“İŞİD sıralarında döyüşən soydaşlarımız ölkəyə qayıda bilər” - EKSPERT

“İŞİD sıralarında döyüşən soydaşlarımız ölkəyə qayıda bilər” - EKSPERT










Dövlət Təhlükəsizlik Xidmətinin sədri Mədət Quliyev "Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda keçirilən konfransda deyib ki, indiyə qədər İŞİD sıralarında 900-ə yaxın azərbaycanlı döyüşüb. Onların bəziləri öldürülüb, bəziləri də Azərbaycan qanunvericiliyi ilə cəzalandırılıb. Son 1 ildə 54 nəfər Azərbaycan vətəndaşlığından xaric edilib.

Məsələnin başqa tərəfi isə ondan ibarətdir ki, son günlər istər koalisiya qüvvələri, Suriya və İraq ordusunun, Membiç istiqamətində isə Türkiyə Silahlı Qüvvələrinin İŞİD üzərinə sarsıdıcı zərbələrinin sayı artıb. Belə olan halda isə terrorçu qruplaşmanın tərkibində döyüşən azərbaycanlıların müəyyən bir qismi yenidən buraya qayıda bilər. Bu isə ölkəmizin potensial terrorçu təhlükəsi ilə üz-üzə qalması anlamına gəlir.

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin ehtiyatda olan zabiti İlham İsmayıl hafta.az-a açıqlamasında deyib ki, son günlər Türkiyənin İŞİD-ə sarsıdıcı zərbələr vurması onların bir qisminin Azərbaycana qayıtmasını vadar edə bilər. Əsasən də ailəlikcə İŞİD sıralarına gedənlərin geri dönmə ehtimalı daha çoxdur. Təbii ki, onların da hamısı qayıtmayacaq. Özlərini Suriyada, İraqda İŞİD sıralarında döyüşməmiş kimi də göstərə bilərlər:

“Əvvəla onu deyim ki, hazırkı situasiyada İŞİD lideri Əbubəkr Bağdadinin fikirləri yayılıb. O deyib ki, son döyüşlərdən sonra İŞİD sıralarda kim sağ-salamat qalsa, onlar heç yana getməsin, Suriya və İraq ərazilərində qalsınlar. Növbəti əmrləri, göstərişləri gözləsinlər. Əgər Azərbaycan xüsusi xidmət orqanlarında İŞİD sıralarında döyüşən 900 nəfər azərbaycanlı soydaşımızla bağlı məlumat varsa, bu o demək deyil ki, onların hamısı sağ-salamatdır. Onların xeyli hissəsi gedən döyüşlərdə məhv olub. Onlardan 54 nəfəri Azərbaycana qayıdarkən mühakimə edilib. Son günlər İraq və Suriya ərazisində İŞİD yaraqlılarına qarşı əməliyyatlar gücləndirilib. Belə bir məqamda orada döyüşən azərbaycanlıların ölkəmizə üz tutması hallarını istisna etmirəm. Amma onlar bir təhlükədən çıxıb özlərini ikinci təhlükəyə atmaq istəməyəcəklər. Çünki onlar Azərbaycan ərazisinə qanuni yollarla girsələr xüsusi xidmət orqanlarımız onları tutub məhkum edəcəklər. Onların qeyri-qanuni yollarla ölkəmizə ayaq basması da istisna edilməməlidir. Bu isə doğrudan da təhlükədir. Buna da hazır olmaq lazımdır”.

Ekspert həmçinin qeyd edib ki, əgər Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri konkret rəqəm açıqlayırsa deməli, İŞİD sıralarında döyüşənlər haqqında geniş məlumatlara da sahibdirlər:

“Həmin şəxslər qeyri-qanuni yollarla Azərbaycan ərazisinə keçməyi bacarsalar, burada potensial terrorçu olmaq şansları da çoxdur. Yaxud da İraqdakı, Suriyadakı “rəhbərlərinin” hər hansı bir göstərişlərini yerinə yetirə və təhdid edə bilərlər. Hesab edirəm ki, həm sərhədlərin qorunmasında, həm də potensial terrorçuların qeyri-qanuni yollarla bizim tərəfə keçmələrinin qarşısını almaq üçün ayıq-sayıq olmaq lazımdır”.

İlham İsmayılın sözlərinə görə, azərbaycanlıların İŞİD sıralarına qatılmasının səbəbləri var. İlk növbədə həmin səbəblər aydınlaşdırılmalıdır. Bu səbəblər saf-çürük edildikdən sonra bu istiqamətdə maarifləndirmə işi aparılmalıdır ki, növbəti mərhələlərdə İŞİD sıralarına qoşulmaq üçün ölkəni tərk edən vətəndaşlarımızın sayı azalsın:

“Gənclər arasında radikal dindarların apardığı təbliğatın da “rolu” böyükdür. Təkliflər isə xüsusi xidmət orqanı tərəfindən Dini İşlər üzrə Komitəyə təqdim olunmalıdır. Qismən də Qafqaz Müsəlmanları İdarəsinə bu iş tapşırılmalıdır. Dini İşlər üzrə Komitə isə ölkənin ziyalılarından, alimlərindən və digər təbliğat vasitələrindən istifadə edərək maarifləndirmə işləri aparmalıdırlar. Bu gün Azərbaycan televiziyalarında bununla bağlı maarifləndirmə işləri demək olar ki, aparılmır yaxud da bu çox aşağı səviyyədədir. Həddindən artıq bəsit formadadır. Bu sahə üzrə mütəxəssislərin iştirakı ilə maarifləndirmə işləri aparılsa, hesab edirəm ki, effekti olacaq”.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər