytarmaq istəyəndə məşqçiləri deyib ki, bu potensial SSRİ çempionudur, güclü idmançıdır. Atam deyib ki, bu nə vaxt məşq etdi ki, çempion olacaq. Birtəhər icazə aldı və gedib qızıl medalla qayıtdı. Ondan sonra bizim yolumuz açıldı. Özü də məşqləri davam etdirib Avropa və dünya çempionu oldu. Qardaşım Mübariz güləşlə məşğul olurdu və məni də idmana o apardı. Uşalıqdan güləşə həvəsim var idi. Onsuz da bütün qardaşlarımın (Qadir, Elbrus, Mübariz, Hafiz, Zülfüqar, Sərdar, Elxan, Ramiz) güləşə həvəsi var idi. Evdə həmişə güləşirdik. Qarabağa döyüşlərə getdim. Qayıtdıqdan sonra Zülfüqar tələbəm idi. Amma hamı sonradan ağır atletikaya keçib. Elə bil qanımızda var idi. Bir dəfə dəniz kənarında yarış olub. Atam 55 yaşında idi. Gəlib həmin yarış keçirilən yerdə “gilləri” qaldırıb. Ondan sonra məşqçilər deyib ki, elə ona görə hamınızın qanında var da bu ağır atletika. Mən idmanda o qədər də nəticə qazanmamışam. Çünki pis vaxtlara düşdüm. Qarabağa getdim, qayıtdım. Vəziyyət o qədər də yaxşı deyildi. Bütün bunlar mənə mane oldu”

“Prezident dedi ki, ondan heç nə istəməyən ilk idmançıyam” - Fotolar+Video








Zülfüqar Süleymanov da idmana güləşçi kimi başlayıb. Amma sonradan ağır atletikaya keçib və uğurları da məhz idmanın bu növü ilə bağlıdır: “Yunan-Roma güləşi ilə idmana başladım. Qardaşım Sərdar da mənimlə bir yerdə idmana gedirdi. Eyni çəkidə güləşirdik. O vaxt maraqlı bir hadisə də baş vermişdi. Sumqayıt çempionatı keçirilirdi və biz iki qardaş orada mübarizə aparırdıq. Hər ikimiz finala çıxdıq və bir-birimizlə qızıl medal üçün güləşəcəkdik. Atam da bizim yarışımıza baxmağa gəlmişdi. O da məndən 3 yaş balaca idi. Kiçik olduğuna görə ona qarşı heç bir fənd etmirdim ki, birdən əzilər. Mənim 7, onun 4 yaşı var idi. Atam da kiçik olduğu üçün ona dəstək olurdu və qışqırırdı ki, “Sərdar, at, Sərdar, at”. O da mənə “bedro” atdı. Məni körpü vəziyyətinə saldı. Bütün zal da onun adını qışqırırdı. Buna pis oldum və düşündüm ki, niyə mənə azarkeşlik edən yoxdur. Onu uddum həmin finalda. Amma hamı onu təbrik elədi ki, yaxşı güləşdi. Lakin həmin vaxtlar Yunan-Roma güləşində vəziyyət pis idi. Demək olar ki, maliyyə yox idi. Ancaq Azərbaycan daxilində yarışlara qatılırdıq, onu da özü hesabımıza gedirdik. Bir dəfə yarışa gedirdik və qardaşım Aydın mənə etibar edib fikirləşmişdi ki, bütün sənədləri götürəcəm. Digərləri də sənədləri gətirməmişdi. Amma dedi ki, bu 5 nəfər sənədləri sabah gətirəcək. Mənə isə zamin durmadı və bildirdi ki, sən məsuliyyətli olmalı idin, indi cəzanı çəkməlisən. Həmin yarışda çempion ola bilərdim. Amma güləşdən soyudum. Qardaşım Elxan da ağır atletikada idi. Yavaş-yavaş ora yönəlirdim.

“Prezident dedi ki, ondan heç nə istəməyən ilk idmançıyam” - Fotolar+Video









Həm güləşə, həm ağır atletikaya gedirdim. Bir dəfə eyni gündə iki yarışa çıxdım. Sumqayıt çempionatında səhər güləş birinciliyində, axşam ağır atletikada yarışa çıxdım. Güləşdə uduzdum, amma ağır atletikada qızıl medal qazandım. Bununla da birdəfəlik ağır atletikaya keçdim. Burada milli komandaya daxil oldum. Az yaşda böyüklər arasında Azərbaycan çempionu oldum. Baxdım ki, idman növünə diqqət çoxdur. Bundan sonra 4 dəfə Avropa çempionatlarının mükafatçısı oldum, dünya 4-cüsü oldum, İslam oyunlarında bürünc medal qazandım. Azərbaycan çempionatının rekordçusu oldum. 2010-cı ildə Avropa çempionatına yollandım və bürünc medal qazandım. Bundan sonra isə dopinqə düşdüm. İki idmançı cəzaya məruz qalmışdı, onlardan biri mən idim, biri də Rövşən Fətullayev. Barışmadıq, şikayət elədik. Maraqlı idi ki, yarışdan dərhal sonra deyil, 1 il sonra dopinq cavabları gəlmişdi. Gizli məqamlar var idi, amma heç kim araşdırmadı, məhkəmə olmadı. Cəzamı çəkdim. Sonra yenidən yığmaya çağırdılar. 2014-cü ildə yenidən məktub gəldi ki, 30 idmançımız hamısı dopinqə düşüb. Qısa müddətdə Avropa çempionatına hazırlaşan bütün idmançıları sildilər. Elə idmançılar var idi ki, yarışa getməmişdi, amma dopinqə düşmüşdü. Çox qaranlıq məqam idi. Adını qoyurdular ki, gəlib Azərbaycanda dopinq testi götürməyə həmin adamı tapmayıblar, adını dopinqə salıblar”

“Prezident dedi ki, ondan heç nə istəməyən ilk idmançıyam” - Fotolar+Video






Digər idmançı qardaş Elxan Həsənov isə ölkə başçısı İlham Əliyevlə maraqlı görüşündən, güləşdən qaçmasından söz açıb: “Cüdo ilə başladım. Qısa müddət məşğul oldum və könlümə yatmadı. Həm də məşqçi ilə aramızda problem oldu. Məşqçi öz qohumu ilə güləşdirirdi məni. Həmin uşaq üzərində qalib gəlirdim, deyirdi uduzmusan. Elə ona görə də məşqlərin birindən sonra onu söydüm və qaçdım. Elə oldu ki, qardaşım Hafiz SSRİ yığmasında idi. Mənim də məqsədim o idi ki, yığmada yer alım. SSRİ yığmasında yer almaq elə dünya çempionuna bərabər idmançı sayılmaq idi. Bir neçə dəfə qalib oldum. Nailiyyətlərimin çox olmamağının səbəbi keçid dövrünə düşməyimiz idi. Müstəqilliyin ilk illəri ağır keçdi, maddi sıxıntılar oldu. Avropa çempionatının mükafatçısı, Avropa kubokunun qalibi olmuşam. 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında 7-ci yeri tutmuşam. Hərbçilərin olimpiadasında qızıl medal qazanmışam. 2004-cü ildə Afina Yay Olimpiya oyunlarına vəsiqə qazanmışdım. Amma çiynimdə zədə var idi. Əməliyyat olunmalı idim və maddi vəziyyət zəif idi. 3000 dolları tapa bilmədim. İynələrlə yarışlara gedirdim. 3-cü dəfə çiynim çıxdı və alınmadı. Məcbur idmanı atdım. Sonra isə məşqçi kimi, hakim kimi qayıtdım. İndi beynəlxalq dərəcəli hakiməm. Ən yüksək dərəcəni almışam. İndi övladım Dilavər mənim yolumla gedir. O həvəs olmasa da, tövsiyələrimizi verirəm. Ümid edirəm ki, özümüz edə bilmədiklərimizi uşaqlardan görəcəyik.

“Prezident dedi ki, ondan heç nə istəməyən ilk idmançıyam” - Fotolar+Video


Sizə prezident İlham Əliyevlə maraqlı bir xatirəmi danışacam. 1998-ci ildə İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti və SOCAR-ın vitse-prezidenti idi. Yarışdan gəlmişdik və idmançılarla görüş keçirirdi. Hamını qəbul etdi və növbə mənə gəldi. Girdim İ.Əliyevin yanına təbrik etdi, yarışdan danışdıq. Sonda dedi ki, işlərin necədir, məndən nə istəyin var? Dedim ki, sizin cansağlığınızı istəyirəm, heç nəyə ehtiyacım yoxdur. Baxdı mənə və güldü. Dedi ki, gördüyüm ilk idmançısan ki, məndən heç nə istəmirsən”.

Zülfüqar Süleymanov da prezident İlham Əliyevlə görüşünü xatırlayıb: “İlham Əliyev 2013-cü ildə İslam Oyunlarının qaliblərini qəbul edirdi. Görüş Şahdağ Olimpiya İdman Kompleksində keçirilirdi. Cənab prezident kiməsə fəxri ad, kiməsə ev verirdi. Mənə də ev hədiyyə etdi. Yaxınlaşdım görüşüb təşəkkürümü bildirməyə. Dedi ki, mən sizin ailənizi yaxşı tanıyıram, sizin ailənizin uğurlarından xəbərim var. Bildirdi ki, siz çempionlar ailəsisiniz, kuboklarınız, medallarınız haqqında məlumatım var. Bu, mənə çox xoş gəldi”.

Elsevər Məmmədov

Fotolar-Video: Pərvin Zeynal

“Prezident dedi ki, ondan heç nə istəməyən ilk idmançıyam” - Fotolar+Video“Prezident dedi ki, ondan heç nə istəməyən ilk idmançıyam” - Fotolar+Video“Prezident dedi ki, ondan heç nə istəməyən ilk idmançıyam” - Fotolar+Video“Prezident dedi ki, ondan heç nə istəməyən ilk idmançıyam” - Fotolar+VideoБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər