Xorvatiya finalda — Milli ilkə imza atdı

Xorvatiya finalda — Milli ilkə imza atdı















İyulun 11-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının ikinci yarımfinal oyununda Xorvatiya və İngiltərə milliləri qarşılaşıblar.
"Ölkə.Az" xəbər verir ki, Moskvadakı “Lujniki” stadionunda keçirilən matçda qalib gələn Xorvatiya yığması tarixində ilk dəfə finalda oynamaq hüququ qazanıb.

Türkiyəli referi Cüneyt Çakırın idarə etdiyi görüşdə erkən qol qeydə alınıb. Matçın 5-ci dəqiqəsində Kieran Tripperin cərimə zərbəsindən birbaşa "doqquzluğa" göndərdiyi top ingilisləri hesabda irəli çıxarıb - 1:0. Qarşılıqlı hücumlara baxmayaraq, birinci hissədə əlavə qol olmayıb və komandalar fasiləyə bu hesabla yollanıblar.

Matçın ikinci hissəsinin ortalarından etibarən hesabı bərabərləşdirmək üçün təzyiqləri artıran Balkan təmsilçilərinin ardıcıl təhlükəli hücumları 68-ci dəqiqədə bəhrəsini verib. Şime Vrsalkonun sağ cinahdan ötürməsindən sonra rəqibin cərimə meydançasında müdafiəçilərdən əvvəl özünü topa yetirən İvan Perişiçin zərbəsi qapıçı üçün əlçatmaz olub - 1:1.

Bu qoldan daha da ruhlanan Xorvatiya yığması daha bir neçə təhlükəli vəziyyət yaradıb. Matçın 72-ci dəqiqəsində Perişiçin dubl etməsi üçün əlverişli imkan yaransa da, onun zərbəsindən sonra top qapı dirəyinə dəyib.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatdığından qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqəlik iki hissə oynanılıb.
Artırılan ikinci hissənin 4-cü (109-cu) dəqiqəsində Xorvatiya yığması hesabda irəli çıxıb. İvan Perişiçin başla ingilislərin cərimə meydançasına ötürdüyü topa iki müdafiəçinin arasından keçərək zərbə endirən Mario Mandzukiç komandasına finala vəsiqə qazandıran həlledici qolu qapıdan keçirib - 2:1. Bu, oyunda sonuncu qol olub.

Beləliklə, XXI dünya çempionatının yarımfinal mərhələsinin ikinci oyununda İngiltərə yığmasını 2:1 hesabı ilə məğlub edən Xorvatiya millisi tarixində ilk dəfə mundialın finalına yüksəlib. Xorvatiyalılar buna qədər mundiallarda ən böyük uğuru 1998-ci ildə əldə ediblər. Həmin dünya çempionatında Balkan təmsilçiləri yarımfinalda Fransa yığmasına uduzaraq (1:2) üçüncü yer uğrunda mübarizə aparmalı olmuşdu. Üçüncü yer uğrunda görüşdə Hollandiyanı 3:2 hesabı ilə məğlub edən Xorvatiyalılar bürünc medallara layiq görülmüşdülər.

Mundialın birinci yarımfinal oyununda Fransa millisi Belçika yığmasını məğlub edərək son 20 il ərzində üçüncü dəfə final mərhələsinə vəsiqə qazanıb.

Beləliklə, iyulun 14-də dünya çempionatında üçüncü yer uğrunda görüşdə İngiltərə və Belçika yığmaları qarşılaşacaqlar.

Çempionatın iyulun 15-də keçiriləcək həlledici oyununda - final görüşündə Fransa və Xorvatiya milliləri üz-üzə gələcəklər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər