Zəngəzur dəhlizinə atılan güllələr - Paşinyan öldürülə də bilər, ancaq...

Zəngəzur dəhlizinə atılan güllələr - Paşinyan öldürülə də bilər, ancaq...


Sülhə, barışa gedən yol uzandıqca erməni xalqının itkiləri birə-iki artacaq; politoloq: “Uzağı, 4-5 ilə yerdə qalan ərazilər də Bakının tam nəzarətinə keçəcək...”

Ermənistan ordusunun qalıqları tərəfindən sərhəd məntəqələrimizə qarşı silahlı təxribatlar getdikcə artır. Dünən sərhədboyu ordumuzun bölmələrimizə qarşı bu qəbildən və daha genişmiqyaslı təxribat əməlləri həm Kəlbəcər və Laçın istiqamətlərində, həm də Tovuz, Ağstafa, Gədəbəylə sərhəddə qeydə alınıb. Həmçinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə axır vaxtlar separatçı-kriminal ünsürlərin fəallaşması müşahidə olunur.

Təbii ki, silahlı qüvvələrəmiz bu təxribatların cavabını artıqlaması ilə verib və verəcək. Ancaq aydındır ki, bu cür fitnəkar hərəkətlərlə məğlub ölkə münaqişənin bitmədiyi görüntüsünü yaratmaq, nəticə etibarilə ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri başda olmaqla, daha çox ölkəni prosesə cəlb edib Azərbaycanla qaçılmaza çevrilmiş sülh anlaşmasını ertələmək, sərhədlərin delimitasiyasını və demarkasiyasını ləngitmək və artıq keçmişdə qalmış “Dağlıq Qarabağ” probleminin gündəmdən çıxmasına imkan verməməkdir.

*****



İrəvan, erməni lobbisi, bütövlükdə, dünya erməniliyi var gücü ilə çalışır ki, Qarabağ mövzusu daim Azərbaycanın daxili işi kimi yox, “beynəlxalq məsələ” kimi qalsın. Çünki yalnız bu halda ölkəmizə qarşı ərazi iddiasını, “staus” tələbini qabağa aparmaq, paralel surətdə Ermənistanla böyük sülh sazişini “Qarabağ şərti”nə aparıb bağlamaq olar.

Əfsus ki, bu istəklərində mənfur qonşular tək deyillər. Kapitulyasiya sənədinin imzalanmasından bir ildən çox ötməsinə baxmayaraq, erməni tərəfinin, Nikol Paşinyan hökumətinin hələ də sənədin əsas bəndlərinə əməl etməməsinin arxasında xeyli dərəcədə bu faktorlar, hədəflər dayanır: rəsmi İrəvanın xaricdəki havadarlarına böyük ümid bəsləməsi, Nikolun “iki stul siyasəti”, erməni diasporunun radikal-faşist mövqeyi və aparıcı Qərb dövlətlərinin Azərbaycana münasibətdə “ikili standart” siyasəti.

Sözsüz ki, Rusiya amili də yaddan çıxarılmamalıdır. Sadə səbəbə: bu gün Ermənistanın, oradakı siyasi qüvvələrin, o cümlədən radikal müxalifətin, ümumən erməni xalqının bütün mənalarda ən çox asılı olduğu ölkə Rusiyadır. Demək, Kreml istəsə, çox qısa zamanda İrəvanı Bakı ilə sülh müqaviləsi imzalamağa vadar və üzüyola edə bilər.

Təəssüf ki, bu yöndə rəsmi Moskvanın real və ciddi hərəkətlənməsini görmürük. Əksinə, Rusiyanın sülhməramlıları Şuşa yaxınlığındakı postumuza qumbara atan ermənini legitim dövlət kimi Azərbaycana deyil, oyuncaq rejimə, separatçılara təhvil verdi. Bununla da Rusiyanın sülhyaradıcı imici bir az da zədələnmiş oldu. Bu imici zədələyən amillərdən biri də Moskvanın Bakıya əlavə təzyiq aləti kimi Minsk Qrupunu ayaqda saxlamaq, diriltmək cəhdləridir.

*****



Sadalanan və sadalanmayan səbəblərdən bir çox analitiklər əslində Rusiya amilinə daha çox diqqət çəkirlər. Məsələn, politoloq Ruslan Şevçenkonun fikrincə, Qarabağın bir hissəsi Rusiya sülhməramlı kontingentinin nəzarətində olduğu müddətdə münaqişə bitmiş sayıla bilməz.

"Ölkə.Az"ın məlumatına görə, bu barədə o, Caliber.az-a Bakı ilə İrəvan arasında sülh müqaviləsinin mümkünlüyü barədə danışarkən deyib.

“Məhz Rusiya sülhməramlılarının varlığı sayəsində Xankəndindəki separatçı rejim hələ də ”nəfəs alır". Yalnız sülhməramlıların çıxmasından və Qarabağın qalan hissəsində separatçı rejimin tamamilə ləğvindən, eləcə də Ermənistanla sülh müqaviləsi və sərhəd sazişi imzalandıqdan sonra söyləmək olar ki, Ermənistan-Azərbaycan münaqişəsi həqiqətən bitdi. Amma bu, ən azı 4-5 il çəkəcək", - deyə ekspert qeyd edib.

10 noyabr aktının yerinə yetirilməmiş bəndlərinə gəlincə, onun ehtimalına görə, Zəngəzur dəhlizinin açılmasının tərəfdarı olan N.Paşinyan öz həmvətənlərini bunun zəruriliyinə inandırmaq üçün titanik səylər göstərməli olacaq. “Bu istiqamətdə kəskin addımlar və dəhlizin qəfil açılması Nikol Paşinyanın elə öz ekstremistləri tərəfindən öldürülməsi ilə də nəticələnə bilər. Çünki erməni cəmiyyəti ən azı 150 ildir siyasi terror ənənələri ilə zəngindir”, - Şevçenko ıəlavə edib.

Öz növbəsində rusiyalı politoloq, ekspert, siyasi elmlər doktoru Tatyana Poloskova hesab edir ki, erməni tərəfi sülh müqaviləsinin imzalanması prosesini sabotaj eləməklə məşğuldur.

Zəngəzur dəhlizinə atılan güllələr - Paşinyan öldürülə də bilər, ancaq...


Bu haqda o, Minval.az-a açıqlamasında bildirib.

“İrəvanın ”seçilmiş" elitası tərəfindən Paşinyana belə bir xəbərdarlıq edilib: “Əgər sənəd imzalasan, biz onu cırarıq!” Həmçinin bəzi ölkələr Rusiyanın öz sülhməramlı missiyasını uğurla yerinə yetirməsini və Ermənistanı Azərbaycanla müqavilə imzalamağa sövq etməsini istəmir", - deyə o vurğulayıb.

Poloskova da o qənaətdədir ki, saziş imzalanmayınca nizamlanma prosesi hüquqi cəhətdən başa çatmış sayıla bilməz. “Qalib tərəfin ən qatı düşməni isə məğlub edilmiş düşmən yox, qələbə eyforiyasıdır. Dünya erməniliyinin isə uzun illər sağ qalıb yaşamaq, öz təsirlərini siyasətdə həyata keçirmək təcrübəsi var”, - ekspert bildirib.

*****

Əlbəttə ki, Azərbaycan dövləti Ermənistanda daxili siyasi proseslərin mümkün inkişaf ssenarilərini nəzərə alır. Habelə Türkə nifrəti ikinci əsrdir sönməyə qoymayan, Qərb ölkələrinin xarici siyasətinə təsir imkanlarını saxlayan radikal erməni lobbisinin hərəkətlərini diqqətdə saxlayır.

Şübhəsiz, ideal variant olardı ki, Azərbaycanla Ermənistan arasında danışıqlarda heç bir vasitəçi olmasın. Çünki 30 illik təcrübə göstərdi ki, Rusiya başda olmaqla, vasitəçi dövlətlərin bölgədə öz maraqları var və bu maraqlar heç də bizim milli maraqlarımızla, hətta ermənilərin maraqları ilə uzlaşmır. Xüsusən də vasitəçilər çox olanda.

Nəticə etibarilə regionda böyük sülhün əldə olunması ləngiyir, Ermənistanın özü isə on illərdir dərin böhran və fəlakət zolağından çıxa, kütləvi köçün qarşısını ala, öz demoqrafik durumunu yaxşılaşdıra bilmir. Nə yazıq ki, bədbəxt ermənilər, daha doğrusu, onların rəhbərləri, erməni elitası bu sadə gerçəyi qəbul eləmək istəmirlər. Altını da ən çox özləri çəkirlər. Və belə görünür, hələ çox çəkəcəklər. Arada bir “dəmir yumruq” da yeyə bilərlər.

Bu xüsusda sülh istədiyi, Zəngəzur dəhlizinə razılıq verdiyi üçün Paşinyan öldürülsə belə, bədəlini heç kim yox, yenə erməni xalqı ödəyəcək. Sadəcə, sülhə, barışa gedən yol bir az uzanacaq. Çünki kapitulyasiya sənədini heç kim ləğv edə bilməyəcək, Ermənistan adından imzalanmış kapitulyasiya aktı qüvvədə qalacaq.

Bu mənada Şuşa yaxınlığında postumuza atılan qumbara həm də Zəngəzur dəhlizinə, Paşinyana atılmış sayıla bilər... (musavat.com)Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər