Dövlət başçısı: Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik

Dövlət başçısı: Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik















“Qarabağ əzəli Azərbaycan torpağıdır”

Bu gün bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, qayğıları, təhlükəsizliyi dayanır. Azərbaycanda təhlükəsizlik məsələləri lazımi səviyyədə təmin edilir. İctimai-siyasi sabitlik mövcuddur. İnsanların rifah halı yaxşılaşır.

Baxmayaraq, bu gün hələ ki, davam edən dünya iqtisadi və maliyyə böhranı bizə də öz təsirini göstərmişdir. Ancaq hesab edirəm ki, biz bu böhrandan şərəflə çıxa bilmişik və bu gün iqtisadi sahədə heç bir problem yaşanmır.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə rəsmi qəbulda bildirib.

Dövlət başçısının sözlərinə görə, Azərbaycanın maliyyə vəziyyəti sabitdir, “iqtisadi inkişaf davam edir, neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi ilə əlaqədar problemlər olsa da, ancaq biz bu problemlərin öhdəsindən şərəflə gəlirik”.

“Əminəm ki, 2016-cı ili də biz uğurla başa vuracağıq. Nəyə görə? Ona görə ki, əvvəlki illərdə dayanıqlı iqtisadi inkişaf təmin edilmişdir, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox ciddi addımlar atılmışdır. Bununla bərabər, Heydər Əliyevin neft strategiyası Azərbaycanda uğurla icra edilmişdir.

Bu strategiya 1994-cü ildən icra edilməyə başlamışdır. “Əsrin kontraktı”nın imzalanması tarixi hadisədir. Bu gün “Əsrin kontraktı” çərçivəsində aparılan işlər bizim iqtisadi gücümüzü artırır. 1996-cı ildə “Şahdəniz” qaz yatağının işlənməsi ilə bağlı imzalanmış kontrakt bu gün nəinki Azərbaycanın, bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir, Azərbaycanın geosiyasi imkanlarını və vəziyyətini böyük dərəcədə möhkəmləndirir.

1999-cu ildə Bakı-Supsa neft kəmərinin inşası və Ulu Öndərin şəxsi iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməl daşının qoyulması Heydər Əliyev neft strategiyasının əsas amilləridir. Bu gün bu istiqamətdə əlavə tədbirlər görülür.

Ulu Öndərin başladığı layihələr tam icra edilibdir. 2006-2007-ci illərdə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri istismara verildi. Bu gün biz “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə fəal məşğuluq və bu istiqamətdə də çox böyük uğurlara imza atmışıq”, - deyə, İlham Əliyev bildirib.

Prezidentin sözlərinə görə, Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır.

“Azərbaycan sürətli inkişaf yolundadır. Bu inkişafı biz öz hesabımıza qazanmışıq. Nəyi qazanmışıqsa, nəyi əldə etmişiksə, ancaq Azərbaycan xalqının zəhməti hesabına, düşünülmüş siyasət nəticəsində əldə etmişik. Bizə heç kim kömək etməmişdir, etmir və etməyəcəkdir. Buna ehtiyac da yoxdur. Ancaq biz öz işimizi elə qurmuşuq ki, bütün sahələr üzrə konkret proqramlarımız var və onlar icra edilir.

Azərbaycan gələcək illərdə beynəlxalq aləmdə daha da böyük hörmətə layiq olacaqdır. Ölkə daxilində proseslər müsbət istiqamətdə gedir. Bizim regional əməkdaşlıqla bağlı təşəbbüslərimiz nəinki ölkəmizi, qonşu ölkələri də gücləndirir. Bizdə gələcək inkişafla bağlı çox dəqiq proqramlar var və gələcəyə baxışımız çox dəqiqdir.

Növbəti illərdə görüləcək işlər bizi daha da gücləndirəcəkdir. Ölkəmizin gələcək inkişafı ilə bağlı bizdə heç bir şübhə yoxdur. Azərbaycan bundan sonra da inkişaf yolu ilə gedəcək. Ölkə qarşısında duran bütün problemlər öz həllini tapır, tapacaq, o cümlədən sosial sahədə. Baxmayaraq ki, neftin qiyməti 3-4 dəfə düşüb, Azərbaycanda maaşlar və pensiyalar bu il 10 faiz artırılıb, sosial proqramlar icra edilir, məktəb, xəstəxana tikintisi, köçkünlərin problemləri və digər sosial məsələlər öz həllini tapır.

Qarşımızda duran əsas vəzifə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Biz bu istiqamətdə həm siyasi, həm diplomatik və digər amillərdən istifadə edərək öz mövqeyimizi danışıqlar prosesində gücləndiririk. Haqq-ədalət bizim mövqeyimizi dəstəkləyir, müdafiə edir. Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır, hüquqi cəhətdən Azərbaycanın ayrılmaz hissəsidir. Beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr bizim mövqeyimizi gücləndirir və müdafiə edir.

O ki qaldı, Ermənistan ilə Azərbaycan arasındakı fərqə, bu fərq göz qabağındadır. Mən dəfələrlə demişəm, həm siyasi müstəvidə, iqtisadi sahədə, bütün digər sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində Azərbaycanın üstünlüyünü görməmək mümkün deyil. Aprel döyüşləri onu da göstərdi ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və istənilən vəzifəni icra edə bilər.

Beləliklə, bizim gələcək planlarımızla bağlı çox dəqiq təsəvvürümüz var. Biz ölkəmizi daha da gücləndirməliyik, Azərbaycan xalqının rifah halını daha da artırmalıyıq və dünya miqyasında Azərbaycan daha da möhkəm yer tutmalıdır.

Bir sözlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün əlbəttə ki, beynəlxalq norma və prinsiplər əsas rol oynayır. Amma biz daha da güclü olmalıyıq və bu yolla gedirik. Bu yol Heydər Əliyev yoludur. Biz onun siyasətinə sadiqik, bu yolla gedirik və bundan sonra da gedəcəyik, Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər