Zirzəmidə yaşayan Azərbaycan jurnalisti: "Mən özümə kömək edə bilmirəm" - REPORTAJ, FOTOLAR

Zirzəmidə yaşayan Azərbaycan jurnalisti: "Mən özümə kömək edə bilmirəm" - REPORTAJ, FOTOLAR

















Ataların bir sözü var, "Hamını bəzər, özü lüt gəzər". Bəhs edəcəyimiz şəxs tam bu sözü özündə ehtiva edir

Söhbət rusdilli mediada çalışan Vəfa Fərəcovadan gedir. İllərdir ki, mediada olan həmkarımız bir çox ailələrin sosial problemini işıqlandıran, onlara kömək edən həmkarımızdır. Amma onun öz yaşayış şəraitini görəndə dəhşətə gəlməmək mümkün deyil.

Əslində, onun yaşadığı şəraitdən söhbət əsnasında xəbər tutduq. Çox böyük xahişlərdən sonra yaşadığı evlə bizi tanış etdi. Vəfa Fərəcova, 1996-cı ildən bəri Nizami rayonu, İsmayil Məmmədov küçəsi, ev 148 ünvanda yerləşən 4 saylı Bakı Peşə Liseyinə aid binanın zirzəmisində anası ilə birgə yaşayır.

17 yaşı olanda Zəngilan işğal edildiyi üçün məcbur köçkün həyatına başlayan Vəfa, zirzəmidə, divarları nəm, havasız, siçovullarla dolu otaqda yaşayır. Düşünün ki, otağa işıq belə, düşmür. Evə girən siçovullardan qurtulmaq üçün qapıda pişik də saxlayırlar ki, bəlkə faydası olar. Ailə üzvləri yuyunmaq üçün ödənişli hamama gedirlər. Tualet belə, evdən uzaqda və sadəcə 1 ədəddir.

Bakı Dövlət Universitetinin Filologiya Fakültəsini bitirən Vəfa, bu günə qədər ölkənin aparıcı media orqanlarında, qəzetlərində işləyib. Hazırda isə tanınmış saytlardan birində çalışır. Amma maddi durumu onun bu vəziyyətdən xilas olmasına kömək etmir.

Açığını deyim ki, otağa daxil olanda dərhal bayıra çıxmaq istədim. Çünki nəfəs almaq çox çətin idi. Otağın havası ağır, nəm divarların qoxusu da bir yandan...

V.Fərəcova deyir ki, 21 ildir, bu durumda yaşamağa çalışırlar: "Əslində belə şəraitdə yaşamaq yox, ancaq yaşamağa cəhd etmək olar. Anam hər gün səhər saat 6-nın yarısında yuxudan durub, dərs demək üçün Mehdiabada gedir. Bu şəraitdə yaşayan müəllimə hər gün vaxtında dərsində olur. Mən özüm jurnalist maaşı ilə nə edə bilərəm ki? Ev şəraitimi bilməyən tanışlarım var. Üstüm-başım təmiz olduğu üçün bəlkə də ağıllarına belə, gəlməz ki, mən belə bir zirzəmidə yaşayıram. Nə etmək olar? Bu şəraitdə yaşayıram. Bu günə qədər çalışırdım, bunu çoxları bilməsin. Amma nə qədər gizlətmək olar ki?

Dəfələrlə aidiyyəti qurumlara müraciətlər göndərmişəm. Faydası yoxdur. Bir dəfə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət eləmişdim. 2013-cü ildə gəldilər, baxdılar. Soyuducumuzu açdılar. Dedilər ki, burada az ərzaq var. Üstəlik belə yerdə adam yaşaya bilməz. Dedim ki, biz 96-cı ildən burada yaşayırıq. Hələ əvvəl qardaşım da, bacım da bizimlə yaşayırdı. Soyuducuda da az ərzağımız olur. Çünki xarabdır. İstifadə etdiyimiz qədər alırıq. Söhbət orada da qaldı. Daha gələn-gedən olmadı. Bəzən məktublarıma, "Sıra ilə, plan üzrə köçürmə işi gedir. Sıra sizə də gələcək" deyirlər. Amma o sıra nəsə gəlib biz çatmır ki, çatmır.

Hərdən mənə gülürlər. Deyirlər ki, "Sən necə jurnalistsən ki, camaatın dərdini, problemini qurumlara çatdırırsan, işıqlandırırsan, amma özün zirzəmidə yaşayırsan". Mən də deyirəm ki, mən özümə kömək edə bilmirəm, əlimdən gəlmir. Bu barədə bacarığım yoxdur".

Belə şəraitdə yaşamaq təbii ki, xəstəliklərin yaranmasına səbəb olur. Nəm divarlar hər bir xəstəliyi yarada bilir: "Həkimə getməyə qorxuram. Bilirəm ki, "N" qədər xəstəliyim çıxacaq. Telefonu masaya qoyuram, 5 dəqiqə sonra üstünə toz yığılır. Düşünün ki, bu, bizim nəfəsimizə gedir. Divarlar nəmdir. Əvvəllər yerdə yatırdıq. Gördük ki, siçovullar artıq bizə hücum çəkirlər, yataq aldıq. Onun da altını kif bağlayıb. Ayaqqabılarım evdə çürüyür. Otağın içindən gərginliyi yüksək olan elektrik naqili keçir. Yəni hər formada ölümlə üz-üzəyik".

Zirzəmidə yaşayan Azərbaycan jurnalisti: "Mən özümə kömək edə bilmirəm" - REPORTAJ, FOTOLAR
Zirzəmidə yaşayan Azərbaycan jurnalisti: "Mən özümə kömək edə bilmirəm" - REPORTAJ, FOTOLAR
Zirzəmidə yaşayan Azərbaycan jurnalisti: "Mən özümə kömək edə bilmirəm" - REPORTAJ, FOTOLAR
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər