İqbal Ağazadə: "Həzrəti Əli sağ olsaydı İran rejiminə qarşı mübarizə aparardı"

İqbal Ağazadə: "Həzrəti Əli sağ olsaydı İran rejiminə qarşı mübarizə aparardı"














Arxada qalan 2017-ci ili, yeni qədəm qoyduğumuz 2018-ci il ölkədə və bölgəmizdə baş verən siyasi prosesləri Ümid Partiyasının sədri İqbal Ağazadə dəyərləndirib.
Beləliklə "Ölkə.Az" xəbər portalı İqbal Ağazadə ilə müsahibəni təqdim edir:

- 2017-ci il Azərbaycan siyasi həyatında necə yadda qaldı?

- Müxalifət və iqtidarın vəziyyəti barədə danışmaq istəməzdim. Azərbaycanın fundamental problemləri var. Birinci problem Ermənistan Azərbaycan münaqişəsidir. 2017-ci ildə bu problem həll olunmadı, heç zərrə qədər də irəlləyiş yox idi. Demək ki, 2017-ci il bu nöqteyi -nəzərdən Azərbaycan üçün uğurlu deyildi.

İkinci problem isə dünyada, beynəlxalq aləmdə Azərbaycanın inteqrasiya etmək istədiyi Avropa ölkələri ilə probleminin olmaması idi. Azərbaycan bu istiqamətdə ciddi problemlərlə üz-üzə qaldı.

Azərbaycanın üçüncü ən böyük problemi vətəndaşlarının sosial-iqtisadi vəziyyətidir. Bu istiqamətdə də ciddi uğurlar olmadı. Düzdür, manat sabit qaldı. Dünya bazarında neftin qiymətinin qalxması Azərbaycan iqtisadiyyatını qismən də olsa sabitliyə doğru apara bildi, ancaq sistem olaraq Azərbaycan iqtidarı iqtisadiyyata ciddi doktrina anlayışında yanaşa bilmədi, yenə də pərakəndə, dağınıq və cari siyasətə hesablanmış bir xətt ortaya qoydu.
Yenə də neftdən gələn gəlirlərin pərakəndə şəkildə qeyri-neft sektoruna yönləndirilməsi izlənildi. Neftdən asılılıq yenə də əvvəlki illərdə olduğu kimi qaldı. Azərbaycanın bir uğuru var. Sabitlik var, digər ölkələrdə baş verən xaoslar, kataklizmlər Azərbaycanda yoxdur. 2017-ci il üçün başqa bir sahə öyülə, təriflənə bilməz. 2018-ci ilə bu şəkildə gəlib çıxdıq.

- 2018-ci il Azərbaycanda prezident seçkiləri ilidir. Bu il həm də Rusiyada da prezident seçkiləri olacaq. Bölgədə qarışıqlıq var. Digər tərəfdən Rusiya, Türkiyə və İran bir üçlük şəklində hərəkət edir. Hətta bu üçlük görüşlərinin bir neçəsini Azərbaycanda keçirdi. Bu üçlüyün ortasında bir Azərbaycan var. Bütün bu proseslər Azərbaycanda keçiriləcək prezident seçkilərinə necə təsir edəcək?

- Açığı bu üçbucağın içərisində Azərbaycanın olduğu qənaətində deyiləm. Dünyada baş verənlərə baxaq. Əslində dünyada demokratiya gəlib bir sərhəddə dirənib. Bu demokratiyanın dirəndiyi sərhədin bir tərəfi Türkiyə və Rusiya, digər tərəfi isə İrandır. Demokratiyanın dirəniş göstərdiyi yerdə bu 3 dövlət birləşib və buradan digər coğrafiyaya demokratiyanın buraxılmasına qarşı çıxır. Türkiyəli dostlarımız inciməsin, gerçək odur ki, Türkiyədə də, İran və Rusiyada da vəziyyət bu şəkildədir. Rusiya postsovet ölkələrini özününkü hesab edir. Ona görə də, onlara dirənən demokratiyanı özünə çatmış hesab edir. Demokratiya Ukraynaya, Gürcüstana dirənib, Azərbaycanın, Moldovanın, Ermənistanın başının üstündə bu yel əsir. Rusiya da, İran da bundan olduqca narahatdır. İran bilir ki, demokratiya ona çatsa, indiki İrandan əsər-əlamət qalmayacaq. Əslində dünyada bunun mübarizəsi gedir.
İsrarla bunu qeyd edirəm ki, ya Üçüncü Dünya müharibəsi olacaq, ya da demokratiyanı heç kim durdura bilməyəcək. Üçüncü Dünya Müharibəsinin olmayacağını birmənalı bilirəm. Mövcud silah və sursatların dünyanı dağıdacaq dərəcədə olduğu üçün heç kim buna yol verməyəcək. Demək ki, dünyada demokratiya təşəkkül tapacaq. Bu ölkələrin indiki müqaviməti əslində budur. Sovet dönəmində kommunizm ideologiyası hakim olanda dünyada bir kommunist ideologiyası hərəkatı var idi. O kommunist hərəkatının bir rəngi var idi. Orada radikal, mülayim, təriqətçi komunizim kimi anlayışlar yox idi. Bu nəzəriyyə dağıldı və 1994-cü ildən sonra dünya qütbləşməsində islam tərəflərdən biri oldu. Tərəflərdən biri olan islamın içərisindən çoxsaylı idarəetmə və düşüncə tərzləri çıxdı. Mötədil islam, mülayim islam, radikal islam, terrorçu islam. Bütün bunlar Yaxın Şərqdə təcrübədən keçirildi. Hətta ən mülayim və mötədil islam Türkiyədə hakim qüvvəyə çevrildi. 2017-ci ildə bəlkə biraz da tez anladılar, qəbul etdilər ki, bu islam da dünyaya və ölkələrinə xeyir verməyəcək. Mahiyyət budur ki, ideoloji dövlətlərin sonu yoxdur. Heç bir ideoloji dövlət sona qədər yaşaya bilmir. Bütün yaşantıların hamısı hüquqi dövlətə gedib söykənir. Hüquq hər kəsin haqqını tanıyır, din hər kəsin haqqını tanımır. Dövlətlərin dini olmaz, insanların dini olar. Dövlətlərin siyasəti olar. Dövlət siyasətləri fərqli maraqlar üzərində qurulduğuna görə dinin, ideologiyanın daşıyıcılarını belə bir yerə yığmaq mümkün olmur. Ona görə də, Yaxın Şərq coğrafiyasında islamın bütün modelləri sıradan çıxarıldı. Xilafət istəyənlər üçün bir İŞİD, mötədillik istəyənlər üçün Türkiyə, terrorçu təşkilatların hakim olduğu yerdə Hizbullah, Taliban modelləri ortada oldu və heç biri uğur qazanmadı. Artıq Yaxın Şərqdə yoxlanılası, praktikadan keçiriləsi dinlə idarəetmə modeli qalmadı. Dini modellər dağılmalıdır, onun yerini dünyəvilik tutmalıdır. Çox təəssüf ki, ABŞ və Avropanı misal gətirəndə bəzi insanlarda çox böyük qıcıq yaranır. Təəssüf ki, bu tip insanlara Azərbaycanda da çox rast gəlirik. Xüsusən sosial şəbəkələrdə bunun əks mövqeyini qoyanlar, ABŞ, İsrail, Avropa deyəndə dərhal sərt mövqe qoyurlar. Sanki bunu irəli sürməklə mental, dini dəyələri qorumaq istəmək kimi hisslər ortaya çıxır.

Hər bir hərəkat, dövlət, idarəetmə bir nümunəyə söykənir. Bu gün heç kim nə Amerikapərəst deyil, nə də Avropapərəst. Sadəcə olaraq ortada olan yaxşı nümunə odur. Biz görürük ki, Avropa insanı yaxşı yaşayır, azaddır, problemləri olsa belə onu sivil şəkildə çözə bilirlər. Əlində silah uşağını, qadınını, kişisini öldürmür, asmır, terror etmir. Müxtəlif qruplar, müxtəlif maraqlar uğrunda vəsaitlər toplayıb bir tərəf sonsuza qədər varlanıb, digər tərəf sonsuzsa qədər kasıb yaşamır. Nə Avropada, nə ABŞ-da, nə də İsarildə belə deyil. İsraildə Netanyahu baş nazirdir, az qala hər gün məhkəməyə çağrılır. Təsəvvür edin, Yaxın Şərqdə hansısa baş naziri məhkəməyə çağırıblar. Bu dəhşətli bir şey olardı. Ona görə də, oranı nümunə gətirəndə biz oradakı yaşam tərzinə görə misal gətiririk. Biz yaxşını misal gətiririk. Yoxsa bizim Azərbaycandan çox sevgimiz kimsəyə deyil. Suriyanımı, İraqımı, Misirimi, Livanımı, İranmı, müasir Türkiyədə Dəyanət Vəqfinin qərarı olan 9 yaşlı qızla evlənməyimi misal göstərim? Bunlar faciədir. Bunu hər kəs anlamalıdır və qəbul etməlidir. İstəyirəm ki, Azərbaycan insanı azad yaşasın, idarəetmədə iştirak edə bilsin, haqqını istəyə bilsin.

İnsanların bəzən cəsarətindən çox danışılır. Siyasətçiləri cəsarətsizlikdə ittiham edirlər. Cəsarət iki şeydən yaranır: Yaşam tərzindən və hüquqdan. Bizim təbii coğrafi şəraitimiz bizə cəsarət verə bilməz. Afrikada bir qəbilə gözləyir ki, şir ceyranı parçalasın, gedib şiri qovsunlar, ceyranın ətini götürüb aparsınlar. Aran bölgəsində hansı cəsarətimiz ortaya çıxa bilər? İkinci cəsarəti Avropa ölkələrində insanlara hüquq verir. Hüquq vətəndaşı müdafiə edir, məhkəmə vətəndaşın arxasında dayandığına görə vətəndaş cəsarətli olur və heç kimdən və kəsdən qorxmur. Bu da bizdə yoxdur. Azərbaycanda demokratiya uğrunda mübarizə aparan şəxslər, ən azı özünü belə göstərənlər İrana, Ərdoğana, Putinə bir söz deyəndə az qalsın adamı öldürsünlər. Əgər siz İranı, Rusiyanı, Türkiyəni müdafiə edirsinizsə, onda Azərbaycan iqtidarına qarşı da müxalif olmayın.

Diqqət yetirsəniz, Azərbaycanın bölgələrində yas məclislərində mollaların hamısı fars kəlmələri ilə danışır. Bu siqnal verir ki, adamlar harada yetişdirilirlər. Hökumət bunları düşünməlidir. Ən sonda bu iqtidarla vətən uğrunda çiyin-çiyinə verib döyüşə bilərik. Ancaq o dediyim adamlar nəinki Azərbaycan uğrunda, nəinki vətən uğrunda, hətta yaşadıqları ev uğrunda belə çiyin-çiyinə verib bizlə döyüşməyəcək.

- Rusiyanın istəsək də, istəməsək də bizim bölgəyə təsir imkanları çox böyükdür. Rusiya Prezidenti Vladimir Putin prezidentliyə yenidən namizəd olacağını deyəndən dərhal sonra Rusiyada yaşayan azərbaycanlılar Putinin namizədliyini dəstəklədiklərini açıqladılar. Adətən lobbilər əvvəldən yox, onların maraqlarını müdafiə edəcək namizədə dəstək verəcəyini açıqlayırlar. Bizdə isə tam fərqli oldu. Bunun səbəbi nədir?

- O adamların hamısı konyuktura ilə məşğuldur. Onlar gedib seçkidə səs vermirlər, bunu Putin də gözəl bilir. Onlar seçkidə iştirak edib səs verən, rəy dəyişdirən adamlar olsaydı tamam fərqli nəticə ortaya çıxardı. Gürcüstanda Saakaşvili dönəmində demokratiyanın ab-havası gəldi, azərbaycanlılar seçki prosesində iştiraka başladılar. Azərbaycanlı deputat, müşavir, nazir vədləri ilə azərbaycanlıların səslərini almağa çalışırlar. Rusiyada demokratiya yoxdur. Qutudan Putinin çıxacağını hər kəs bilir. Bizimkilər də orada konyuktura ilə məşğuldurlar ki, hakimiyyətdən daha çox şey qoparsınlar. Azərbaycandan kənarda yaşayan həmvətənlərimizin lobbiçilik fəaliyəti olduqca bəsit, olduqca keyfiyyətsiz şəkildə həyata keçirilir. Elə başa düşürlər ki, sanki buradan getmiş adamlar orada lobbiçiliklə məşğul olmalıdır. Bu qədər neft, qaz tərəfdaşlarımız var. Biz onları cəlb etməliyik lobbiçilik işinə. Bunu bacarmırlar. Bunu hökumət, diaspora komitəsi təşkil etməlidir.

- ABŞ-da keçirilən son seçkilərdə Rusiyanın müdaxilə etdiyi ortaya çıxdı. Bu il Rusiyada prezident seçkiləri olacaq. ABŞ bunun cavabını vercəkmi? Bu olarsa Azərbaycana necə təsir edər?

- Rusiyada keçirilən seçkilərə ABŞ-ın müdaxiləsi mümkün deyil. Əvvəla real namizəd yoxdur ortada. Rusiyada seçkilər texnologiyalar üzərindən də aparılmır ki, ABŞ oraya hər hansısa formada müdaxilə etsin. ABŞ-ın bu seçkilərə müdaxiləsi gözlənilmir. Rusiyadakı seçkilərdə heç bir qarışıqlıq olmayacaq, sakit məcrada keçəcək. Rusiyanın Azərbaycana təsir imkanları var, bu, bundan sonra da olacaq.

- Putin dövründə Dağlıq Qarabağ probleminin həll olması mümkündürmü?

- Ermənistan-Azərbaycan münaqişəsinin həllinin ən optimal dövrü Putinin hakimiyyətdən getməsinin ilk 2 ilində baş verəcək. Azərbaycan həmin dövrdə ya torpaqlarını işğaldan azad edəcək, ya da münaqişənin ömrü daha da 20-30 il uzanacaq. Ona görə də, həmin dövrə hazırlaşmaq üçün beynəlxalq şərtləri və münasibətləri düzgün şəkildə əlimizdə saxlamalıyıq.

- İranda baş verən son hadisələrə münasibətiniz necədir?

- Əvvəla müsəlman qardaşlarımıza bir məsləhətim var. Həzrəti Hüseyn, həzrəti Həsən, həzrəti Abbas sevgisi ilə İran, Xomeyni və Xameneyi sevgisini qarışdırmasınlar. Bunlar heç zərrə qədər bir-birinə yaxın olmayan bir sevgilərdir. İmam Əlini sevmək üçün Xomeynin sevməyə ehtiyac yoxdur. İmam Hüseyni, Kərbəla şəhadətini yüksək qiymətləndirmək üçün İran rejimini sevməyə ehtiyac yoxdur. Kərbəla insanlıq faciəsidir. Ancaq təəssüflər olsun ki, İranın dövlət idarəsinə çevrilmiş bu konyuktur siyasət insanlara sanki sübut edib ki, Həzrəti Əli ilə, imam Həsən, imam Hüseyn sevgisi elə Xomeyni sevgisi ilə bərabərdir. Uzun illər aparılan bu təbliğat təəssüf ki, öz rolunu oynayıb. Həzrəti Əlinin də, imam Hüseyn, imam Həsənin şəhadətinin də, onların islamdakı yerini bilən, hörmət edən bir insanam. İnanın, Həzrəti Əli, imam Hüseyn, imam Həsən sağ olsaydı bu İran rejiminə qarşı mübarizə aparardı.
Bu gün əslində onların ifadə etdiyi kimi çılpaq gəzməkdən, zina etməkdən xoşlandıqları üçün bu rejimə qarşı çıxmırlar, əsla. İnsanlar adam kimi yaşaya bilmirlər. Kitabımızın, dinimizin buyurduğu kimi yaşaya bilmirlər. Heç kimin dininin, inamının, imanının şeyxi, axundu, mollası, ayətullası, fitva verəni olmamalıdır. Adam yatıb yuxusunda nə görürsə durub fitva verir, mən onu yerinə yetirməliyəm? Mənim kitabım var, dinim var. Adlarını çəkmək istəmirəm, o deyilənlərin çoxunun risalələri tərcümə olunub adamlara çatdırılsa, sadəcə biabırçılıq olar. Çox təəssüf ki, insanların çoxu bunu bilmir.

- Sosial şəbəkələrdə, insanlarla söhbət zaman görürük ki, bizim insanlar da Rusiya və İran sevgisi daha böyükdür. Azərbaycan üçün İran təhlükəlidir, yoxsa Rusiya?

- Azərbaycan üçün bu iki dövlətin təsirinə uyan Azərbaycan insanı təhlükəlidir. Əgər içərimizdə o “sevgiləri” özündə yaşadan olmasa bizim üçün heç kim təhlükəli deyil. Sadəcə o “sevgini” yaşadanlar var deyə biz təhlükədəyik, əziyyət çəkirik. Ola bilər ki, əraziləri böyük olar, silahları çox olar. Ancaq indi elə zaman deyil ki, kimsə gəlib silahını çəkib ölkədə oturub desin bura mənimdir.
Biz çox tez-tez danışırıq ki, xristian-müsəlman savaşı, dinlərarası, sivilizasiyaların toqquşması bunlar mənə qəribə gəlir. Gəlin bir anlıq düşünək ki, dünyanın bütün xristian ölkələri İslam Əməkdaşlıq Təşkilatı kimi bir əməkdaşlıq təşkilatı yaratsınlar. Nə baş verər? Biz kimlərin ayaqları altında qalarıq? Bir anlıq düşünəkmi?

- Düşünməyək. (gülürük)

- Düşünməyək deyiriksə, bunun fərqinə hər kəs varmalıdır. Zorən, yalandan İslam Əməkdaşlıq Təşkilatında birləşən dövlətlərin 99%-i islamdan daha çox ölkələrinin maraqlarını düşünürələr. Bütün əlaqələrini də buna görə qururlar. Biz də düşünməliyik ki, bizim də dövlət olaraq maraqlarımız var. Bütün bunların hamısına ayıq gözlə baxmağı bacara bilən insan çox az yetişib Azərbaycanda. İran islamla bağlı çox sözlər deyir. Bəs İran öz maraqlarından zərrə qədər kənara çıxırmı?

- Qətiyyən

- Çıxmır. Ermənistanla da münasibətdədir, özü də çox yaxşı münasibətdə. 90 min erməniyə hüquq verir, kilsə, məktəb verir. Bəs 35 milyon azərbaycanlıya haqlarını demirəm, insan kimi münasibət varmı? İran fərqli təriqətlərdən olanlara düşmən münasibəti bəsləyir, ancaq xristian Ermənistanla dostdur. İran İsraili düşmən hesab edir. İsrailin qırdığı müsəlmanlarla müsəlmanın müsəlmanı qırmasının sayını müqayisə edək. Görək kim kimi çox qırır. Görək Fələstində ölənlər çoxdur, yoxsa İranda haqqını istəyən asılanlar? Obyektiv olmaq lazımdır. İranın öz vətəndaşlarına qarşı törətdiyi cinayətlərin dinə, təriqətə, şiəliyə heç bir aidiyyatı yoxdur.

- Cənubi Azərbaycan məsələsinə toxunaq. İranda proseslər başlayan kimi bir çoxları başladı ki, Cənubi Azərbaycan müstəqil olacaq, Şimalla birləşə bilər. Bular real görsənir?

- Deməzdim ki, real görsənmir. 1988-ci ildə SSRİ-nin dağılma prosesləri başlayanda heç kim Slovakiya ilə Çexiyanın ayrılacağını, Serbiyanın, Kosovanın və sairənin azad olub müstəqil dövlət quracağını düşünmürdü. Bu gün desək ki, Tatarıstan, Başqırdıstan müstəqil olacaq bir az bizim üçün gülməli gələr. Bir insan ömrü yetmir prosesləri tam görməyə. Biz 1828-ci il müqaviləsini görməmişik, ancaq o müqavilənin əziyyətini çəkərək yaşayırıq. Bəlkə sən, mən görmədik Güney Azərbaycanın ayrılmasını, müstəqilliyini, Şimalla birləşməsini. Ancaq bu coğrafiyada mütləq mənada kimlər azadlıq istəyirsə ona nail olacaq. Güney Azərbaycanda proses bizim istədiyimiz səviyyədə getmir. 2009-cu ildə Yaşıl Hərəkatda güneylilər yaxasını kənara çəkdilər. Bir şeyi qəbul etmək lazımdır. Sərt rejimdə, sənin haqların verilmirsə, içəridə bir proses başlayıbsa, ona tövhə verməlisən ki, o rejim yumşalanda oradan haqqını götürəsən. Çox təəssüf ki, indi də güneylilər yaxalarını kənara çəkdilər. İranın parçalanması kimi iddialarda deyiləm və bu iddianın da mənim dilimdən səslənməsini istəmirəm. Ancaq güneylilər nə istəyirsə, onların yanındayam. Muxtariyyət istəyəcəklərsə, onun yanındayam, federasiya, müstəqillik, bütöv Azərbaycan istəyəcəklərsə, onun yanındayam. Bu baş verəcək, geci, tezi var. Onların seçiminə hörmətlə yanaşıram.
Bizdə bir çoxları deyir ki, İran azad ölkədir, anca İran prezidenti insanlar azadlıq istəyir. İnsan azad olmalıdır.

Dünya sərhədsizləşməyə doğru gedir. Əgər iqtisadi sərhədsizləşmə varsa, bir gün siyasi və coğrafi sərhədlər də dağılacaq. Buna hər kəs əmin olsun.

- Bölgədə baş verən proseslər və Azərbaycanda keçirləcək seçkilər. Bizi nə gözləyir?

- Bizi heç nə gözləmir. Açığı Azərbaycanda prezident seçkiləri çox sakit keçəcək. Müxalifət adına iddialı olan adamların 99, bəlkə 100%-i seçkidə iştirak etməyəcək. Bunu əvvəlcədən deyirəm. Kim namizədliyini elan edir, etsin. İştirak edəcək namizədləri də aşağılamaq niyyətində deyiləm, onlar da siyasi təşkilatdır, partiyalarının maraqları baxımından seçkidə iştirak etmək istəyirlər. Cəmiyyət də onlara dəstək vermir. Beynəlxalq aləm Azərbaycan hakimiyyətinin ziyanına deyil. Hakimiyyət içərisində qaynama yoxdur. Hakimiyyət daxilində bir-birinə düşmən olan qüvvələr yoxdur. Vahid hakimiyyətdir, deyilənləri qəbul etmirəm. Hesab edirəm ki, 2018-ci il sakit şəkildə keçəcək. 2018-ci ildən sonra Avropanın, ABŞ-ın qiymətləndirilməsi nə olacaq, şərtlər nələr olacaq bunu yaşayıb görəcəyik.

2019-cu il Azərbaycan və Yaxın Şərq üçün şəkilləndirmənin son mərhələsi olacaq.

- Belə başa düşdüm ki, prezidentliyə namizədliyinizi verməyəcəksiniz.

- Hələlik bu barədə ciddi düşünmürəm. Ancaq may ayında qurultayımız keçiriləcək. Qurultay israr etsə, namizədliyimi verə bilərəm. Mənim şəxsimdə isə bu seçkilərdə iştirak etmək həm təbliğat baxımından, həm də digər məsələlər baxımından uğur gətirməyəcək. 2 dönəm seçkidə iştirak etmişik, nə mümkündür əhaliyə demişik. Mövqelərimizi, proqramımızı demişik. Aşağı yuxarı cəmiyyət fikirlərimizlə tanışdır. Bu mənim yanaşmamdır. Qurultayın yanaşması fərqli ola bilər.

- Yuxarıda səsləndirdiyiniz fikirlərdən anlaşılır ki, öz müxalif adına iddialı olan şəxslərlə görüşüb fikir alış-verişi etmisiniz.

- Olmayıb. (gülürük). Seçkidə kimin qalib gəlməyi əhali üçün elə də önəm kəsb etmir. Söhbət Azərbaycanın problemlərinə münasibətdən gedir. Bu problemlərə münasibət dəyişirmi, dəyişmirmi - məsələ budur. Bu dəyişmir. Adi İran məsələsində sosial şəbəkədə bəlli oldu ki, İran içimizə girib.

- Nəinki İran, ermənilər də…

- Rusiyaya qarşı dünyada aqressiv münasibət var, ancaq o bu aqressiv münasibətin sonunu görə bilmir. Buna görə də, hələ də tərəddüddədir. Avropa ilə məsafə saxlamağa çalşır. Bir neçə siyasi məhbus deyilən adamı buraxmaq əvəzinə onlarla konfliktə gedir. Olmaz belə. Ermənistan belə bu stiuasiyada bizdən irəliyə gedir, Avropa ilə qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalayır. Gürcüstan imzalayıb, Avropanın içindədir. “Gürcüstan nə etdi, torpaqlarını itirdi”, deyəcəklər. Bağışlayın, biz torpaqlarımızı geri almışıq? Saakaşvili Rusiyaya qarşı sərt addım atdı, Abxaziya və Osetiyanı geri ala bilmədi, biz yumşaq addım atmışıq, Qarabağı geri ala bilmişik? Yenə təkrar edirəm postputin dönəminin ilk 2 ili Dağlıq Qarabağı ala biləcəyiksə, alacağıq, ala bilməyəcəyiksə, 20-30 il məsələ yenə uzanacaq.


- Təşəkkür edirəm, geniş müsahibə üçün.

- Buyurun, xoş oldu.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər