Bəxtiyar kimi bəxtiyar ölmək... Bərdədə “canlı ölü”lərdən şəhidə laqeydlik - Açıqlama

Bəxtiyar kimi bəxtiyar ölmək... Bərdədə “canlı ölü”lərdən şəhidə laqeydlik - Açıqlama















Hacıyev Bəxtiyar Oqtay oğlu...Kişi oğlu kişi desək eyni ad-soyadı assosasiya edəcək. Bəxtiyar yoxdur! Əslində, var!

“Canlı ölülər”in yaşadığı məmləkətdə Bəxtiyar həmişə var, bəxtiyarcasına ruhu yaşayır.

Bu torpaqlar Bəxtiyarın qanını batırmayıb, bu torpaqlar Bəxtiyarın ruhu üstündə bərqərardır. Bu torpaqlar Bəxtiyar kimi oğulların verdiyi can bahasına, ömür bahasına sabitdir.

Hə, Bəxtiyar bilmirdi ki, bu torpaqların üstündə “Galenvagen”də gəzib adam öldürəcəklər, Bəxtiyar bilmirdi ki, torpaq uğrundan ayağını itirib şikəst gəzən adamlar sonra müavinət ala bilmədiyi üçün özlərini yandıracaqlar.

Bəxtiyar heç nəyi düşünmədən, ən müqəddəs amal naminə ali təhsilini də, gəncliyini də, ailəsini də tərk edərək 1992-ci ilin dünəni - 22 iyunda hərbi xidmətə yollanır.

Ona görə yollanır ki, Bəxtiyarın vətəni darda idi, Bəxtiyar universitet dəhlizlərində əli cibində gəzməyi özünə sığırmadı və getdi.

Getdi...və 1992-ci ilin 22 iyununda əsgəri xidmətinə başlamış Bəxtiyar Hacıyev Oqtay oğlu (kişi oğlu kişi) hardan biləydi ki, taleyin ən şərəfli şəhidliyinə elə həmin tarixdə qovuşacaq.

Biz FİA.Az kollektivi olaraq onu yada salmağı özümüzə mənəvi bir borc bildik, kimlərsə özündə o mənəvi borcu görməsələr də...

Kim idi Oqtayın oğlu Bəxtiyar? - daha detallı təqdim edək:

1974-cü il, mayın 1-də, sovet xalqlarının əməkçilər günündə Oqtay kişinin evində ikiqat bayram idi. Tanrı onu oğul balası qismət eləmişdi.

O zaman nə erməni-müsəlman davası varıydı, nə Oqtay kişinin ağlından keçirdi ki, belə bir müharibə başlaya bilər, hələ üstəlik mayın 1-də doğulmuş övladı torpaqlar uğrunda şəhid olar.

Ancaq “sən saydığını say, gör siyasətçilər nə sayır...”

1974-cü ildə Bərdə şəhərinə dünyaya göz açmış balaca Bəxtiyar isə nə biləydi ki, 18 il sonra nə 1 may, nə əməkçi günü olacaq. Olacaqsa, yalnız qanlı savaşlar olacaq, özü də onun cəbhəsində gedəcək...

Buna qədər Oqtay kişinin arzuları çiçək açır. Amma sonra gələn bahar qışa dönür.

1980-ci ildə Bəxtiyar Hacıyev internat ora məktəbinə gedir, 1991-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olur.

1992-ci il, İYUNUN 22-də isə ali təhsilini yarımçıq qoyaraq həqiqi hərbi xidmətə yollanır. Və 22 iyun onun üçün qara tarixə çevrilir.

Bəxtiyar 23 iyunda hərbi kağızını alaraq xidmətə başlayır. Kəlbəcər, Murovdağ, Ağdamın Fərrux dağı, Cəbrayıl, Qubadlı ərazilərində qanlı döyüşlərdə iştirak edir.

Bu fədakarlığı və qəhrəmanlığına görə orduda müxtəlif mükafatlara layiq görülür. Amma onun üçün ən böyük düşmən qüvvələrinin bu torpaqlardan çıxarılması idi.

Amma nə Bəxtiyara, nə Azərbaycan xalqına bu arzu nəsib olmur – düz 25 ildir...

O, 1993-cü ilin məhz 22 İyununda, hərbi xidmətə başladığı günün il dönümündə Ağdamın Yeddixırman kəndində şəhid olur.

Bəxtiyar elə-belə düşmən gülləsinə tuş gələrək canını tapşırmır, o, 50 azərbaycanlı əsir və zabiti düşməndən azad edərək bu əməliyyatda qəhrəmancasına şəhid olur.

Kaş hamıya belə rəşadətli, şərəfli ölüm qismət ola...Və hərbi xidmətə başladığı gün – 23 iyunda onun ölüm kağızı gəlir.

Bu gün Bəxtiyar 25 ildir ki, Sumqayıtın Şəhidlər Xiyabanında uyuyur. O, rahatdır, biz isə yox. Çünki Bəxtiyarın arzusu hələ də gerçəkləşməyib.

Amma Bəxtiyar var! “Canlı ölülər”in yaşadığı məmləkətdə Bəxtiyar həmişə var, bəxtiyarcasına ruhu yaşayır.

Çünki həmin “canlı ölü”lər Bəxtiyar şəhidliyinin 25-ci ilində xatırlamadılar, yad etmədilər, anım tədbiri təşkil etməyi belə unutdular, laqeydlik göstərdilər.

Bu barədə şəhid B.Hacıyevin 25-ci ildönümündə qardaşı, məcburi köçkün olan jurnalist Xəyyam Salmanzadə feysbuk hesabında olduqca kədərli və etiraz dolu status paylaşıb.

Bərdədə “canlı ölü”lərdən şəhidə laqeydlik

X.Salmanzadə qeyd edib ki, bu 25 il ərzində nə onun Bərdədə təhsil aldığı internat orta məktəbinə adı verildi, nə şəhərdəki küçələrdən biri onun adını daşıdı, nə rəsmi səviyyədə tədbirlər təşkil olundu.

Jurnalist təəssüf hissi ilə yazır ki, şəhid qardaşına qarşı bu biganəliyi ilk növbədə Bərdə rayon İcra Hakimiyyəti göstərib.

X.Salmanzadə şəhid qardaşı kimi gözləntisi vardı ki, ən azından təhsil aldığı məktəbdə anım tədbiri keçiriləcək.

Amma başı vətənpərvərlikdən uzaq işlərə qarışan Bərdə RİH B.Hacıyev haqda anım tədbiri keçirməyi də çox gördü.

“Qardaşımın düşməndən xilas etdiyi şəxslər arasında indi rəhbər vəzifələr tutanlar var, müxtəlif qurumlarda işləyənlər var. Amma Bəxtiyar canını bu torpaqlar üçün fəda etdi.

Mən bir qardaş kimi ümid edirdim ki, Bərdə rayon rəhbərliyi anım tədbiri keçirəcək. Amma mənim vaxtilə tənqidi fikirlərimə görə qardaşıma laqeyd davrandılar.

Bilsinlər ki, Bəxtiyar Xəyyama görə yox, vətən üçün şəhid olub. Belə kin, ayrı-seçkilik yaraşmaz.

Bərdənin icra hakimiyyəti üçün 22-23 iyun tarixlərindən önəmli hansı tədbir, hansı toplantı var? Bəlkə pambıq tarlasında zəhərlənənlərin qeydinə qalırlar, xəbərimiz yoxdur?!

İcra hakimiyyətləri həssas olmalıdır, şəhidlərini yad etməli, ən azı təhsil aldıqları məktəbdə anım tədbiri keçirilməsinə tapşırıq verməlidir.

Mənim qardaşımın adına bir barelyef, büst qoyula bilərdi, adına küçə, məktəb verilərdi. Bunu 50 nəfəri xilas edən bir oğul üçün edirlər, Xəyyama görə deyil. Mənim başqa istəyim yoxdur.

Bəxtiyarın yad edilməsi, adına küçə, məktəb verilməsi həm Bərdə rəhbərliyinə, həm ölkə adına başucalığı gətirər.

Bu soyuq münasibət, şəhidin ruhuna hörmətsizlik xalqına, dövlətinə, Qarabağa, onun uğrunda şəhid olanlara və əlil olanlara, 1 milyon köçkünə olan sayğısızlıqdır.

Bəxtiyarla birgə 1 milyon köçkün 25 ildir ki, yurd-yuvasına həsrət qalıblar. Ancaq unutmasınlar ki, kişilər bir dəfə ölür...”

Bəxtiyar kimi bəxtiyar ölmək... Bərdədə “canlı ölü”lərdən şəhidə laqeydlik - AçıqlamaБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər