Dünya bazarında dollar niyə bahalaşır? - TƏHLİL

Dünya bazarında dollar niyə bahalaşır? - TƏHLİLBu ilin mart ayında ABŞ dollarının avroya qarşı məzənnəsi bir avroya 1,05 dollar təşkil etməklə 12 illik maksimuma çatıb. Hazırda məzənnə 1,07 dollar ətrafında dəyişir və beləliklə, martdakı maksimumu təkrarlamağa cəmi 2 sentlik və ya 1,9%-lik yüksəliş qalıb. Dünya iqtisadiyyatında, xüsusən ABŞ və Avrozonada baş verənləri nəzərə alsaq, tarixi maksimumun yenilənməsi tam real görünür.

Müşahidə olunan mənzərə

Dollar-avro cütlüyünün dəyişkənliyi iki tərəfdən qiymətləndirilə bilər ki, birincisi dolların möhkəmlənməsi, ikincisi isə avronun zəiflənməsidir. Digər amillər olmadığı halda, adətən səbəblər hər iki “cəbhədə” axtarılır, lakin indiki vəziyyətdə Avrozonada baş verən iqtisadi proseslər elə də vacib görünmür. Çünki dollar tək avroya qarşı deyil, həm də digər aparıcı valyutalara qarşı möhkəmlənir. Bu bir neçə qrafikdə əyani göstərilə bilər ki, yaranan vəziyyət daha aydın olsun.







Bu qrafiklər ilk növbədə onu göstərir ki, dollar tək avroya qarşı deyil, digər valyutalara qarşı da möhkəmlənir. Biz burada yapon yeni və İsveçrə frankı üzrə dinamikanı göstəririk, lakin dünyanın aparıcı valyutaların əksəriyyətinə qarşı da oxşar dinamika müşahidə olunur. Göründüyü kimi, dolların yapon yeninə qarşı məzənnəsi 1/123-dür ki, bu da illik maksimumdan (125 yen) cüzi azdır. Eyni zamanda franka qarşı dollar artıq bu il ərzində ən yüksək səviyyədədir - 1 dollar / 1 frank.
Bu onu göstərir ki, yaranan vəziyyətinin səbəblərini kontragentlərdə deyil, ABŞ-ın özündə axtarmaq lazımdır. Lakin eyni zamanda xarici amilləri də kənara qoymaq olmaz. Məsələn, bütün qrafiklərdən görünür ki, dolların möhkəmlənməsi sentyabrda başlayıb. Qeyd edək ki, məhz sentyabrda məlum olub ki, Çin iqtisadiyyatında ciddi və qısa müddətə həll olunmayan problemlər mövcuddur, hətta bu problemlərin bəziləri (ucuz işçi qüvvəsi potensialının sona çatması) həll olunana oxşamır. Nəticədə, yuanın devalvasiyası baş verib ki, Çin amili dolların möhkəmlənməsinə ilk təkan verib.

Ardınca bəzi statistik məlumatlar açıqlanıb. Məlum olub ki, bu ilin ikinci rübündə ABŞ-da iqtisadi artım illik müqayisədə 3,9%-ə çatıb, Avrozonada isə iqtisadi artım illik müqayisədə 1,5% təşkil edib. Bundan başqa Beynəlxalq Valyuta Fondunun oktyabrda dərc olunan dünya iqtisadiyyatı üzrə icmalının məlumatları da Avrozonanın xeyrinə deyil. Belə ki, BVF ABŞ-da bu il iqtisadi artımı 2,6%, Avrozonada isə 1,5% səviyyəsində proqnozlaşdırır. Maraqlıdır ki, ABŞ-ın bu göstəricisi ümumi inkişaf etmiş ölkələr üzrə göstəricidən (2%) 0,6 bənd yüksəkdir, Avrozonanın göstəricisi isə müvafiq olaraq 0,5 bənd aşağıdır. ABŞ-ın dünyanın ən iri iqtisadiyyatı olduğu səbəbindən demək olar ki, belə yüksək göstəriciyə səbəb dünya üzrə iqtisadi artımın nisbətən yüksək olmasıdır.

Belə əlverişli makroiqtisadi fon və Çində üzə çıxan problemlər Çinin dünyada aparıcı rola malik olması məsələsini “təxirə salıb”. Bu isə dollara birmənalı dəstək olub. ABŞ-ın makroiqtisadi durumu sayəsində Amerikanın maliyyə aktivlərinə tələbat artmağa başlayıb ki, bu da dolları yuxarı çəkir. Beləliklə demək olar ki, dolların möhkəmlənməsinə ilk növbədə makroiqtisadi şərait səbəb olur. Nəhayət onu da qeyd etmək lazımdır ki, Federal Ehtiyat Sisteminin son iclasında faiz dərəcələrin minimal səviyyədə saxlaması paradoks olaraq müsbət nəticə verib ki, bu da bizi GƏLƏCƏK VƏ PROQNOZlara gətirir.

Əksər dünya mütəxəssisləri gözləyir ki, dekabrda FES faiz dərəcələrini bir qədər artıracaq. Nəticə etibarilə faiz dərəcələrinin son illər ərzində (böhran baş verəndən sonra) ilk dəfə 0-0,25%-dən yuxarı olacağı realdır. Bunun üçün artıq makroiqtisadi mühit mövcuddur, sadəcə olaraq siyasi qərar lazımdır. Yeganə saxlayıcı amil inflyasiyanın 2%-dən aşağı olmasıdır, lakin ehtimallar var ki, bu amil həlledici olmayacaq.

Qeyd edək ki, faiz dərəcələrinin aşağı olması iqtisadi qanunauyğunluğa əsasən, dolların möhkəmlənməsini müəyyən dərəcədə ləngidir. Buna görə də yuxarıda qeyd etdik ki, faiz dərəcələrinin qaldırılmaması maliyyə bazara paradoksal olaraq müsbət təsir edib. Faiz dərəcələri artırılsa, maliyyə bazarlarında canlanma yaranacaq, çünki FES-in dərəcələrin ardınca korporativ dərəcələr də artacaq ki, bu da tələbata müsbət təsir edəcək.

Digər tərəfdən, investorlar faizlərin qaldırılmasını ölkə iqtisadiyyatında sağlamlaşmanın başa çatması, inkişaf yoluna çıxması kimi qiymətləndirəcək. Və yekunda ABŞ-ın maliyyə alətlərinə axın daha da artacaq ki, nəticədə dolların möhkəmlənməsinə daha bir amil dəstək verəcək.

Bunun əksinə olaraq Avrozonada iqtisadiyyatı stimullaşdıracaq tədbirlərin gücləndirilməsinə ehtiyac var. Belə ki, Avropa Mərkəzi Bankının rəhbəri Mario Draqa noyabrın 12-də Avropa Parlamentinə bəyanatında bildirib ki, pul-kredit siyasətinin yumşaldılması həyata keçirilə bilər və müvafiq qərar artıq dekabrda qəbul oluna bilər. Bu bəyanat dərhal avronun bir qədər ucuzlaşmasına səbəb olub. Ümumilikdə isə bu, Avrozonada iqtisadi canlanmasına ehtiyac olduğunu göstərir ki, bu da dolların “xeyrinədir”.

Bütün bunları nəzərə alaraq, dolların daha da möhkəmlənəcəyini proqnozlaşdırmaq olar. Amma dolların həddən artıq möhkəmlənməsi ABŞ-ın özünə də ziyan verə və son zamanlar əldə edilən makroiqtisadi nəticələrini yenidən sıfıra endirə bilər. Çünki bu proses deflyasiya dalğası yaratmağa qabildir. Bu baxımından güman etmək olar ki, ABŞ-ın maliyyə rəhbərliyi öz addımlarını daxili iqtisadiyyat üçün əlverişli olan dolların nisbi dəhlizini müəyyən etməklə atacaq. Çünki dolları lazımı səviyyədə ucuzlaşdırmaq üçün FES-in alətləri var. Lakin bu bir müddət sonra baş verə bilər - əvvəl dolların məzənnəsi qalxacaq, sonra isə korrektə ediləcək. Yaxın gələcəkdə isə böyük ehtimalla dolların bahalaşmasını proqnozlaşdırmaq olar, çünki bunun üçün həm daxili, həm xarici amillər mövcuddur.

Konkret rəqəmlərə gəlincə isə, burada hər hansı qətilik yersiz olardı. Lakin müəyyən ehtimalları irəli sürmək hələ də mümkündür. Məsələn, son ayların dinamikası əsasında. Sentyabrın ikinci yarısında dollar avroya qarşı 1,14 dollardan 1,12 dollaradək, oktyabr ayında 1,12-dən 1,10-dək, noyabrın əvvəlindən bu günə kimi isə 1,07 dollara qədər bahalaşıb. Beləliklə, son iki-üç ay ərzində aylıq möhkəmlənmə təxminən 2-3 sentə bərabər olub. Əgər dekabrda FES faiz dərəcələrini qaldırsa, temp bir qədər arta bilər və ilin sonuna kimi dolların avroya qarşı məzənnəsi 1,03, hətta 1,01 dollara çata bilər. Əlbəttə ki, bunlar yalnız ehtimallardır, lakin bu hesablama və proqnozların reallaşma ehtimalı böyükdür.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников