Sülh müqaviləsi imzalansa, Qarabağda müharibə başlayacaq? - Kremlin “C planı”nda nə var...

Sülh müqaviləsi imzalansa, Qarabağda müharibə başlayacaq? - Kremlin “C planı”nda nə var...


“Qarabağda sülhməramlı kontingentin müvəqqəti nəzarət zonası hesab edilən Laçın yoluna alternativ Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda erməni separatçıların təxribat əməli Rusiyanın Cənubi Qafqazdakı rolunu və Ermənistanla sülh danışıqlarını canlandırmaq niyyəti ilə Rusiyanın xarici işlər naziri Lavrovun Bakıya son səfəri ilə üst-üstə düşür”.

Bunu Milli.Az-a açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib. Amerikalı ekspert bildirib ki, Brüssel danışıqları effektiv olsa, Rusiya Qarabağda aranı qarışdıracaq: “Lavrov çox güman ki, ABŞ-ın vasitəçilik prosesinə marağının artması ilə ermənilərin Vardanyanı və Qarabağdakı daha bir neçə separatçını "vəzifələrindən" uzaqlaşdırmağa məcbur olmasından narazıdır ki, bu da Rusiyanın regionda birbaşa təsiri bahasına başa gəlir. Lavrov həmçinin Bakının sülh danışıqlarını irəli apara biləcək, eyni zamanda gərginlikdən öz xeyrinə istifadə edən Rusiya sülhməramlılarının rolunu və təsirini məhdudlaşdırmağa xidmət edən qarşılıqlı keçid məntəqələri ideyasından da narazı idi. Rusiya təxribatlar davam edərsə, hər iki tərəfin müdaxilə etmək və sərhəddəki atışmalara son qoymaq üçün Moskvadan asılı olacağını təxmin edir.

5 il davam edən sülh müqaviləsi sülhməramlıların mövcudluğuna işarə etdiyinə görə, onları bölgədən indiki halda asanlıqla çıxarmaq mümkün deyil və buna görə də Rusiyanın manevr etmək və manipulyasiya imkanı var. Əgər Rusiya Brüssel görüşünü pozmağa müvəffəq olarsa, o zaman bundan özünü diplomatik prosesə yenidən daxil etmək üçün fürsət kimi istifadə edə bilər. Lakin bu, həm də Rusiyanın qeyri-sabitliyi artıracağı və Ermənistanı gözlənilməz hadisələr zəncirini yarada biləcək növbəti ehtiyatsız addımın astanasına gətirəcəyi və ən azı keçən ilin sentyabrında Ermənistan və Azərbaycan arasında baş verənlərə bənzər eskalasiyanın təkrarlanmasına sövq edəcəyi anlamına da gələ bilər".

Bəllidir ki, Rusiya Qərbin Azərbaycanla Ermənistan arasında vasitəçiliyinə çox qısqanc yanaşır, hətta bunu özünün regiondakı geosiyasi maraqlarına təhlükə sayır. Halbuki söhbət iki qonşu ölkə arasında normal münasibətlərin qurulması, düşmənçiliyə son qoyulmasından gedir. Rusiyanın özü isə hələ ki normal bir sülh variantı ortaya qoymayıb. Sərhədlərin delimitasiyası ilə bağlı da quru sözdən savayı heç bir təşəbbüs göstərmir. Yəqin ki, sadəcə, istəmir. Bu mənada doğrudanmı sülh müqaviləsi imzalansa, Rusiya Qarabağda müharibə başladacaq? Yəni “C planı”nı işə salacaq?

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov bu barədə bir qədər fərqli düşünür: “Rusiya Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin əldə olunmasına həmişə maneə törədib və bundan sonra eyni siyasi xəttini yürüdəcək. İmperiyaların məşhur "parçala və hökm sür" taktikasından Kreml istifadə etməkdədir. Rusiya silahlı qüvvələrinin sülhməramlı adı altında Azərbaycanın ermənilər yaşayan ərazilərində yerləşməsi əslində sülh prosesinə böyük təhlükə yaradır. Faktiki surətdə ermənilərin Azərbaycan ərazilərinə silah-sursat, şəxsi heyət daşıması rus sülhməramlılarının qoruması altında həyata keçirilir. Azərbaycanın xəbərdarlıqlarına baxmayaraq təəssüf ki, bu qeyri-qanuni və təxribat xarakterli hərəkətlər davam edir. Məni narahat edən 5 il müddətdən sonra da müxtəlif bəhanələrlə Rusiyanın öz silahlı qüvvələrini müvəqqəti yerləşdikləri ərazilərdən çıxarmaqdan boyuq qaçırma ehtimalıdır. Belə bir acı təcrübə var. Baxmayaraq ki, hətta ATƏT və digər beynəlxalq təşkilatlar rus silahlı qüvvələrinin Moldovanın Dnestryanı ərazisindən dərhal çıxarılması barədə tələblər irəli sürsə də, buna Moskva məhəl qoymur. O cümlədən Cənubi Osetiya və Abxaziyada yerləşən sülhməramlı qüvvələrin əsl məramının nədən ibarət olduğu aydınlaşdı. Rusiya heç vaxt Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına və sülh müqaviləsinin bağlanmasına imkan verməyəcək. Eləcə də Azərbaycan ərazisində yaşayan erməni vətəndaşlarımızın Azərbaycana inteqrasiyasını əngəlləyəcək. Hər yaxınlaşma ərəfəsində təxribatlar və qanlı insidentlər törətməklə münasibətləri gərginlikdə saxlamağa çalışacaq. Ermənilərə indiki status-kvo hələ ki sərf edir. Onlar vaxt qazanmaqla toparlanmağı hədəfləyib öz zamanlarını gözləyirlər. Ona görə də Brüssellə Moskva arasında vurnuxurlar. Əgər Brüsselin vasitəçiliyi və regiona Qərbin daxil olması baş tutarsa, bu, Kreml üçün qırmızı cizgi olardı. Odur ki, Qərbin sülh təşəbbüsləri Kremli üstələyə bilməz. Bu o anlamı verərdi ki, Moskva strateji bölgə olan Cənubi Qafqazdan çıxır və mühüm nəqliyyat-kommunikasıya dəhlizinə və geopolitik regiona nəzarəti itirir. Bu isə Moskva üçün həyati əhəmiyyətlidir. Biz elə bir bölgədə elə qonşularla əhatələnmişik ki, müharibə hər an alovlana bilər. Sülh sazişinin bağlanması lazımdır, lakin bu heç də o demək deyil ki, daha müharibə olmayacaq, regionda dayanaqlı sülh yaranacaq. Rus-erməni işbirliyi varsa, sülh çox kövrək olaraq qalacaq. Rusiyanı Qafqazlardan çıxarmaq elə də asan deyil. Hətta yaxın onilliklər ərzində bunu mümkünsüz hesab edirəm. Bunu açıq şəkildə də bəyan ediblər. Rusiyanın bir neçə rıçaqları var, Qərbin belə təsir alətləri yoxdur. Moskva silahlı qüvvələrinin Azərbaycan ərazisində məsuliyyət zonasında qalması üçün separatçıların tör-töküntüləri ilə müştərək işləməkdə davam edəcək. Biz bizi gözləyən təxribatlara və məkrli gedişlərə hazır olmalıyıq. Çalışmalıyıq ki, istəklərimiz də maksimum az olsun. Sülh sazişinin kağız üzərində qalması halları ilə bağlı dünya təcrübəsində müəyyən nümunələr var. Lakin fəal diplomatik işləri, xüsusilə də Qərblə davam etdirməyin tərəfdarıyam. Sülh sazişi olsun, amma əlimizdə silah da olsun".

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov isə bildirdi ki, Rusiya və Qərbin Cənubi Qafqaz uğrunda mübarizəsi davam edir: “Tərəflər İkinci Qarabağ müharibəsinə kimi "münaqişə kartından" istifadə edirdilər. 44 günlük döyüşlər nəticəsində yaranan yeni reallıqlardan sonra isə artıq sülh gündəliyindən yararlanmağa çalışırlar. Bu, həmin güclərin rəsmi Bakının maraqları ilə hesablaşdığını göstərir. Sözsüz ki, nə Qərb səmimidir, nə də Rusiya. Onları düşündürən ancaq özlərinin regiondakı maraqlarıdır. Bu mənada həmin güclərin təşəbbüslərindən ciddi nəticə gözləməyə dəyməz. Hazırkı situasiyanın bizim üçün ən yaxşı cəhəti rəqabət mühitidir. Biz Vaşinqton, Brüssel və Moskvanın mübarizəsindən öz xeyrimizə istifadə edə bilərik. Buna baxmayaraq, mümkün qədər çalışmaq lazımdır ki, güclərin proseslərə təsir imkanı az olsun. Bunun üçün müzakirələr birbaşa Ermənistan hərbi-siyasi hakimiyyəti ilə getməlidir. Düşünürəm ki, erməni icması ilə dialoqların başlanması da maraqlarımızın təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir. Əlbəttə, müharibənin başlanma təhlükəsi var. Çünki vasitəçilik iddiasında olan tərəflərdən biri digərinin uğurunu qəbul etmək istəməz. Bu mənada indiki halda ən optimal variant vasitəçilərin təşəbbüslərindən imtina etməməklə, həm də ikitərəfli təmasları davam etdirməkdir. Nəzərə almaq lazımdır ki, Ermənistana “zəhər verənlər” var. Rəsmi İrəvanın siyasi iradəsi isə o qədər də güclü deyil. Deməli, ikitərəfli təmasların insensivləşməsi və “Dəmir Yumruğ”un daim yerində olduğunun tez-tez qarşı tərəfə xatırladılması ən yaxşı variantdır". //musavat.com//Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər