Əflatun Qasımov: Ulu Öndər Heydər Əliyevin iqtisadi müstəqilliyin təmin olunması starategiyası

Əflatun Qasımov: Ulu Öndər Heydər Əliyevin iqtisadi müstəqilliyin təmin olunması starategiyası


AAYDA Avtomobil Yollarının Təmiri və İstismarı İdarəsinin rəisi Əflatun Qasımov - 1993-cü ilin oktyabrında Ulu Öndər Heydər Əliyevin xalqın mütləq əksəriyyətinin səsverməsi nəticəsində Prezident vəzifəsinə seçilməsi ilə müstəqil ölkəmizin tarixində yeni inkişaf mərhələsi başlandı. Həlledici inkişaf illəri kimi tariximizə düşən 1993-2003-cü illər ərzində Azərbaycanda dövlətçiliyin əsasları qoyuldu. Ulu Öndərin təkidi ilə 20 Yanvar faciəsinə siyasi qiymət verilərək, respublikanın yeni Konstitusiyası qəbul edildi. Siyasi islahatlara start verilərək, çoxpartiyalı sistem yaradıldı. Ölkəmiz beynəlxalq təcriddən çıxaraq Azərbaycan hörmətə layiq olan ölkə kimi tanınmağa başladı. Ölkəmizə böyük investisiyalar cəlb edildi. Kadrların yetişdirilməsi üçün önəmli addımlar atıldı. O kadrlar ki, bu gün ölkəmizin müxtəlif sahələrində öz töhfələrini verirlər.

Bu illər ərzində ölkəmizdə aparılan uğurlu enerji və nəqliyyat siyasəti nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya bölgəsində yeni əməkdaşlıq formatlarını yaratdı.

1994-cü il sentyabrın 20-də Bakıda, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın 11 tanınmış neft şirkəti arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş imzalandı və həmin sənəd, sonradan tariximizə “Əsrin müqaviləsi” kimi əbədilik yazıldı. Bu saziş ümummilli lider Heydər Əliyevin iqtisadi tərəqqiyə yönəlmiş qalibiyyətli enerji strategiyasının əzəmətli təntənəsinin başlanğıc nöqtəsi oldu.

Strategiyanın ideya mənbələrindən, başlıca konseptual prinsiplərindən danışarkən Ulu öndərin Azərbaycan neft sənayesinin zəngin tarixinə, önəmli nailiyyətlərinə, şanlı ənənələrinə istinad etməsi xüsusi qeyd olunmalıdır. Tarixi varislik Azərbaycanın uzunmüddətli, davamlı enerji strategiyasının əsas qayəsini təşkil edir və bu da təsadüfi deyil. Dünya neftçıxarma işinin beşiyi sayılan Vətənimiz neft sənayesi tarixinə şanlı səhifələr yazmışdır. Ulu öndər Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə neft sənayesinin inkişafına, onun innovativ əsasda təkmilləşdirilməsinə böyük diqqət və qayğı ilə yanaşmış, keçmiş Sovetlər Birliyində hökm sürən olduqca ağır şərtlər daxilində mümkün imkanlardan yararlanaraq Ümumittifaq neft sənayesinin inkişaf perspektivlərini təmin edən təsisatların - elmi-tədqiqat institutlarının, istehsalat birliklərinin, mühüm strateji müəssisələrin Bakıda cəmləşməsinə nail olmuşdu. Sonradan cərəyan etmiş hadisələrin təhlili əsasında biz bu gün aydın şəkildə deyə bilirik ki, Azərbaycanın keçmiş SSRİ-də neft sənayesinin avanqard qüvvəsinə çevrilməsi istiqamətində o dövrdə aparılmış gərgin, məqsədyönlü fəaliyyət, gələcəyə hesablanmış və strateji əhəmiyyət daşımışdır.

Ötən əsrin 90-cı illərində Azərbaycan dövlət müstəqilliyini bərpa etməsinə baxmayaraq, hədsiz dərəcədə mürəkkəb bir siyasi reallıqla üzləşmişdi. Hələ formal səciyyə daşıyan gənc dövlətçiliyimiz beşikdəcə boğulmaqla üz-üzə qalmışdı. Tarixi boyunca bəlkə də ən ağır sınağa çəkilmiş Azərbaycan xalqının Ümummilli lider Heydər Əliyevin ətrafında sıx birləşməsi həmin dövrdə ən düzgün addım, ən doğru seçim oldu. Bu möhtəşəm qayıdış Azərbaycanın milli nicatına təminat yaratdı. Siyasi, sosial və iqtisadi xarakter daşıyan dərin və sistemli böhranın dəf edilməsi, müstəqilliyin qorunub saxlanılması, dövlətin təsisatlandırılması, uzunmüddətli, etibarlı iqtisadi-siyasi sabitlik yaradılması kimi kardinal məsələlərin həlli yollarını araşdıran Ulu öndər dünya siyasətində karbohidrogen resursları uğrunda gedən çoxəsrlik mübarizədən yararlanmaq qərarına gəldi. Lakin Xəzərin dərinsulu hissələrindəki yataqlarda müstəqil olaraq kəşfiyyat və istismara başlamaq Azərbaycanın o zamankı imkanları xaricində idi. Müasir Qərb texnologiyaları, yeni nəsil avadanlıqlar, böyük həcmdə maliyyə resursları cəlb edilmədən bu işin öhdəsindən gəlmək qeyri-mümkün idi. Yaranmış situasiyada optimal çıxış yolu transmilli xarici neft şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasından keçirdi. Bu, dərin kataklizmlərlə müşaiyət olunan həmin tarixi dövrün sosial-iqtisadi şərtləri daxilində müstəsna siyasi iradə və mətinlik, ardıcıl səylər və yorulmaz fəaliyyət tələb edən, lakin ümummilli mənafelər baxımından ən uyğun konseptual yanaşma idi.

Xalqımızın müasir tarixində yeni neft strategiyası kimi özünə əbədi yer tutmuş həmin konsepsiyanın məqsəd və məramı sadə və sadə olduğu qədər də dahiyanə idi: xarici sərmayədarların köməyi ilə neft-qaz sektorunun gücləndirilməsi, yataqların birgə istismar olunması, hasil ediləcək xam neftin dünya bazarlarına çıxarılması və əldə olunacaq böyük həcmli maliyyə vəsaitlərini iqtisadiyyatın digər sahələrinə yönəltmək yolu ilə sosial-siyasi dirçəlişə nail olunması. Strategiya dünyanın siyasi landşaftının dəyişən mənzərəsi (qloballaşma, SSRİ-nin süqutu, sosialist düşərgəsinin dağılması, “ikiqütblü dünya” modelinin sıradan çıxması və s.) ilə harmonik şəkildə uzlaşırdı və təbii ki, beynəlxalq birliyin nəzər-diqqətini cəlb etdi. Bütün geopolitik başlanğıclar kimi, ciddi müqavimətlə rastlaşsa da, Ulu öndər Heydər Əliyev bu siyasi doktrinanın reallaşması yolunda maneələrə mətanətlə sinə gərərək tez bir zamanda Qərbin aparıcı neft şirkətləri ilə danışıqlara başladı.

Məlum dairələrin təsir və təzyiqləri altında gərgin bir atmosferdə keçən danışıqlar Heydər Əliyev siyasətinin dərin bilicisi möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə aparılırdı. Beynəlxalq iqtisadiyyatın, maliyyə-kredit sisteminin, biznes mühitinin qanunlarını, milli təbii ehtiyatların kəşfiyyatı və işlənilməsində xarici şirkətlərin cəlb edilməsinin hüquqi, idarəetmə əsaslarını mükəmməl bilən, yüksək iqtisadi menecment səriştəsinə, zəngin diplomatik bilik və bacarığa malik İlham Əliyev əsl Qərb siyasi təfəkkürü üslubunda formalaşdırdığı təkzibolunmaz arqumentləri ilə danışıqlar prosesindəki çətinlikləri ustalıqla aradan qaldırdı və tərəf-müqabilləri Azərbaycanın milli maraqlarına uyğun sərmayə layihəsi imzalamağa razı saldı. Bütün etirazlara, fikir və mövqe ayrılıqlarına baxmayaraq, Heydər Əliyevin siyasi qətiyyəti, İlham Əliyevin diplomatik əzmkarlığı sayəsində son dərəcə sərt geosiyasi reallıqlara rəğmən, “Əsrin müqaviləsi” imzalandı. Kontrakt XX əsrin ən möhtəşəm qlobal enerji layihələrindən birini rəsmiləşdirməklə, Azərbaycanın zəngin neft salnaməsinin ən parlaq və əlamətdar səhifəsini, ölkəmizin uzunmüddətli enerji strategiyasının ana xəttini təşkil edən epoxal bir sənəd idi. Bu, ilk növbədə, siyasi xarakteristikası etibarilə müstəqil Azərbaycanın qurtuluş və davamlı inkişaf doktrinası idi. İkinci bir tərəfdən, Azərbaycan keçmiş Sovet məkanında Qərb şirkətləri ilə iri neft müqaviləsi imzalayan ilk dövlət olmaqla, Xəzər dənizi regionunda beynəlxalq əməkdaşlığın bünövrəsini qoymuş oldu. Bu mənada «Əsrin müqaviləsi» təkcə Azərbaycan üçün deyil, Qərb dövlətləri, habelə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün strateji əhəmiyyət daşıyırdı. Ümumdünya neft sənayesi tarixində yeni bir mərhələ başlanırdı. Ulu öndər Heydər Əliyev strategiyanı belə səciyyələndirirdi: “Ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün biz xarici ölkələrlə, dünyanın tanınmış şirkətləri ilə sıx əməkdaşlıq etməyi, müştərək iş görməyi əsas prioritet hesab edirik. Dünya iqtisadiyyatının inteqrasiyası, iqtisadi sahədə ölkələrin bir-biri ilə əməkdaşlığı hər bir dövlət üçün mənfəətdir və bu, yüksəlmək, müasirləşmək üçün yeganə yoldur.”

Ulu Öndərin böyük uzaqgörənliklə hazırladığı və bu gün də davam etdirilən möhtəşəm neft strategiyası Azərbaycanın iqtisadi dayanıqlığının təminatçısıdır. Müasir dövrün tələblərinə uyğunlaşdırılan konsepsiya hələ uzun illər ölkəmizin inkişaf modelini və iqtisadi inkişafının aparıcı ruporu olacaqdır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər