“Ermənistan hakimiyyətində xaos var”

“Ermənistan hakimiyyətində xaos var”


Artıq on gündür ki, işğalçı Ermənistanın növbəti təxribatından sonra cəbhədə vəziyyət gərgin olaraq qalmaqdadır. Təbii ki, detallarına gəldikdə həm bütün dünya mediasının, həm də, Ermənistan hakimiyyətinin özünün də etiraf etdiyi kimi üstünlük tam şəkildə Azərbaycan Ordusunun tərəfindədir. Bu, işğal olunmuş ərazilərimizin bir hissəsinin geri qaytarılmasından da açıq şəkildə görünməkdədir.

Azərbaycan tərəfi Ermənistanın işğalına, terroruna, soyqırımlarına və təxribatlarına qarşı münaqişənin başlandığı ilk günlərdən bu günə qədər göstərdiyi münasibəti ilə bir çox məqamlarda bütün dünyaya nümunə göstərməkdədir. Atdığı bütün addımlarla Azərbaycan göstərdi ki, ərazisi, əhalisi və müstəqillik tarixi baxımından kiçik dövlət olması, ona ədalətlilik, dövlətçilik və beynəlxalq münasibətlər sahəsində dünyaya nümunə olmaqda heç bir maneə törətmir.

Azərbaycan isbat etdi ki, maraqlarına lazım gələndə bir insanın hüquq və azadlıqları üçün bütün dünyaya car çəkən beynəlxalq təşkilatlar və dövlətlər bütöv bir xalqa və dövlətə qarşı təcavüzə, soyqırımına və işğala səssiz qalmaqla, əslində baş verən hər bir olaya fərqli pəncərələrdən baxıb, fərqli münasibət göstərirlər. Uzun illər ərzində bu konfliktin həlli ilə bağlı heç bir real addım atmayan və özlərini Azərbaycana müttəfiq və dost göstərən bəzi dövlətlər əslində haqqın deyil, nahaqqın yanında oldular.

Ötən əsrin 90-cı illərində Ermənistanda və ona havadarlıq edən bir çox qüvvələrdə Azərbaycana uzun müddət rəhbərlik edən çox güclü və təcrübəli siyasətçi Heydər Əliyevdən sonra Qarabağ münaqişəsinin Ermənistanın xeyrinə həll olunacağı ilə bağlı çox böyük ümidlər yaranmışdı. Düşünürdülər ki, ondan sonra ölkədə hakimiyyətə gələ biləcək bacarıqlı, təcrübəli və uzaqgörən siyasətçi və diplomat olmayacaq. Ancaq Prezident İlham Əliyev təkcə Ermənistana deyil, onun dəstəkçilərinin də daxil olduğu bütün dünyaya sübut etdi ki, Heydər Əliyev Azərbaycan xalqının yetişdirə bildiyi son dahi rəhbər deyil. Tarix xalqımıza İlham Əliyevin timsalında sələfindən heç də geri qalmayan güclü rəhbər, siyasətçi, diplomat və sərkərdə bəxş edib. Düşünürəm ki, İlham Əliyevin xüsusilə də son günlərdə atdığı cürətli addımlar, yürütdüyü diplomatiya, etdiyi çıxışlar və orduya rəhbərliyi xalqımızın ona olan sevgisini sonsuz etməkdədir.

Dövlətimiz və xalqımız bütün dünyaya göstərdi ki, bir nəslin dəyişməsi qədər zamanın keçməsinə baxmayaraq, özlərinə aid olanı qaytarmaq və onlara qarşı edilən bütün vəhşiliklərin layiqli cavabını vermək üçün istənilən an bir yumruq ətrafında birləşməyi bacarırlar. Bütün dünyanı informasiya texnologiyaları ilə idarə edən güclərin heç bir informasiya taktikası, heç bir təxribat xarakterli məlumat platforması onu haqq yolundan döndərə bilməz. Bildiyimiz kimi, ölkənin Birinci Vitse-prezidenti, hələ bu proseslər başlamazdan əvvəl, ilk olaraq bu ilin 20 iyul tarixində, daha sonra isə bir neçə gün öncə 5 oktyabr tarixində həm ölkəmizdə, həm də bütün dünyada yaşayan həmvətənlərimizə müraciət etdi. Müraciətlərində müəllif hər birimizi düşmənə qarşı döyüş cəbhəsi ilə paralel, həm də informasiya cəbhəsində ayıq-sayıq olmağa, erməni təbliğatının feyklərini ifşa etməyə və erməni təcavüzü haqqında həqiqətləri bütün mümkün platformalarda beynəlxalq birliyə çatdırmağa çağırırdı. Məhz bu müraciətlərə insanlarımızın verdiyi müsbət reaksiya nəticəsində bu gün biz təkcə müharibə meydanında deyil, eyni zamanda da informasiya cəbhəsində düşmənlərimizə heç vaxt görmədikləri zərbələri endirməkdəyik.

Gedən proseslərdə dövlətimiz həm də regionumuzda mövcud olan münasibətlərə aydınlıq gətirmək istiqamətində mühüm addımlar atdı. Özlərinin maraq və mənafelərindən irəli gələrək həm Azərbaycana, həm də ona düşmənçilik edən Ermənistana münasibətdə eyni məsafədən davranmaq taktikasını seçənlərə də sözünü açıq şəkildə dedi. Dedi ki, ya haqqın yanında olun, ya nahaqqın. Ya xeyirin yanında olun, ya da şərin. Ya Azərbaycanın yanında olun, ya da Ermənistanın.

Bu qədər açıq və konkret. Baş verən proseslərə bir də, münaqişə tərəfi kimi deyil, daha geniş prizmadan baxmağı vacib hesab edirəm. Çünki Dağlıq Qarabağ bu günün problemi deyil və artıq otuz ilə yaxındır ki, BMT, ATƏT kimi bir çox aparıcı beynəlxalq təşkilatlar problemin həlli ilə bağlı mediatorluq vəzifəsini bu və ya digər formada öz üzərlərinə götürüblər. Ancaq bu müddət ərzində həmin təşkilatlar və regionda sülhün bərqərar olunmasında maraqlı olduqlarını iddia edən ayrı-ayrı dövlətlər tərəfindən işğalın aradan qaldırılması və mövcud problemin həlli ilə bağlı heç bir real nəticə ortaya qoyulmayıb. Məlum oldu ki, onilliklər ərzində Qarabağ və o qəbildən olan münaqişələrin ədalətli həllinə heç bir real təsir göstərmək istəməyən və ya bunun iqtidarında olmayan qocaman təşkilatlar olan BMT, ATƏT kimi bir sıra təşkilatların fəaliyyətlərini dayandırmaları artıq tarixi bir zərurətə çevrilmişdir.

Konkret olaraq Qarabağ konflikti ilə bağlı işğala və çoxsaylı təxribatlara məruz qalan Azırbaycanın münaqişəni sülhə alternativ olan əks-hücum yolu ilə həll etmək iqtidarında olduğunu sübut edən 2016-cı ilin aprelindəki və 2018-ci ilin mayındakı qısa müddətli əks-hücumlarından həm qarşı tərəf, həm də beynəlxalq ictimaiyyət heç bir nəticə çıxarmadı. Buna görə də düşünürəm ki, hazırda tökülən bütün qanlara görə işğalçı Ermənistanın cinayətkar rəhbərliyi ilə yanaşı, həm də prosesin bu qədər uzanmasında rolu olan beynəlxalq təşkilatlar və bir sıra dövlətlər, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədrləri məsuliyyət daşıyırlar. Bu gün ərazilərimizin işğala məruz qaldığı 1992-93-cü illərdəki xaotik vəziyyət eyni şəkildə davam etməkdədir, ancaq, bu dəfə xaos Ermənistan hakimiyyətində hökm sürür. Məhz bu vəziyyətin bariz nümunəsidir ki, bir tərəfdən Paşinyan danışıqların bərpasını, bunun üçün hər bir güzəştə gedəcəyini bildirir. Digər tərəfdən isə ölkə daxilində Paşinyanın hakimiyyətdən getməsini planlayan və onun uğursuz siyasətində müvəqqəti də olsa geridönüşün olmasına imkan vermək istəməyən qüvvələr Bakı-Tbilisi-Ceyhan kimi regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan neft kəmərini hədəfə almağa belə cəhd edirlər. Təbii ki, bununla bağlı da hər birimiz ilk olaraq səmimiyyətdən uzaq olan Paşinyanın həmişəki kimi dediyinin tam ziddinə hərəkət edərək saxtakarlıq etdiyini düşünə bilərik. Paşinyanın saxtakar olması bir həqiqətdir. Ancaq bu dəfə vəziyyətin tam fərqli olduğunu düşünürəm. Çünki Paşinyan vəziyyətin nə qədər ciddi olduğunu gözəl anlayır və kiçik bir yanlışın onun onsuz uçuruma doğru gedən hakimiyyətinin süqutunu bir az da sürətləndirəcəyini bilir. Elə buna görə də hesab edirəm ki, bu hadisə artıq Ermənistanda hakimiyyətdaxili xaosun və qarşıdurmanın pik həddə çatdığından xəbər verir.

Politoloq Xəyal BəşirovБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər