Məşhur iş adamının intiharı ilə bağlı sensasion iddia : Daxili İşlər Nazirliyinin keçmiş idarə rəisinin adı hallanır

Məşhur iş adamının intiharı ilə bağlı sensasion iddia : Daxili İşlər Nazirliyinin keçmiş idarə rəisinin adı hallanır

















2013-cü ildə Bakı-Şamaxı yolunun 50-ci kilometrliyində Abşeron sakini, 1974-cü il təvəllüdlü Bəxtiyar Barat oğlu Məmmədov özünə məxsus "Audi Q7″ markalı, 90 RA 353 dövlət nömrə nişanlı avtomobildə "Vinçestr” markalı silahdan atəş açaraq özünü öldürüb.

Avropa.info xəbər verir ki, Abşeron Rayon Polis Şöbəsindən həmin vaxt mətbuata verilən məlumata görə, sement biznesi ilə məşğul olan Bəxtiyar Məmmədov külli miqdarda borcu olduğuna görə özünü öldürüb.

Mərhum Bəxtiyar Məmmədovun anası Şəfiqə Məmmədova həmin cinayətin detalları və bir çox məsələlərə aydınlıq gətirmək üçün Avropa.info-ya müraciət edərək, oğlunun intihara sövq edildiyini, bunu edən şəxsin hələ də ailəsindən əl çəkmədiyini, ailənin daha bir üzvünü hədəf seçdiyini bildirib. "Oğlum Bəxtiyar Məmmədov Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirəndən sonra Yaroslav Ali Hərbi Məktəbinə daxil olub. Oranı bitirəndən sonra az bir müddət Rusiyada hərbi xidmət keçmiş, sonradan Azərbaycana qayıtmış, 2005-ci ildən öz şəxsi biznesi ilə məşğul olmuşdur. Oğlum Bəxtiyar polkovnik Adil Ağayevlə 2010-cu ildə tanış olaraq, alış-veriş ediblər. Polkovnik Adil Ağayev oğlum Bəxtiyarın bacarıqlı iş adamı olduğunu görüb onu rəhbərlik etdiyi idarəyə, Daxili İşlər Nazirliyi Tikinti Quraşdırma İdarəsinə müavin vəzifəsinə təyin etmək istədi. Bəxtiyar dəfələrlə bu təklifdən imtina etdi. Lakin Ağayev əl çəkməyərək Bəxtiyara vədlər verdi və işlər qaydasında gedərsə Daxili İşlər Nazirliyində tabe olduğu quruma rəis də göndərə biləcəyini dedi.

Uzun müzakirələrdən sonra Bəxtiyar polkovnik Adil Ağayevə müavin olmağa razılaşdı. Lakin o davamlı olaraq evdə bu işə könülsüz getdiyini deyirdi. Beləliklə maaşla dolanan polkovnik Ağayevin xoş günləri, milyonçu həyatı başladı. Oğlum bir dəfə mənimlə məsləhət edərkən dedi ki, A. Ağayev onu daha yüksək vəzifəyə qoymaq istəyir. Bunun üçün 1 milyon 500 min manat lazım olduğunu dedi və bu işə getmək istəmədiyini bildirdi. Lakin az sonra Bəxtiyar pulu polkovnik Ağayevə verdiyini desə də bu işdən gözünün su içmədiyini söylədi ”- deyə mərhumun anası deyir. Şikayətçinin sözlərinə görə, bundan sonra Bəxtiyar Məmmədov Ağayevlə birgə Xırdalanda şərikli bina tikmək qərarına gəlib. Bəxtiyar Məmmədov bu işə 1 milyon 350 min manat vəsait qoyub. Binəqədi qəsəbəsində ümumi dəyəri 450 min manat olan 2 hektar torpaq sahəsi alıb və bəlli olmayan səbəblər üzündən torpaq sahəsini Adil Ağayevin adına sənədləşdirib. "Oğlum Ağayevin vədlərinə inanmışdı. Gecəsi-gündüzü yox idi. Hətta külli miqdarda borc alıb, Ağayevin rəhbərlik etdiyi biznesə qoymuşdu. Amma bir müddət sonra ortadakı pulların yoxa çıxdığını anlayanda, borclar artanda, Ağayevin bu məsələdə əli olduğunu biləndə artıq iş işdən keçmişdi”-deyən Şəfiqə Məmmədova bildirir ki, hansısa söhbətdən sonra Bəxtiyar ciddi depressiyaya düşüb.

"Ana kimi oğlumun işlərinin yaxşı getdiyini görüb çox sevinirdim. Lakin qeyd etdiyim hadisədən sonra onda geriləmə başladı. 85 kilo çəkisi olan Bəxtiyar az müddət içində 20 kilo çəki atdı. Sirli söhbət oğlumu geri salırdı. Deyib-gülən, həyat eşqi olan oğlum özünə qapandı, sirrini heç kimə demədi.

2013-cü ilin aprel ayının 10-da mənə zəng edib "ana, uşaqlardan muğayat ol. Sən səbirlisən, azından onlara 15 il baxa bilərsən” deyib, telefonu bağladı. Əvvəl heç nə başa düşməsəm də özünə qəsd etmək istədiyini anladıq. Amma artıq gec idi. Qardaşı, əmisi oğlu nə qədər mane olmağa çalışsalar da o, özünü Bakı Şamaxı yolunun 50 km-də öz avtomobilində odlu silahla vurmaqla, intihar etdi” – deyə Şəfiqə Məmmədova bildirir. Şikayətçi qeyd edir ki, yas mərasimi bitdikdən sonra polis polkovniki Adil Ağayevlə görüşüb, oğlunun şərikli biznesdən qalan vəsaitlə maraqlanıb. "A. Ağayev məni soyuq qarşıladı və yekunda dedi ki, ona heç kimin borcu yoxdur. Axı bu necə ola bilər? Oğlum biznesmen idi, bütün malını, pulunu Ağayevlə işlətdiyi biznesə qoymuşdu. Ağayev daş-atıb başını tutdu ki, hər şey sıfırlanıb. Arada borc söhbəti yoxdur. Açığı aidiyyatı orqanlara müraciət etdik və oradan belə cavab aldıq ki, ortada hər hansı borcun olması ilə bağlı dəlil-sübut yoxdur. Beləliklə işgüzar, bacarıqlı və böyük perspektivi olan oğlumu intihara məcbur edib, özünü və ailəsini açıq yurdda qoydular, gənc bir adamı göz görə-görə məhv edib, hər şeyini əlindən aldılar, özünü isə intihara məcbur etdilər. Beləcə məsələ bağlanmışdı. Oğlumun il mərasimindən sonra məhkəmədən bildiriş gəldi ki, polkovnik Adil Ağayev indi növbəti qurbanını seçib. Bu dəfə o, Bəxtiyarın əmisi oğlu, heç bir yerdə işləməyən, olduqca kasıb Elnur Məmmədovu hədəfləyib. Guya Elnur Məmmədov ona 200 min pul borcludur. Bu artıq bütün insanlıq, vicdan və qorxusuzluq hisslərinin itirilməsidir. Mən Elnur Məmmədovla danışdım o belə bir şeyin qeyri-mümkün olduğunu dedi. Lakin sonradan xatırladı, dedi ki, hadisə belə olub. İşlə əlaqədar Bəxtiyar Adil Ağayevdən 200 min manat pul istəyib. Adil Ağayev bir telefon nömrəsi verib. Bəxtiyar işçilərdən kimin "28 may” metrosunun yaxınlığında olduğunu soruşub. Elnur həmin ərazidə olub və o, Bəxtiyarın dediyi kimi həmin telefona zəng edib, pulu götürüb və Bəxtiyar Məmmədova çatdırıb. Ondan sonra Bəxtiyar və Adil dəfələrlə görüşüb, iş görüblər. Lakin bir dəfə də olsun 200 min manat söhbəti, borc məsələsi dilə gətirilməyib. Hadisədən az sonra Bəxtiyar Məmmədov intihar edib. Və Ağayevin həmin 200 min yadına düşüb.

Qeyd edim ki, 2010-cu ilə qədər DİN sistemində idarə rəisi olan polkovnik Adil Ağayevin maddi imkanı çox aşağı olub. Lakin 2011-2012-ci illərdə maaşla dolanan yüksək çinli polis məmuru milyonçu iş adamına çevrilib. Mən sual edirəm, bu qədər məhkəmədə, çək-çevirində, bir nəfər də olsun polis əməkdaşında 200 min manatın haradan olduğunu soruşmadı. Bəxtiyar Məmmədovun intiharından sonra ailə Adil Ağayevdən şikayət edib və daxili işlər naziri Ramil Usubov polis adına ləkə olan bu şəxsi sistemdən qovub və məhz buna görə də Adil Ağayev qisas almaq fikrinə düşüb” deyə Şəfiqə Məmmədova bildirir.

Adil Ağayevin şikayətçi olduğu Elnur Məmmədov isə saytımıza göndərdiyi müraciətdə deyir ki, o vaxt Bəxtiyar Məmmədovdan bu 200 min manatın nə pul olduğunu soruşub. "Bəxtiyar isə cavabında bunları dedi. "Şərikli tikdirdiyimiz bina üçün tikinti materialları bazarından nisyə mal götürmüşdüm. Mal sahibləri pullarını istəyirlər. Adilin isə mənə külli miqdarda borcu var. 200 min manat bu borcun cüzi bir hissədir”. Adil Ağayevin Bəxtiyar Məmmədova borclu olduğunu təsdiqləyən bir çox şahid var. Mən bunu istintaqda dedim. Lakin Adil Ağayevin nüfuzu mənim sözlərimdən üstün tutuldu və mənim sözlərim istintaq materiallına salınmadı. Mən kasıb, imkansız adamam. O isə DİN-in keçmiş idarə rəisi, əmim oğlu hesabına milyonçu olmuş birisi. Adil Ağayev istintaqda mənə nüfuzu və bütün imkanları ilə təzyiq etdi. Mən qorxumdan sözümün üstündə dayanmadım və bu mənə baha başa gəldi, özü də çox baha” – deyə Elnur Məmmədov bildirib. Elnur Məmmədov deyir ki, həmin üzləşmədən az sonra Adil Ağayevə zəng edib. "Dedim ki, axı siz mənim bu pula heç bir aidiyyatımın olmadığını bilirsiniz. Məni niyə nahaqdan tutdurmaq istəyirsiniz? Bilirsiniz ki, bir qəpiyim belə yoxdur. Ağayev mənə telefonda dedi ki, "Sən istintaqa qara mühasibatın kitablarını vermisən və Bəxtiyarın ailəsi məni işdən çıxartdırıb”.

Buna görə sizdən qisasımı alacam”. Elnur Məmmədov bir neçə tanınmış QHT sədri, media orqanları və vəkillərlə söhbət etdiyini, üz tutmadığı instansiya qalmadığını söyləyir. "Ali Məhkəmədə məhkəməni uddmağıma baxmayaraq Adil Ağayev nüfuzundan istifadə edərək Apelyasiya məhkəməsində qərarı öz xeyrinə dəyişməyə nail olub. Sabunçu rayon məhkəməsinin məhkəmə icraçıları məni mütəmadi məhkəməyə gəlməyə çağırır, pulun ödənilməsini tələb edirlər. Mənim üçün bu vəsait fantastikdir və bu pulu ödəmək imkanım yoxdur. Lakin, təzyiqlərin qarşısında tab gətirməyərək hətta o pulu hissə-hissə ödəməyə də hazır olduğumu bildirmişəm. Bu məqsədlə Binəqədi rayon Məhkəməsinə (intihar edən əmisi oğlunun yaşadığı ərazi) bu məsələnin həlli üçün vaxt verilməsi məqsədilə müraciət etmişəm, ərizənin surətini isə Sabunçu rayon məhkəməsinə təqdim etmişəm. Sabunçu rayon məhkəmə icraçıları isə bu məqama diqqət yetirmək bir kənara, heç baxmaq belə istəmərlər. Belə bəlli olur ki, keçmiş polis, polkovniki Adil Ağayev mənə heç bir aidiyyatı olmayan məsələyə görə məni doğrudan da həbs etdirmək istəyir.

Açığı mən dövlətimizin, məhkəmələrimizin ali insan haqlarının müdafiəçisi olduğunu hər zaman demişəm və bu fikirdə qalıram. Kimsə bu məsələni siyasiləşdirməsin, burada mənim taleyim həll olunur. Sadəcə ağlıma gətirə bilmirəm ki, Sabunçu rayon məhkəmə icraçıları mülki işi, necə icbariyə özbaşına dəyişə bilirlər. Haqqımda məhkəmə qərarı varsa niyə qanunlar əsasında onu yerinə yetirmirlər? Onsuz da şərlənmişəm. Onsuz da istintaqda gün kimi aydın olan faktları dəqiq yoxlamadan məni etmədiyim işə görə cəzalandırdılar. Yaxşı, mən ömrümün sonuna kimi bu fantastik miqdarda pulu ödəyəcəm. Heç olmasa bunu ödəməyə – yəni qanunlarımızın imkan verdiyi formada ödəməyə imkan versinlər. İndi bu adam mafioz, keçmiş polis, imkanlı şəxs olanda nə olar? İstədiyi adamı həbs etdirib, başqa birini intihara sövq edib, ona-buna hədə qorxu gəlib, "ağa nəzərəm, belə gəzərəm” kimi yaşayan bu adama bir "dur” deyən tapılmayacaq? Əmim oğlunu gənc yaşında intihara sövq etdirib, balalarını yetim qoydurdu, indi mənə keçib? Mənim isə Vətənimdən kənara getmək fikrim yoxdur. Məni də intihar etdirmək istəyir? Başqa nə məqsədi var? Kimə müraciət edək? Artıq Ağayev məqsədinə çatır!”-deyə Elnur Məmmədov media mənsublarına, ictimaiyyətə, hüquq müdafiəçilərinə müraciət edib.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər