Bəzi ərzaq məhsulları ucuzlaşdı - səbəb

Bəzi ərzaq məhsulları ucuzlaşdı - səbəb

















Ekspert: “Bir sıra məhsullar üzrə qiymətləri idxalçı şirkətlər 1.91 deyil, 1.70-lə hesablamağa başlayıblar”

Son zamanlar bəzi ərzaq məhsullarının qiymətində ucuzlaşma müşahidə edilir. Bunların arasında yerli mövsüm məhsulları ilə yanaşı, xaricdən idxal olunan kənd təsərrüfatı məhsulları və sənaye istehsalı olan məhsullar da var. Azərbaycan ərzaq bazarı üçün sanki bir indiqator sayılan bananın qiyməti son bir həftədə 2.70 manatdan, 1.90-2.2 manata düşüb. Digər məhsullarda da ciddi qiymət azalmaları var. Bəs görəsən, bu ucuzlaşma davamlı olacaqmı? Bu tendensiyanı yaradan səbəblər nələrdir?

“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Vüqar Bayramov da bildirdi ki, xaricdən idxal edilən bir sıra ərzaq məhsullarında ucuzlaşma müşahidə olunur: “Bizim apardığımız monitorinqlər göstərir ki, bunun iki mühüm səbəbi var. Birinci səbəb onunla bağlıdır ki, mövsümi olaraq xaricdə həmin məhsulların qiymətlərində ucuzlaşma qeydə alınır. Təbii ki, nəticə etibarilə onların həm dollar, həm də digər valyutalarla xərcinin azalmasına gətirib çıxarır. Sözsüz ki, dünya bazarında bütövlükdə belə məhsulların qiymətlərinin aşağı düşməsi Azərbaycana idxal edilən ərzaq məhsullarının qiymətinə də təsir göstərir. Bu baxımdan, qiymət azalmaları müşahidə edilir. Nəticədə qiymətlər dünya bazarında nə qədər aşağı düşürsə, bu həmin məhsulları idxal edən ölkələrdə ucuzlaşmaya səbəb olur”.

Ekspertin sözlərinə görə, ikinci bir səbəb manatın məzənnəsi ilə bağlıdır: “Fevral ayında manatın möhkəmlənməsi zamanı iş adamları bildirdilər ki, bu prosesin daha uzunmüddətli olmasına ehtiyac var. İndiki halda məzənnənin qısa müddətdə möhkəmlənməsi onların qiymət siyasətinə yenidən baxmasına təsir göstərməyəcək. Güman olunur ki, artıq 5 aydır manatın məzənnəsində müşahidə olunan stabillik bəzi idxalçı şirkətlərin qiymətlərinə yenidən baxmasını, bəzi məhsullar üzrə qiymətləri yeni məzənnəyə uyğun tənzimləməyə qərar veriblər. Xüsusən də saxlama müddəti olmayan məhsullar üzrə qiymətlərin yeni məzənnəyə uyğunlaşdırılmasını həyata keçiriblər. Manat fevral-mart aylarında möhkəmlənsə belə, idxalçı şirkətlərin əksəriyyəti dolların kursunu 1.90 məzənnəsi ilə məhsulların manat qiymətini müəyyən edirdilər. Artıq 5 aydır ki, manatın kursu eyni intervalda dəyişir. Bu kontekstdən güman olunur ki, bir sıra məhsullar üzrə qiymətləri idxalçı şirkətlər yeni məzənnəni 1.91 deyil, 1.70 məzənnəsinə uyğun olaraq hesablamağa başlayıblar. Bu da həmin məhsulların dəyərinin manat ifadəsində azalmasına və qiymətlərin aşağı düşməsinə gətirib çıxarıb”.

Bu prosesin nə qədər uzunmüddətli olacağına gəlincə, V.Bayramov bildirdi ki, dünya bazarında məhsulların ucuzlaşması mövsümi xarakter daşıyır: “Xüsusən də o ərzaq məhsulları üzrə ki, onları uzun müddət saxlamaq mümkün deyil. Onların istehsalı artıb və nəticədə şirkətlər dünya bazarında qiymətləri endirirlər ki, məhsulları qısa zamanda daha çox sata bilsinlər. Çünki istehsal çoxdur, saxlama müddəti azdır. Bu baxımdan, bəzi məhsullar üzrə qiymət azalmaları mövsümi xarakter daşıyır. Digər bir əsas faktor manatın məzənnəsi olduğu üçün qiymətlərin nə qədər müddətdə ucuzlaşması birbaşa manatın məzənnəsindəki stabilliyin hansı müddəti əhatə etməsindən asılı olacaq. Əgər manat növbəti dövrlərdə də öz stabilliyini qoruyub saxlayarsa, bu zaman artıq bazarda qiymətlərin tənzimlənməsi və stabilləşməsi mümkündür. Manatın məzənnəsində yenidən dəyişikliklər olacaqsa, avtomatik olaraq bazardakı qiymətlərə təsir göstərəcək. O baxımdan, manatın məzənnəsi qiymətlərin məzənnəsində əsas faktor olaraq qalacaq”.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər