İlham Əliyevi qəzəbləndirən tikinti hansı nazirə məxsus olub? - araşdırma

İlham Əliyevi qəzəbləndirən tikinti hansı nazirə məxsus olub? - araşdırma















Məlum olduğu kimi, prezidenti İlham Əliyevin göstərişi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən "Ovçular evi" ərazisində yaşayış binasının tikintisi dayandırılıb

Buna səbəb tikinti aparan şirkət tərəfindən ərazidəki 54 ağacın qanunsuz olaraq kəsilməsi və ərazidəki yaşıllığın tamamilə məhv edilməsidir. Tikinti yerindəki məlumat lövhəsinə görə, Yasamal rayonunda qeyd olunan ünvanda “Böyük Plaza” yaşayış və ticarət mərkəzinin tikintisi aparılırdı. Lakin tikintini həyata keçirən şirkət mövcud qanunları pozaraq ərazidə ağacları qanunsuz olaraq ağır texnika ilə məhv edib. Məsələ ətraf binalarda yaşayan sakinlərin ciddi narazılığına səbəb olub. Ərazidə aparılan tikinti zamanı yol verilmiş qanunsuzluqlar və ağacların kəsilməsinə ölkə prezidenti İlham Əliyev kəskin reaksiya göstərmiş, tikinti işlərinin dərhal dayandırılması və məsələnin nəzarətə götürülərək araşdırılması barədə göstəriş verib.

Yasamal rayonu, Mətbuat prospektində əraziyə baxış keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların məhv edilməsi barədə akt tərtib edib və yaşayış binasının tikintisini həyata keçirən şirkət 130 min manat məbləğində cərimələnib və fakt üzə cinayət işi açılıb.

Ölkəmizdə yaşıllıqların salınması, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün tədbirlərin görülməsi, qanunsuz ağac kəsilmələrinə qarşı müxtəlif tədbirlər aparılması, ağacəkmə aksiyalarının keçirilməsinə baxmayaraq, mövcud yaşıllıqların məhv edilməsi, ağacların qanunsuz kəsilməsi təbii ki yolverilməzdir.

Prezident İlham Əliyev ağacların qanunsuz olaraq kəsilməsinin yolverilməz olduğunu və bu qanunsuzluqlara qarşı daim ciddi tədbirlər görülməli olduğunu, belə hallara yol verən şəxslərin məsuliyyətə cəlb edilməli olduğunu bildirib:

Prezident İlham Əliyevin ağackəsimi ilə bağlı çıxışından sitat (13 aprel 2014, Nazirlər Kabinetinin iclası, yekun nitqi): "Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir.

Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır”.

İstiqlal.az bu məsələ ilə bağlı araşdırma aparıb. Məlum olub ki, cəmi 2 gün əvvəl Yasamal rayon icra hakimiyyəti sözügedən tikinti ilə bağlı açıqlama aparıb.

Yasamal rayon İcra Hakimiyyətindən İstiPress-ə bildirilib ki, cəmiyyətin sökülən binasının yerində Milli Məclisin deputatları üçün yaşayış binası tikiləcək.

Ərazidə yaşayanlar hələ 2 gün öncə Press-ə bildirib ki, söküntü gecə başlayıb və səhərə qədər davam edib. Nəticədə binanın bir hissəsi tamamilə sökülüb. Ərazidə yerləşdirilən məlumat lövhəsinə əsasən demək olar ki, binanın söküntü işlərini "Böyük Plaza" adlı tikinti şirkəti aparır.

Tikiləcək binada isə yaşayış evlərindən əlavə, alış-veriş və əyləncə mərkəzi də olacaq.

İndi 30 000 üzvü olan cəmiyyətin aqibəti sual altındadır. Əldə etdiyimiz məlumata görə, cəmiyyətin sədri Füzuli Əşrəfov binadakı dükan sahibləri ilə yanaşı, söküntü ilə bağlı heç kimə qabaqcadan məlumat verməyib. Binadakı dükan sahiblərinə söküntü ilə bağlı heç bir kompensasiya da verilməyib.

Virtualaz.org saytı bildirir ki, həmin ərazidə gözü olan bir çox iri məmurların adları əvvəllər mətbuatda çəkilirdi. Həmin “Ovçular evi”ində 2010-cu ildə bilinməyən səbəblərdən yanğın baş verib, içərisində ov silahları da olmaqla mağazanın bir hissəsi yanıb. “Ovçular evi” "Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin balansında olub, bu ictimai birliklə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında neçə vaxtdır qalmaqal yaşanırdı. Nazirlik ictimai birliyi saxta ovçuluq vəsiqələri verməkdə və ovçuluqla bağlı qanunları pozmaqda günahlandırıb. Nəhayət 2014-cü ildə təşkilatla ovçuluq təsərrüfatlarının idarə edilməsinə dair bağladığı müqaviləni ləğv edib.O vaxtdan xəbər yayılmışdı ki, “Ovçular evi”nin ərazisində yeni çoxmərtəbəli yaşayış kompleksi və ticarət mərkəzi tikilməsi planlaşdırılır. Və bu işdə birliyin rəhbəri Füzuli Əşrəfovun da marağı var.

Nəhayət buldozerlər bir neçə gün əvvəl əraziyə daxil olanda və ağacları məhv etməyə, binanı sökməyə başlayanda belə xəbərlər yayılmışdı ki, orada tikiləcək “Böyük Plaza” deputatlar üçün nəzərdə tutulub. Hərçənd bu, ancaq sosial şəbəkələrdə yayılan məlumatlara əsaslanırdı.

Görünür hansısa yolla Bakının mərkəzi prospektində yerləşən həmin ərazini ələ keçirən məmur-oliqarx prezidentin tikinti sektorunun canlandırılmasına dair verdiyi göstərişlərdən sui-istifadə etməyə qərar verib və bu işi paytaxtın onsuz da kasad olan yaşıllıqlarını məhv etməklə görməyə çalışıb. Prezident İlham Əliyev tikinti şirkətlərinin yenidən dirçəlməsi üçün şəraitin yaradılmasına göstəriş verib, ancaq heç vaxt heç yerdə deməyib ki, sektorun canlandırılması naminə tikinti şirkətlərinin yaşıllıqları məhv etməsinə də göz yummaq lazımdır. Əksinə, prezidentin yaşıllıqların məhvinə, ağacların qanunsuz kəsilməsinə görə hansı sərt mövqe nümayiş etdirdiyi çoxdan məlumdur" deyə sayt bildirir.

İstiqlal.az-ın araşdırmaları zamanıhəmin ərazidə tikinti layihəsi planlayan məmur-oliqarxın adı bəlli olub. Etibarlı mənbələrdən verilən məlumata görə, "Böyük plaza" maliyyə naziri Samir Şərifovun patronajlığı altındadır: "Vergilər Nazirliyinin "Cavid" parkının yaxınlığından yerləşən inzibati binasından metronun "İnşaatçılar" stansiyasının yaxınlığındakı məşhur "Centlemen" mağazasına qədər olan ərazidə maliyyə nazirinin himayəsində olan tikinti şirkətləri yaşayış binalarının tikintisi ilə məşğuldurlar. Bu ərazi şəhərin ən prestijni yerlərindən sayılır və sıradan bir şirkət bu işə qol qoya bilməzdi. Təbii ki, Yasamalın icra hakimiyyətinin başçısı bu işdə ona yardımçı olub. Söküntü layihəsinə cari idarəetməni də o həyata keçirib"- deyə mənbə vurğulayıb.(istiqlal.az)
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər