Ermənistan SOCAR – “Transneft” birgə layihəsini hədəfə aldı

Ermənistan SOCAR – “Transneft” birgə layihəsini hədəfə aldı


Ermənistan ordusu yenə də Azərbaycandan keçən boru kəmərlərini hədəfə götürüb. Belə hərəkətlərdə məntiq axtarmaq əbəsdir. Sadəcə, Azərbaycan iqtisadiyyatına və beynəlxalq nüfuzuna hansısa formada ziyan vurmaq istəmələrini ehtimal etmək olar. Bunlar öz yerində, amma Bakı – Novorossiysk neft kəmərinə də təhdid yaradaraq başlıca iqtisadi və siyasi tərəfdaşları olan Rusiyanın mənafeyinə zərər vurmaları başa düşülən deyil.
Bakı – Novorossiysk neft kəmərini Azərbaycan – Rusiya iqtisadi münasibətlərinin bir növ rəmzi olaraq dəyərləndirmək olar. Hələ 2014-cü ildə bu boru kəmərini gəlirsiz olduğu üçün dövriyyədən çıxartmaq məsələsi gündəmə gəlmişdi. Belə ki, 1996-cı ildə həmin kəmərlə ildə 5 milyon tonadək Azərbaycan neftinin tonu 15,67 ABŞ dollardan hesablamaqla nəqli barədə müqavilə imzalanmışdı. Lakin Rusiya ərazisinə neft nəqlini həyata keçirən “Transneft” dövlət şirkəti bu şərtləri bəyənmədi və tarifləri nəql olunan neftin həcminə görə təyin etmək təklifini irəli sürdü. Bu da SOCAR-a sərf etmirdi, çünki Bakı – Tbilisi – Ceyhan əsas ixrac boru kəmərinin də işə düşməsinə az qalırdı, üstəlik Bakı – Supsa kimi xeyli sərfəli xətt də fəaliyyətdə idi. Belə olan halda 2013-cü ildə Bakı – Novorossiysk kəmərilə neft nəqli müqaviləsi dayandırıldı. Buna baxmayaraq, tərəflər dil tapa bildi, kəmər 2015-ci ilədək işlədi. Yəni bu kəmər iki ölkə arasındakı iqtisadi-ticari əlaqələrini qoruyub saxlamağın mühüm amili, iqtisadi tərəfdaşlığı davam etmək istiqamətindəki qarşılıqlı iradənin rəmzi kimi əhəmiyyət kəsb edirdi.

Bütün bunlarla yanaşı, həmin kəmərdən neft nəqlinin həcmi azalmağa davam edir. Energetika Nazirliyinin məlumatına görə, 2019-cu ildə Bakı – Novorossiysk xəttindən 824,4 min ton, yəni əvvəlki ilə nisbətən 36,5 faiz az neft ixrac olunub. Bu ilin əvvəlindən isə SOCAR bu kəmərdən neft nəqlini dayandıraraq burada təmir-profilaktik işlərin aparılacağını açıqladı. Odur ki, neftin tam həcmi BTC-yə yönəldildi. Novorosiysk xəttinin yenidən işə salındığı iyulun 17-də isə Ermənistan ordusu Tovuz rayonu istiqamətində, yəni Bakı – Supsa və BTC kəmərlərinin keçdiyi ərazilərin bilavasitə yaxınlığında növbəti hərbi təxribata başlamışdı. O vaxtdan Bakı – Novorossiyskdən 278,91 ton neft ixrac olunub.

Son günlər hərb meydanından 300 kilometrdən artıq məsafədə yerləşən Xızı ətrafına belə raket buraxan Ermənistan tərəfi bununla görünür, Azərbaycanın bütün enerji xətlərini istədiyi an vura biləcəyini çatdırmaq istəyib. Lakin bir şeyi unutdular – bütün bu boru kəmərləri beynəlxalq layihələrdir, onların hansısa birini sıradan çıxartmaqla Azərbaycanla yanaşı, bizim neftin müştərisi olan tərəfdaş ölkələrə də mühüm ziyan vurmuş olacaqlar.

“Dünən Ermənistanın atdığı raket Bakı – Novorosiysk boru kəmərinin 250 metrliyində zərərsizləşdirilib. BTC və Cənub Qaz Dəhlizindən sonra, bu, bir çox ölkələrin enerji təhlükəsizliyini təhdid yaratmağa yönələn daha bir cəhddir...” – SOCAR “Twitter” səhifəsində bildirib.

Təbii ki, Ermənistanın bu yöndəki bütün cəhdləri nəticəsiz qalır, tərəfdaşlarımız layihənin icrasından geri çəkilmir, üstəlik etibarlı tərəfdaş kimi uzun müddətdir tanıdıqları Azərbaycanı hərtərəfli dəstəkləməyə davam edirlər. Məsələn, BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regional direktoru Qari Cons Baş Nazir Əli Əsədova yazdığı məktubda Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün apardığımız mübarizəyə dəstək ifadə olunur. “Azərbaycan üçün ayrı əhəmiyyət daşıyan bu dövrdə neft və qazın cari hasilatı və fasiləsiz nəqlini təmin etmək üçün BP işçiləri əlindən gələn səyləri əsirgəmirlər”, – məktubda vurğulanır.

Yəqin ki, Bakı – Novorosiysk kəmərinə zərbə endirməyə davranmaqla Ermənistan nə SOCAR-ı, nə də “Transneft”i qorxuda bilər. Əksinə, Ermənistan bununla dost, tərəfdaş saymadığını, hətta mütəmadi olaraq kömək aldıqları, qanadının altına sığındıqları Rusiyanın belə mənafeyini öz işğalçılıq məqsədlərindən aşağı tutduğunu bir daha əyani göstərmiş oldu.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər