Bu gün “Qarabağ” “Atletiko Madrid”lə qarşılaşacaq

Bu gün “Qarabağ” “Atletiko Madrid”lə qarşılaşacaq














Bu gün “Qarabağ” komandası Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.
AZTB.info Report-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi IV tur çərçivəsində İspaniyada “Atletiko”nun qonağı olacaq.

Bu kollektivlərin oktyabrın 18-də Bakı Olimpiya Stadionunda baş tutan ilk duelində qolsuz heç-heçə qeydə alınıb. İlk turda İngiltərədə “Çelsi”yə 0:6, evdə isə İtaliya təmsilçisi “Roma”ya 1:2 hesabı ilə uduzan “Qarabağ” madridlilərlə heç-heçə etməklə ilk xalını aktivinə yazıb. Bu uğurun davamını gətirmək çətin olsa da, nəzəri cəhətdən 1/8 finala vəsiqə qazanmaq da mümkündür.

Lakin Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə məğlub olarsa və “Roma” evdə “Çelsi”ni üstələyərsə, “Qarabağ” üçün ÇL-də mübarizəni davam etdirmək baxımından növbəti iki oyun formal xarakter daşıyacaq. Çünki italiyalılar 8 xalla Azərbaycan çempionu üçün əlçatmaz olacaq. “Çelsi” 7, “Atletiko” 5 xala malik olsa da, onlar arasında matçın qalması ağdamlıların ümidlərini puç edir.

“Atletiko”nun Çempionlar Liqası, La Liqa və İspaniya Kubokunda ümumilkdə keçirdiyi son 7 oyundan yalnız 1-də qalib gəlməsi “Qarabağ”ı ümidləndirən amildir. Ancaq madridlilərin son illərdəki uğurlarının memarı olan baş məşqçi Dieqo Simeone bu qarşılaşmaya dönüş nöqtəsi kimi baxır. Rəqib düşərgədə Koke və Yannik Karrasko kimi futbolçular zədədən əziyyət çəksələr də, paytaxt təmsilçisi geniş heyətə malikdir və istənilən oyunçunun yoxluğunu sığortalayacaq simalar var.

Əvəzində “Qarabağ” heyət baxımından ciddi problemlə üzləşib. “Atletiko” ilə Bakıdakı matçda qırmızı vərəqə alan qol ümidi Dino Ndlovu cəzalı durumdadır. Mərkəz müdafiəçiləri – Bədavi Hüseynovun zədə üzündən meydana çıxmayacağı dəqiqləşdiyi halda, əzələsi dartılan Yakub Jezniçakın durumu sual altındadır. Azərbaycan Premyer Liqasının son turunda “Səbail” ilə görüşdə xəsarət alan Pedro Enrike isə böyük ehtimalla komandaya kömək edə biləcək.

Qeyd edək ki, C qrupunun digər matçında “Çelsi” “Roma”nı məğlub edəcəyi təqdirdə, 1/8 finala vəsiqə qazanacaq.

Çempionlar Liqası, IV tur, C qrupu
31 oktyabr

23:45. “Atletiko” (İspaniya) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Deniz Aytekin

Baş hakimin köməkçiləri: Qvido Klefe, Markus Heker

Əlavə köməkçi hakimlər: Daniel Zibert, Benyamin Brand

Dördüncü hakim: Eduard Baytinqer (hamısı Almaniya)

Madrid. “Metropolitano” stadionu

Xal durumu: “Çelsi” – 7, “Roma” – 5, “Atletiko” – 2, “Qarabağ” – 1.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər