Rusiya bizi Xankəndinin qapısında nə qədər oyalayacaq? - HƏQİQƏTƏN DƏ...

Rusiya bizi Xankəndinin qapısında nə qədər oyalayacaq? - HƏQİQƏTƏN DƏ...


Böyük fasilədən sonra Azərbaycan-Ermənistan sülh danışıqları ötən həftə Moskvada davam etdirildi. Əgər buna “davam” demək olarsa. Çünki hələ də əsas sual açıq qalıb: Rusiya sülh müqaviləsində Qərb qədər maraqlımı? Xarici işlər nazirlərinin 19 may Moskva görüşlərini Vaşinqton və Brüssel danışıqlarının davamı saymaq olarmı?

Yəqin ki, dəqiq cavab mayın 25-də Rusiyada İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan səviyyəsində keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşdən sonra biləcəyik. Xəbər verildiyi kimi, artıq rəsmi Kreml Moskvada görüş olacağını təsdiqləyib. Putinin mətbuat katibi Dmitri Peskov deyib ki, belə bir görüş keçirilə bilər.

Ötən həftə Rusiya paytaxtında reallaşan XİN rəhbərlərinin üçtərəfli təmasları güman ki, liderlərin növbəti görüşünə hazırlıq xarakteri daşıyıb. Ancaq bunun nə dərəcədə ciddi nəticəyə hesablanmış məhsuldar danışıqlar olduğunu söyləmək çətindir. Rusiya baş diplomatının 19 may danışıqlarının yekunu barədə açıqlaması bu qənaəti yaradır.

Bəllidir ki, Lavrov bu xüsusda iki tezisə diqqət çəkib: birincisi, iddia edib ki, bölgədə münasibətlərin tənzimlənməsi üçün üçtərəfli razılaşmaların alternativi yoxdur. İkincisi isə bildirib ki, “Qarabağda təhlükəsizliklə bağlı vəziyyət yaxşılaşdırılmadan sülh sazişinin konkret aspektləri üzrə irəliləmək çətin və ya qeyri-mümkündür”.

Aydındır ki, ikinci halda Lavrov status məsələsinə işarə edir. Guya “Dağlıq Qarabağ konflikti” davam edir və Rusiya da buna görə narahatlıq içindədir. Halbuki Azərbaycan üçün bu adda münaqişə mövcud deyil.

Başqa yandan, S.Lavrovun “alternativsiz” adlandırdığı 10 noyabr sənədinin ən mühüm bəndlərini elə Rusiya özü yerinə yetirmir: Qarabağdan erməni silahlı dəstələri hələ də çıxarılmayıb (4-cü bənd), Naxçıvana maneəsiz keçid təmin olunmayıb (9-cu bənd) və s. Bu və digər səbəbdən Azərbaycan haqlı olaraq, apreli 23-də sərhəddə Laçın postunu qurdu və beləliklə də 10 noyabr üçtərəfli razılaşması (2020) faktiki surətdə arxa plana keçmiş oldu.

Bəzi təhlilçilər hesab edir ki, böyük ehtimalla Moskva görüşündə Rusiya yaranmış yeni vəziyyətdə üçtərəfli razılaşmanı müəyyən korrektə edilmiş formada irəli sürəcək. Lakin erməni hərbi birləşmələri ərazimizdən çxıarılmadıqca, yaxud silahsızlaşdırılmadıqca irəliləyişdən danışmaq absurd olar.

Məsələ həm də ondadır ki, Putinin də imzası duran üçtərəfli razılaşmalarda (10 noyabr 2020 kapitulyasiya sənədi, 11 yanvar 2021 Moskva, 26 noyabr 2021 Soçi, 31 oktyabr Soçi) tərəflərin bir-birinin ərazi bütövlüyünü tanınması haqda heç nə deyilmir. Başqa sözlə, həmin üçtərəfli sənədlər Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi üçün yeridik əsas, baza ola bilməz. Yəni düşmənçilik səhifəsini qapatmaq üçün yeni sənədə ehtiyac var.

Vaşinqton və Brüssel danışıqlarında tərəflər məhz belə bir sənəd üzərində işləyiblər. Üstəlik, hər iki tərəfdən səslənən açıqlamalardan aydın olur ki, xüsusilə mühüm məqamlar üzrə qalan fikir ayrılıqlarına rəğmən, həmin danışıqlarda tərəflər sənədin bir sıra maddələri üzrə razılığa da gəliblər. O zaman rəsmi Moskvanın qısqanclığının anlamı nə?..

*****

Belə bir “daşlaşmış” qənaət var ki, Rusiya araya girdisə, prosesi pozacaq, Paşinyan İlham Əliyevlə razılaşsa belə, buna imkan verməyəcək. Artıq ölkə daxilində Nikol Paşinyana təzyiqlər artıb. Həmişəki kimi, etirazların önündə Rusiyaya bağlı qüvvələr gedir. Hərçənd bu etirazlarda Ermənistan baş nazirinin özünün də maraqlı olduğunu düşünən siyasi şərhçilər var.

Bütün hallarda Paşinyana təzyiqlər onu Moskva görüşündə müəyyən razılaşmalardan çəkindirə bilərmi? Moskva görüşü ilə bağlı əsas gözlənti nədir?

Politoloq Fikrət Sadıxov Musavat.com-a açıqlamasında ehtimal edib ki, müəyyən çərçivə layihəsi artıq hazırdır və Moskvada ciddi müzakirə predmetinə çevrilib. Onun sözlərinə görə, belə təəssürat yaranır ki, Paşinyan daxildə ona qarşı təzyiqləri ona görə istifadə etmək istəyir ki, sazişə imza atmaqdan boyun qaçırsın.

“Amma erməni baş nazir yaddan çıxarmamalıdır ki, həmin təzyiqi biz də ona qarşı istifadə edə bilərik. Azərbaycan öz məqsədlərinə mütləq nail olmalıdır. Nikol Paşinyan konkret, düzgün seçim etməlidir. Əgər Ermənistan Qarabağ məsələsinin müzakirəsindən uzaqlaşsa və bununla bağlı heç bir iradı olmasa, təbii ki, biz bu sazişə imza atmağa hazırıq. Yəni kommunikasiyalar açılsın, Zəngəzur dəhlizi açılsın, qeyri-qanuni dəstələr Qarabağdan çıxarılsın”, - deyə o qeyd edib.

Ekspertin fikrincə, Putin anlayır ki, hər şey dinc yolla həll olunsa, Ermənistan rəsmi şəkildə Qarabağ məsələsindən əl çəksə və bunu əsas müzakirə predmetinə çevirməsə, Rusiya sülhməramlılarının orada qalmasının mənası olmayacaq: “Bu da öz maraq dairəsini itirmək deməkdir. Putin onu da başa düşür ki, Azərbaycanın mövqeyi kifayət qədər qəti və prinsipialdır. Yaranmış geosiyasi gərginlik fonunda biz Rusiyaya qarşı nə sanksiyalar tətbiq etmişik, nə də ona qarşı düşmənçilik edirik. Putin bu reallığı dərk etməlidir. Düşünürəm ki, Moskva son ana qədər sülh sazişinin öz maraqları çərçivəsində imzalanmasına çalışacaq ki, regionda əl yeri qalsın. Əks halda, Rusiya faktiki olaraq öz təsir vasitələrini itirir. İstənilən halda bizim həmləedici diplomatik addımlarımız müəyyən nəticələrə gətirib çıxaracaq”.

Politoloq Zərdüşt Əlizadə isə deyir ki, Moskva görüşündə Putinin yenidən köhnə variantla çıxış edəcəyi gözlənilir ki, bu da Qarabağdakı ermənilər üçün hansısa statusun gələcəyə saxlanması ilə bağlı ola bilər (Telegraf.com): “Paşinyan Rusiyanın bu təklifinə razı olacaq. Çünki gözəl bilir ki, Azərbaycan buna razı olmayacaq. Daha sonra tərəflərin Kişinyov görüşü nəzərdə tutulur. İyulda isə Avropa İttifaqının təşəbbüsü ilə yenidən Brüsseldə liderlərin görüşü nəzərdə tutulub”.

Politoloqa görə, iyula qədər sülh müqaviləsinin mətni razılaşdırılmasa və imzalanmasa, Azərbaycan qəti şəkildə tələblərlə çıxış edəcək: “Bu da Azərbaycan ərazisində qalmaqda olan qanunsuz erməni silahlıları ilə bağlıdır. Ermənistan buna razı olmasa, Azərbaycan hərbi güc tətbiq edib qanunsuz birləşmələri zərərsizləşdirəcək. Bəziləri düşünür ki, orada siravi ermənilər yaşayır, bu mümkün deyil. Amma dəqiq silahlarla, dronlarla Azərbaycan Ordusu mümkün hərbi obyektləri vurub sıradan çıxaracaq. Çünki həmin hərbi obyektlərin yeri ilə bağlı Azərbaycan tərəfində müfəssəl məlumatlar var”.

Zərdüşt Əlizadəyə görə, Ermənistan bu zərbələrdən sonra da hərbi birləşmələrini ərazidən çıxarmasa, Azərbaycan daha geniş əməliyyatlar icra etməli olacaq: “Sözsüz ki, burada Azərbaycan Ordusu nə dinc ermənilərə, nə də ki, sülhməramlılara toxunacaq. Ona görə də erməni tərəfi bunları dəqiq bildiyi üçün öz qoşunlarını Azərbaycan ərazisindən tez bir zamanda çıxarmalıdır. Fakt odur ki, Azərbaycanla Ermənistan arasında ən ciddi müzakirə mövzularından biri həmin qanunsuz hərbi birləşmələrin mövcudluğudur”.

Beləcə, kifayət qədər kritik həftəyə girmişik. Gerisayım bitir, maskalar yırtılır. “Top” son dəfə Rusiyanın meydanındadır...
“Yeni Müsavat”Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər