“Ermənini öldürdük, ağladım” – Azərbaycanlı yazardan qalmaqallı sözlər

“Ermənini öldürdük, ağladım” – Azərbaycanlı yazardan qalmaqallı sözlər














Texnologiyanın inkişaf etdiyi, yeni filmlərin çəkildiyi və ekranlara çıxdığı ərəfədə, maraqlıdır, kitablar hələ də öz aktuallığını qoruyub saxlayır. Hətta kitab əsasında çəkilən filmlər də onlar qədər maraq doğura bilmir, bu mübarizədə geriyə qalırlar. Eyni mənzərə yaşadığımız şəhərdə də müşahidə olunur.

Xüsusilə kütləvi nəqliyyat vasitələrində kitab oxuyan gənclər görənlərin marağına səbəb olur. Diqqətlə baxanda klassiklərdən başqa gənc imzalara da rast gəlinir. Onlardan bəziləri qalmaqallı çıxışları ilə gündəmə gəlməyə çalışsa da, aralarında həqiqətən də istedadlı müəlliflər var. Həmin imzalardan biri də gənc şair Emin Piridir.

Minval.info saytı onunla olan müsahibəsini təqdim edir.

– Gənclərin yanında gördüyümüz Əsəd Cahangir arxa çıxdığı gənclər tərəfindən tənqid olunur, bəzən onların sərt reaksiyası ilə qarşılaşır. Buna münasibətin səbəbi nədir?

– İndiki gəncliyin keçməsi vacib olduğu iki mərhələ var. Biri Əsəd Cahangirdir, digəri Şərif Ağayar. Çox maraqlı imzalar və obrazlardır. Onlarla ünsiyyət həmişə gənclərə qazandırıb və qazandıracaq. Hər ikisi aktual imza olduğuna görə onlar haqqında yazılan hər şey böyük əks-səda doğurur. Buna görə gənclərin onlar haqqında yazması təbiidir. Tənqid olunan bilər, təhqir isə heç bir halda qəbul olunmazdır, cılızlıqdır.

– Bildiyimizə görə həm də tarix müəllimisən. Nəyə görə ədəbiyyat müəllimi yox, tarix?

– Mənim həmişə ən zəhləm getdiyi insanlar şairlər olub. Məktəbdə oxuyanda ədəbiyyat dərsindən, xüsusilə şeirdən iki alırdım. Heç bir müəllim mənə şeir əzbərlədə bilməyib, indinin özündə də, hətta öz şeirlərimi də əzbərdən bilmirəm. Həmişə düşünmüşəm ki, ən mənasız insanlar şairlərdir, boş-boş işlərlə məşğul olurlar. Amma tale elə gətirdi ki, özüm ədəbiyyata gəldim (red – gülür)

– Fikrini dəyişən nə oldu?

– Magistraturada oxuyanda axşamlar mühafizədə işləyirdim. Boş vaxtım çox olduğu üçün kitab da oxuyurdum, şeir də yazırdım. O dövrün də məşhur, hər kəs tərəfindən sevilən, tanınan şairləri var idi. Arada qəzet alırdım, şeirlərini oxuyub öz şeirlərimlə müqayisə edirdim, görürdüm mənim şeirlərim daha güclüdür. Mən də şeirlərimi bizim camiənin məşhur simalarına fərqli imza ilə göndərməyə, fikirlərini öyrənməyə başladım. Şeirlərin güclü olduğunu, niyə həmin şəxsi tanımadıqlarını məndən soruşanda bir daha yaxşı yazdığıma əmin oldum. Ondan sonra həmin şeirləri mətbuata buraxdım və gözlədiyim effekti də verdi.

– Adətən gənclər ədəbiyyata hansısa qıza yazdıqları şeirlər ilə gəlirlər. Bəs, səndə bu proses necə olub?

– Əksinə, ilk şeirlərimi müharibə və sosial mövzularda yazmışam, mənə ən çox uğur gətirən də elə onlar olub. Sevgi şeirlərini isə son zamanlar yazmağa başlamışam. İki-üç şeir ola bilər ki, hansısa qıza yazmışam, bunu da onlar bilmirlər. Amma elə şeirlərim də var ki, onlarla qız olub, hər dəfə görüşdüyüm qıza, əgər ədəbiyyadan xəbərsizdirsə, ona həsr etdiyimi demişəm. Belə yalanlarım olub (gülür).

– Yəni qız tutmaq üçün şeirlər də yazırsan…

– Yox, qız tutmaq deməzdim, çünki ilham gəlib yazmışam, sadəcə sonradan istifadə etmişəm.

– Tarixçi kimi “qanlı yanvar” mövzusunda həmişə sənin daha həssas olduğunu düşünmüşəm. Amma bu yaxınlarda “İlham və Fərizə” haqqında yazdığın statusla gündəmə gəldin. Düz olmayan nə idi, sənin tarixçi olmağın, yoxsa sevgiyə verdiyin dəyər?

– İnsanın öz həqiqətləri ola bilər, mənim də həqiqətlərim var. Amma elə oturuşmuş dəyərlər var ki, həqiqətlə üst-üstə düşmür. Buna baxmayaraq etdiyim doğru deyildi, daha yaxşı ifadə forması seçə bilərdim. Üstündən iki ay keçib, hər kəs unudub, amma səhv etdiyimi deməkdən çəkinmirəm. Dediyim kimi oturuşmuş dəyərlər, klassiklər var ki, onlara toxunmaq lazım deyil, bunlar xalqı sarsıdan addımlardır. Təbii ki, tənqid ola bilər, amma təhqir yolverilməzdir. O ki mövzu milli qəhrəmanlar, şəhidlər olur, bu zaman hətta tənqidin də əleyhinəyəm. Şəhidlər də insandır, onların da səhvləri ola bilər. Amma şəhidlik zirvəsinə yüksələn insanların səhvlərini gündəmə gətirməyi də doğru hesab etmirəm. Klassiklərə isə toxunmaq, müzakirəyə çıxartmaq olar.

– Klassiklərdən söz düşmüşkən, məsələn, M. Ə. Sabir ilə Seyid Əzim Şirvanini müqayisə edə bilərik?

– Məhəmməd Füzulidən sonra Azərbaycan ədəbiyyatının eyni istiqamət üzrə ən böyük zirvəsi Seyid Əzim Şirvanidir, məncə bu cavabım hər şeyi izah edir. Sadəcə Seyid Əzim Şirvani müəyyən mənada yiyəsiz insandır. Nəvə-nəticəsindən pullu, imkanlı adamı yoxdur ki, onu reklam etsin. Sabir isə nəsil baxımından yarımış adamlar sırasına aiddir, sahib çıxanlar var. İkisi də istedadlı insanlar olub, Sabirin yazdıqlarını hamı dərk edə bilmir, amma əlimdə olsa idi, S. Ə. Şirvani mükafatı yaradar, onunla bağlı müəyyən tədbirlər təşkil edərdim.

– Molla Pənah Vaqifin edamı haqqında çox insan danışmaq istəmir. Həm tarixçi, həm də şair kimi bu mövzuda nə deyə bilərsən?

– Bəzi mövzular var ki, onlar haqqında danışmaq lazım deyil, amma hamı bilir ki, Vaqif Azərbaycan tarixində ən baz adam olub. Hətta 80 yaşında olanda gənc qızlarla evlənmək istəyib. Bu, tarixi mənbələrdə də öz əksini tapıb. Ölümündə isə bu amil böyük rol oynayıb.

Vəzir olub, pulu olub, həm də şairdir, bundan sui-istifadə edib. Özün fikirləş, 80 yaşındakı kişi ilə qızlar niyə evlənsin ki?

– Müsahibələrindən birində keçən ilə qədər 1000-1500 manata kimi qazandığını demisən. Sonra nə oldu, nə dəyişdi?

– Başqa yerdə işləyirdim, 600-700 manat müəllim maaşım var idi. Bir sıra yerlərlə əməkdaşlıq edirdim, kreditim yox idi, günüm şəhərin mərkəzi, elit yerlərində keçirdi. Daha sonra məktəblərdə kurikulum sisteminə keçildi, dərs saatlarım azaldı. İndi isə kreditlərim var, rayona qonorarla gedib-gəlirəm.

– Sosial-şəbəkələrdə, xüsusilə qadınlar arasında belə fikir formalaşıb ki, əgər hansısa şair tanımadığı bir xanıma yazırsa, deməli “playboy”dur. Buna münasibətin necədir?

– Türkiyədə danışdığım bir xanım var idi, bir müddət sonra mənə dünyanın hər yerində şairlərin “çapkın” olduğunu dedi. O vaxta kimi yalnız azərbaycanlı şairlərin belə olduğunu düşünürdüm. Hətta ən mədəni, ən tərbiyəli şairlər, deyərdim, bizim şairlərdir. Dünya şairlərini, klassiklərini tərcümə edirəm, baxıram ki, bizim şairlər onların yanında əməlli-başlı “ev oğlanıdır” (red – gülür).

Dostayevski arvadının üzüyünü aparıb qumara qoyub. Elə Mopassanın özü, zadəgan olduğu üçün həyatında çoxlu qızlar olub, gedib onun-bunun arvadına girişib. Bizdə pis şeyləri tez mənimsəyirlər, amma mövzu ədəbiyyat olanda Dostayevski, Mopassan olmaq istəmirlər, istəsələr də, edə bilmirlər.

Nəsrdə dünya ədəbiyyatına uduzuruq, poeziyada isə müəyyən yer tuta bilərik. Türk ədəbiyyatını oxuyursan, üç səhifəlik şeir yazıb, bir dənə poetik misra var deyə qaldırıb dahi edirlər. Halbuki bizdə gənc şairlər var ki, daha istedadlıdır. Məsələn, Fərid Hüseyn məni hər mənada valeh edir – yerini bilən, hörmətli, həm də kifayət qədər istedadlı insandır.

– Dünya ədəbi mühitinə baxsaq, poeziya ikinci plana düşüb, nəsr, xüsusilə roman onu üstələyib. Bizim hələ də şeirdə ilişib qalmağımız nədən irəli gəlir?

– Bir zamanlar teatr haqqında da tarix səhnələrindən silinəcəyini deyirdilər. Amma nə oldu? Teatr hələ də yaşayır və dünya ölkələri ondan külli miqdarda gəlir götürür. Poeziyanı da bu sıralara aid etmək olar. Sadəcə roman daha rahat ifadə formasıdır və daha çox gəlir gətirir. Bir şeir kitabı bir neçə ilə ərsəyə gəldiyi alda üç-dörd aya bir roman yazmaq olur.

– Anadangəlmə və sonradan qazanılan istedad…

– Sonradan qazanılan savad olur, peşəkarlığın artırılmasına kömək edir. Bu isə istedad deyil.

– Daha çox Qismət Rüstəmov haqqında istedadı sonradan qazandığını, oxuyaraq peşəkarlaşıb digərlərini üstələdiyini deyirlər…

– Qismət istedadlı insandır, gözəl, maraqlı şeirləri var, amma mən deyərdim o, esseist kimi daha böyük uğur qazana bilər.

– Ədəbi mühitdə qəribə tendensiya yayılıb. Ətrafda belə fikir gəzir ki, sanki kimsə şairə maddi dəstək olmalıdır, o da evində oturub sadəcə yazmalıdır. Gənc şairlər isə həmin dəstəyi xanımlardan, onların dili ilə desək “gəlin”lərdən umurlar. Buna münasibətin necədir?

– O söhbəti ortaya mən atmışdım, insanları yoxlamaq üçün (red – gülür)

– Yoxlamaq, yoxsa indi bunu özünü sığortalamaq üçün deyirsən?

– Ola bilər, necə düşünmək istəyirsinizsə, düşünün. Etiraf etməliyəm ki, Türkiyədə xanım pərəstişkarım var idi, mənə iki min lirə pul göndərmişdi.

– Yəni xanımların gənc şairlərə maddi dəstəyinə normal baxırsan və belə təklif olduğu halda qəbul etməyə hazırsan. Hətta o, bunun müqabilində səndən daha “səmimi” münasibət gözləsə də…

– Yox, dediyiniz şey mənəviyyat məsələsidir. Sponsorluq olar, onu cinslərə bölmək, zənnimcə, düzgün deyil. Əgər hansısa kişinin belə fəaliyyətini xeyriyyə kimi qiymətləndiririksə, onda qadınlara da belə yanaşmalıyıq. İncəsənətə, ədəbiyyata verilən dəstək bütün hallarda məqbuldur və gözəl əməl kimi dəyərləndirilməlidir.

– İncəsənət qurban tələb edir deyirlər. Həmin dəstəyə görə hansısa xanımın yaxınlıq təklifini qəbul edərdin?

– Məndə vaxtilə olub, sadəcə həmin həyat mənə görə deyil. Hər ay mənə pul verirdilər, təbii ki, nəzərdə tutduğunuz məqsədlə yox, sadəcə olaraq xanım imkanlı ailənin qızı idi və mənə dəstək olmaq istəyirdi. Amma sonralar başa düşdüm ki, həmin həyat mənə görə deyil.

– Yaradıcı insanın ideologiyası ola bilər, yoxsa bu kimi fəaliyyətlər onu məhdudlaşdırır?

– Məsələn, qızılbaşlıq haqqında danışaq. Səfəvilər dövründə şiəlik amilinə çevrilsə də, ondan əvvəl sufiliklə, hətta məzdəkiliklə bağlı olub. Fikrimcə qızılbaşlıq milli dindir, sufilik və şiəliyi özündə ehtiva edir. Türk, kürd, ləzgi, ümumiyyətlə bütün etnik kimliklər qızılbaşlıq ideologiyası altında birləşib. Səfəvilər onun vasitəsilə Azərbaycanı birləşdirməyə müvəffəq oldu.

Azərbaycançılıq ideyası ilə isə Heydər Əliyev 1993-cü ildə bizi eyni bayrağın altında bir yerə toplaya bildi. Azərbaycançılıq, deyərdim, qızılbaşlığın müasir formasıdır və milli din kim qəbul olunmalıdır.

– İçki və şeir…

– Praktik olaraq həmin mərhələni keçmişəm. İçki insana daha cəsarətli olmağa, özünü rahatlıqla ifadə etməyə kömək etsə də, içki və siqaret qədər istedadı məhv edən ikinci vasitə yoxdur.

– İçirsən?

– Arada içirəm.

– Bəs, siqaret?

– O da arada (red – gülür).

– Bildiyimə görə Ağdamda, sərhəddə xidmət etmisən. Erməni ilə üz-üzə gəldiyin olub?

– Özüm yox, amma əsgər yoldaşlarımdan biri erməni snayperini vurmuşdu. Həmin günü aşağı düşəndə qonaqlıq verdim. Birlikdə yeyib-içdik, axşam isə oturub ağladım. Həyatımın bəlkə də ən sevincli günü idi. Ağlamağıma səbəb də, əslində sevincim idi, başa düşə bilmirdim. Axı bir insan başqasının ölümünə niyə sevinsin?

– Bəs, belə hal sənin başına gəlsə idi ermənini öldürərdin?

– Dinc şəraitdə insan öldürməyə qarşıyam, müharibə şəraitində isə gəlib torpağına girən düşməni öldürməyə məcbursan.

– Hərbi xidmətdə olanların çoxu bu hekayəni eşidib – Əsgərlər arasında belə şayiə gəzir ki, guya azərbaycanlı snayper səngərdə olanda erməni qadın snayperə aşiq olub. Belə hal sənin başına gəlsə idi, nə edərdin?

– Əgər mənim başıma gəlsəydi, əvvəlcə sevişərdim, sonra öldürərdim, axşam da qonaqlıqda içib ağlayardım (red – gülür). Təbii ki, bu, zarafatdır və istənilən halda xəyanət sayılır. Amma situasiyadan-situasiyaya dəyişə də bilər. Məsələn, sən kəşfiyyatçısan və hansısa informasiyanı ələ keçirtmək üçün bunu etməlisən. Dünya tarixində bunun kifayət qədər nümunəsi var. Elə KQB-nin özündə yüksək vəzifəli məmurları oxşar yollarla hədələyir, nəticədə lazımı məlumatı əldə edirdilər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər