255 xoşbəxt ailə, 255 sevinən qələm sahibi — Təşəkkürlər, Cənab Prezident!

255 xoşbəxt ailə, 255 sevinən qələm sahibi — Təşəkkürlər, Cənab Prezident!

















Məmməd Gülməmmədov

Olke.az saytının rəhbəri

Bineyi-qədimdən Adəm övladı yaşamaq üçün özünə yer hazırlayıb. Qədim tarixə nəzər salanda da görürük ki, ilk ibtidai insanların əsas hədəflərindən biri yaşayış məskəni olub.

Sovet dövründə hər bayramda, hər tətildə yayımlanan "Robinzon Kruzo" komediya filmi bir çoxlarının yadındadır. Robinzonun adaya çıxdıqdan sonra ilk işi özünə yaşamaq və yatmaq üçün bir yer hazırlamaq olur. Yadınıza düşdümü bu səhnələr? Ağac yarpaqlarından, quru budaqlardan özünə mənzil hazırlayan Robinzonu xatırladınızmı? Bu tip misalları səhərə qədər yazmaq olar.

Yazmaqda məqsədim nədir?

Hə, indi də bu barədə.

Bu gün hörmətli prezidentin sərəncamı ilə 255 jurnalistə ev verildi. Bu gün axşam 255 evdə şadyanalıq olacaq. Bu gün 255 qələm sahibinin telefonu səhərə qədər susmayacaq. Bu gün 255 jurnalist təbriklər qəbul edəcək. Bu gün 255 mətbuat nümayəndəsinin sevincindən gözləri yaşaracaq, boğazı qəhərlənəcək. Bu gün 255 nəfərin yaxınları, dostları, əzizləri onun sevincini paylaşacaq. Bu gün bir çox qələm sahibi qaldığı kirayə evlə vidalaşacaq. Bəlkə də bu gün sevincli xəbəri alan bir çoxları kirayədə qaldığı, qışın soyuğunda qızdırmağa çətinlik çəkdiyi, ayın sonunda kirə pulunu boğazından, əynindən kəsib düzəltdiyi evə başqa abu-hava ilə daxil olacaq. Bu gün bir çoxları kirədə qaldığı evin divarlarına baxıb bu yaxınlarda köçəcəyi təzə mənzili ilə müqayisə edəcək, xəyallar quracaq.

Bu gün axşam yəqin ki, ailəli jurnalistlərin evində şirin müzakirələr gedəcək. Hansı otağa hansı mebeli yerləşdirək, mətbəxdə hansı stulları düzək. Bu gün 255 jurnalist bəlkə də uzun illərdən sonra çox rahat yuxuya gedəcək. Zarafat gəlməsin, 255 nəfər prezidentin sərəncamı ilə mənzil ilə təmin edildi.

Görəsən bundan gözəl nə ola bilər? Dövlətin qayğısını hiss etməkdən gözəl bir hiss ola bilərmi? Əgər qələm sahibi dövlətin qayğısını hiss edirsə, qələminə daha həvəslə sarılmayacaqmı? Bəli, bu gün həqiqətən də Azərbaycan mətbuatı dövlətin qayğısını hiss edir.

Amma... Hə, bu işin amması da var. Amması odur ki, provokasiyalar, ürəkbulandıran sözlər, cümlələr, statuslar, ittihamlar da olacaq. Əzizlərim, dünyanın axırı deyil. Unutmayın ki, bizim Azərbaycan kimi dövlətimiz var. Azərbaycan dövlətinin İlham Əliyev kimi prezidenti var. Unutmayın ki, jurnalistlər üçün növbəti bina inşa ediləcək. Əgər bu il 255 qələm sahibinə sevinc bəxş edilibsə, növbəti illərdə bu rəqəm artacaq. Azərbaycan kiçik, lakin qüdrətli dövlətdir. Mətbuatında çalışanların sayı on minlər deyil. Adi məntiqinizi işə salın. Bu layihə bir neçə dəfə təkrarlansa, demək olar ki, mətbuatın çox böyük əksəriyyəti ev ilə təmin ediləcək. Bundan gözəl nə ola bilər? Gəlin bu prosesə dəstək olaq, ev alan qələm sahiblərini, jurnalist dostlarımızı təbrik edək, onlara xeyir-dua verək. Bir həmkarımızın şad günündə necə sevinməmək olar?

Mən bir daha ev alan qələm sahiblərini təbrik edirəm. Xeyirli-uğurlu olsun. Şad günlər keçirəsiniz yeni evlərinizdə. Oğul-uşaq evləndirəsiniz yeni evlərinizdə.

Bir daha təşəkkür edirəm. Təşəkkür edirəm, Azərbaycan! Təşəkkür edirəm, Cənab Prezident!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər