Bakı tezliklə Xankəndiyə nəzarəti bərpa edəcək: Cəmisi 24 saatlıq savaş mesajı verildi

Bakı tezliklə Xankəndiyə nəzarəti bərpa edəcək: Cəmisi 24 saatlıq savaş mesajı verildi


Paşinyan hakimiyyəti nə qədər avantürist təxribatlar törətsə də, sülh prosesindən yayınmağa çalışsa da, vaxtaşırı Ermənistan cəmiyyətinə əsl reallığı da çatdırır... Rus politoloq isə hesab edir ki, ən uzağı yaxın iki il ərzində Azərbaycan Konstitusiyasının Qarabağ regionunda tətbiqi qaçılmaz xarakter daşıyır...

Ermənistanın beynəlxalq məkanda "siyasi manipulyasiya" kursu rəsmi İrəvan üçün ümidverici nəticələrdən uzaqdır. Rəsmi İrəvan Cənubi Qafqazda sülh prosesi ətrafında situasiyanı nə qədər qəlizləşdirməyə, dolaşdırmağa çalışsa da, Ermənistan Azərbaycan ilə danışıqlar masasında məğlub dövlət statusundan xilas ola bilmir. Və mövcud situasiyada rəsmi İrəvanın bu hədəfə çatma ehtimalı demək olar ki, mümkün görünmür.

Maraqlıdır ki, rəsmi İrəvan böyük ümidlər bəslədiyi ABŞ və Qərbdən də istədiyini ala bilmir. Halbuki, Ermənistan siyasi dairələri məhz ABŞ və Qərbin birmənalı dəstəyinə nail olmaq üçün Rusiya ilə hərbi müttəfiqlik münasibətlərini israrla korlamaqda davam edir. Mövcud nəticələr isə hələ də rəsmi İrəvan üçün məyusedici məzmun daşıyır.

Münhen təhlükəsizlik konfransında baş verənlər bu reallığı növbəti dəfə təsdiqləmiş oldu. Belə ki, rəsmi İrəvan müqavimət göstərsə də, Ermənistan baş naziri Nikol Paşinyan Münhendə ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə üçtərəfli görüşə razılaşmaq məcburiyyətində qaldı. Həmin görüş də Prezident İlham Əliyevin irəli sürdüyü şərtlər çərçivəsində Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan maraqlarına uyğun sona çatdı.

İndi rəsmi İrəvan yenidən Rusiya ilə münasibətlərin normallaşması istiqamətində müəyyən cəhdlər göstərməyə çalışır. Hər halda, baş nazir Nikol Paşinyanın yenidən Rusiya prezidenti Vladimir Putinə telefonla zəng edib, Cənubi Qafqazdakı sülh prosesini müzakirə etməyə cəhd göstərməsi qətiyyən təsadüfi deyil. Rəsmi İrəvan növbəti dəfə ABŞ və Qərbi Rusiya üzərindən şantaj etmək niyyətinə düşmüş kimi görünür.

Hətta Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa Birliyi mülki missiyasının sərhədlərin delimitasiyası prosesində iştirak etməyəcəyini vurğulayıb. O, bildirib ki, Avropa Birliyi mülki missiyasının bu prosesdə iştirak etmək üçün mandatı yoxdur. Və bu, Avropa Birliyi mülki missiyasının Ermənistana gəlişindən ciddi şəkildə narazı olan Kremlin Paşinyan hakimiyyətinə yönəlik sərtləşməkdə olan münasibətini nisbətən yumşaltmaq məqsədi güdür.

Ancaq Kremlin növbəti erməni fırıldağına, ABŞ və Qərblə Rusiya arasında davamlı dəyişkən oyunlar qurmaq cəhdlərinə aldanacağı o qədər də inandırıcı görünmür. Üstəlik, rəsmi İrəvanın belə təhlükəli oyunların içərisinə girməsi əslində, elə Ermənistan üçün real risklər yaradır. Çünki ABŞ, Avropa Birliyi və Rusiya kimi nəhəng beynəlxalq hərbi-siyasi iradə mərkəzləri ilə qurulan oyunlar İlk növbədə Ermənistanı geopolitik hədəfə çevirə bilər.

Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyətinin Kremllə yenidən münasibətləri yumşaltmaq niyyətinə düşsə də, Ermənistan mətbuatı hələ də Rusiyaya qarşı ittihamları davam etdirir. Ermənistan mediası hətta iddia edir ki, Rusiyanın bu ölkədə dislokasiya olunmuş sülhməramlı qüvvələrinin zabitləri Qarabağ bölgəsinin erməni sakinlərinə göndərilən humanitar yardımları oğurlayırlar. Və sonradan isə oğurlanmış yardımların geri qaytarılması üçün pul tələb ediblər. Və belə bir ittiham Rusiya hərbçilərinin Ermənistan cəmiyyətində daha da nüfuzdan salınması məqsədi güdür.

Ancaq baş nazir Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putin ilə danışdıqdan dərhal sonra BMT baş katibinə üz tutması rəsmi İrəvanın nə qədər avantürist davranışlara həvəsli olduğunu da göstərir. Belə ki, erməni baş nazir BMT baş katibindən Azərbaycanın Qarabağ regionuna faktaraşdırıcı missiyası göndərilməsini xahiş edib. Halbuki, bu, Rusiya sülhməramlı qüvvələrinə rəsmi İrəvanın etimad göstərmədiyinin beynəlxalq səviyyədə ifadə olunması deməkdir. Ola bilsin ki, erməni baş nazir Kreml sahibi ilə telefon danışığında xoşagəlməz reaksiya ilə üzləşib.

Onu da qeyd edək ki, Kreml Cənubi Qafqazda bəzi planlarına yenidən baxmaq məcburiyyətində də qalıb. Çünki Rusiya indi Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək, rəsmi Bakını özündən narazı salmamaq barədə də düşünməlidir. Hər halda, regionda şəriksiz geopolitik iradə sahibinin məhz Azərbaycan olduğunu indi Kremldə də qəbul etməyə başlayıblar. Və ermənilər ucbatından rəsmi Bakı ilə ziddiyyətlərin dərinləşməsi Rusiyanın geopolitik maraqlarına cavab vermir.

Təbii ki, rəsmi Bakının Rusiyanın "Vardanyan layihəsi"ni iflasa uğramasına Kremlin ciddi müqavimət göstərməməsi də bunu təsdiqləyir. Kremlə yaxın politoloq Sergey Markov da bildirib ki, kriminal erməni oliqarx Ruben Vardanyanın proseslərdən kənarlaşdırılması Azərbaycanın sərtləşən təzyiqləri ilə izah edib. Onun fikrincə, rəsmi Bakı konkret və prinsipial tələblərini təzyiqlərə çevirməklə öz hədəfinə çatıb.

Rus politoloq hesab edir ki, Azərbaycan ekofəalların etiraz aksiyaları böyük geopolitik uğurlara yol aça açıb. Rusiya R.Vardanyanı müdafiə etməklə, Azərbaycanla münasibətlərini korlaya biləcəyini nəzərə almalı olub. Bundan sonra Qarabağda ermənilərin gələcək taleyini məhz Azərbaycan həll edəcək. Və Azərbaycan Qarabağ regionunu yaxın iki il ərzində yenidən öz nəzarəti altına almaqda elə bir ciddi əngəllə üzləşməyəcək.

Əslində, bu reallığı Ermənistan siyasi dairələri tam dəqiqliyi ilə anlayırlar. Rəsmi İrəvan beynəlxalq qurumlara şikayət etməklə, Azərbaycana müqavimət göstərməyə çalışsa da, digər tərəfdən, Paşinyan hakimiyyəti Qarabağ mövzusunun Azərbaycanın maraqlarına uyğun həll ediləcəyinin də mesajlarını verir. Paşinyan hakimiyyəti bununla Ermənistan cəmiyyətini yaxın gələcəkdə baş verəcək proseslərə hazırlamağa cəhd göstərir.

Təbii ki, Paşinyan hakimiyyəti Ermənistan cəmiyyətinə gələcəyə yönəlik mesajları daha çox müxtəlif politoloqların açıqlamaları ilə çatdırmağa çalışır. Paşinyan hakimiyyətinə yaxınlığı ilə seçilən erməni bloqer Roman Baqdasaryanın Azərbaycan ilə qarşıdurma yaratmaq istəyən Rusiyanı, Ruben Vardanyanı, Qarabağ klanını və daşnakları sərt şəkildə ittiham etməsi də bu baxımdan, maraq doğurur. Onun fikrincə, revanşist qüvvələr Ermənistanın Azərbaycanla həmişə müharibə aparmasına çalışırlar.

Ancaq erməni bloqer revanşist qüvvələrin bu mövqeyinin böyük fəlakətlərə səbəb ola biləcəyini də açıq mətnlə vurğulayıb: "Həqiqət bilmək istəyirsinizsə, onu mən sizə deyə bilərəm. Əgər, Qarabağda növbəti savaş başlayarsa, hərbi əməliyyatlar cəmisi 24 saat davam edəcək. Bununla da hər şey birdəfəlik bitəcək. Ona görə də, Araik Arutyunyan yeni fəlakətdən yayınmaq üçün mütləq Azərbaycanla əlaqələr qurmalıdır, anlaşmalıdır".

Göründüyü kimi, Paşinyan hakimiyyəti nə qədər avantürist təxribatlar törətsə də, sülh prosesindən yayınmağa çalışsa da, vaxtaşırı Ermənistan cəmiyyətinə əsl reallığı da çatdırır. Erməni bloqer Qarabağ ətrafında yaranmış vəziyyətin son mərhələdə necə həll edilə biləcəyini tam dəqiqliyi ilə təsvir edib. İndi bundan sonra proseslərin hərbi yolla həll mərhələsinə keçməməsi üçün Azərbaycan Konstitusiyasının Qarabağ regionunda tətbiqi qaçılmaz xarakter daşıyır. Buna nail olmaq üçün isə ən uzağı iki illik bir müddət qalıb. (Yeni Müsavat)Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər